01 iyun 2018 14:48
1030

Uşaqların məsum baxışlarına həmişə ehtiyacımız var

Sevinc Abdullayeva: Dörd il ərzində daun sindromlu şəxslərin cəmiyyətdə, həyatımızda önəmli yerini hamıya göstərməyə çalışdıq

Uşaqların məsum baxışlarına, təmiz ruhlarına, zəngin xəyal dünyalarına həmişə ehtiyacımız var

Ötən gün “Qayğı - Sağlam Nəsil Naminə” İctimai Birliyinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı  ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi və Daun sindromlu şəxslərin müxtəlif sahələri əhatə edən fəaliyyətləri barəsində videoçarx nümayiş olunub.

Daha sonra çıxış edən “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin və YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri Sevinc Abdullayeva 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün əhəmiyyətindən danışaraq bu münasibətlə onları təbrik edib.

S.Abdullayeva ölkəmizdə müdafiəyə ehtiyacı olanların arasında daun sindromlu şəxslərin də yer aldığını bildirib: “Fəaliyyət göstərdiyimiz dörd il ərzində daun sindromlu şəxslərin cəmiyyətdə, həyatımızda önəmli yerini hamıya göstərməyə çalışdıq. Onlar burada idman, rəqs, moda və başqa sahələrlə məşğul olurlar. Hazırda isə daun sindromlu şəxslərə yoqa dərsləri keçirik. Onlar bəşəriyyət üçün böyük önəm kəsb edir. Fikrimcə, uşaqların bizim müdafiəmizə, himayəmizə ehtiyacı olduğu kimi, onlar da bizə gərəklidirlər. Onların məsum baxışlarına, utancaq gülüşlərinə, təmiz ruhlarına, zəngin xəyal dünyalarına həmişə ehtiyacımız var”.

Eyni zamanda, bu sindromlu şəxslərə olan münasibətə toxunan S.Abdullayeva onların hər birinin cəmiyyət üçün faydalı fərd olduqlarını, bu amili vurğulamağın vacibliyini qeyd edib: “Gəlin biz eyni səviyyədə onları sevək, onları dəstəkləyək. Onların bəşəriyyət üçün əhəmiyyətini hər fürsətdə vurğulayaq. Onları çox sevək. Sevək ki, sevgi və ümidlə həyata qalib gələk!”

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, parlamentin deputatı Qənirə Paşayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva,  YAP Gənclər Birliyinin sədri Seymur Orucov ölkəmizdə uşaqlara, o cümlədən daun sindromlu və serebral iflicli uşaqlara göstərilən diqqət və qayğıdan bəhs edərək Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin bu sahədən də yan keçmədiyini vurğulayıblar.   

Tədbirin bədii hissəsində Mərkəzdə reabilitasiya olunan şəxslərdən ibarət rəqs qrupu çıxış edib. Eyni zamanda, “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin “Daun sindromlu uşaqlar Disney diyarında” adlı yeni layihəsi ilə bağlı videoçarx nümayiş olunub.

Daha sonra Əməkdar artist Ədalət Şükürov və müğənni Sevda Yəhyayeva uşaqlar üçün ifa ediblər. Ardınca şən klounlar səhnəyə buyurublar.

Sonda uşaqlara hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.  

Qeyd edək ki, Heydər Əliyev  Fondunun təşəbbüsü ilə 2013-cü ildə təsis edilən  “Qayğı - Sağlam Nəsil Naminə” İctimai Birliyinə uşaq serebral iflicindən əziyyət çəkən 3-7 yaşlı uşaqlar üçün nəzərdə tutulan “Qayğı” Uşaq Reabilitasiya Mərkəzi və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi daxildir.

Ceyhun Piriyev, Şəfiqə Dadaşova,
Vüsal Cahanov (foto), “İki sahil”