11 iyul 2020 14:52
690

Azərbaycanın beynəlxalq səviyyəli növbəti uğuru

Aydın Quliyev: “Davamlı inkişaf məqsədləri indeksi”nə görə Azərbaycan regional liderdir"

 

“Azərbaycanın BMT-nin “Davamlı inkişaf hesabatı-2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşması ölkəmizin beynəlxalq aləmdə daha bir uğurundan xəbər verir. Azərbaycanın beynəlxalq hesabatlarda irəliləyişi ölkəmizdə gedən proseslərə tamamilə uyğundur və özündə reallığı əks etdirir. Azərbaycan bu gün dünyanın önəmli beynəlxalq təşkilatlarının – BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər mötəbər təşkilatların üzvü kimi onların işində yaxından iştirak edir. Xüsusilə Azərbaycanın BMT-nin davamlı inkişaf məqsədləri üzrə regional liderə çevrilməsi Prezident İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşür.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Aydın Quliyev söyləyib.

A.Quliyev onu da bildirib ki, bu, Azərbaycanın beynəlxalq səviyyəli növbəti uğurudur: "Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nin mümkün 100 balından 72,6 bal toplayıb. Şərqi Avropa və Mərkəzi Asiya regionunda “davamlı inkişaf məqsədləri indeksi” üzrə orta göstərici 70,9-dur. Hesabata əsasən, Azərbaycanda gündəlik gəliri 3,2 dollardan az olan yoxsul qeydə alınmayıb. Azərbaycanda hər 100 min nəfərə ana və körpə ölümü kimi göstəricilərdə yaxşılaşma olub”.

Politoloq onu da qeyd edib ki, əldə olunan nailiyyətlər ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin nəticələrinə tam uyğundur: “Azərbaycanda aparılan islahatlar, yoxsulluğun aradan qaldırılması, səhiyyə sisteminin müasir standartlara uyğun yenidən qurulması, əhalinin kommunal problemlərinin, o cümlədən içməli su probleminin səmərəli həlli, ölkənin enerji təhlükəsizliyinin təmin olunması, ölkədə mövcud olan təhlükəsizlik, milli həmrəylik mühiti, ümumiyyətlə, son 17 il ərzində Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən də təsdiq olunur. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabətqabiliyyətinin yüksəlməsini təmin edib”.

A.Quliyev vurğulayıb ki, Azərbaycan həm milli səviyyədə dayanıqlı inkişaf problemlərinin həlli istiqamətində lazımlı addımlar ata bilir, həm də qlobal miqyasda da dayanıqlı inkişafın təmin olunmasına layiqli töhfələr verir: “Son olaraq pandemiya ilə mübarizədə Azərbaycanın dünya inteqrasiyasına və dünya dövlətləri arasında əməkdaşlığa verdiyi töhfələr tamamilə təqdirə layiqdir və ölkəmizin böyük gücündən xəbər verir. Bir sözlə Azərbaycanın dünyanın davamlı inkişaf proqramlarında qarşıya qoyulmuş məqsədlərin yerinə yetirilməsində səyləri böyükdür. Ölkəmiz həm də gördüyü işlərlə dünya ölkələri üçün örnək modeldir”.

Nigar Orucova, “İki sahil”