15 iyul 2020 14:58
687

Oruc Qurbanlı: Koronavirusun möhkəmlənməsinə imkan verməyək

“Koronavirus infeksiyasına qarşı mübarizədə Azərbaycanın  nümunəvi model nümayiş etdirməsi beynəlxalq səviyyədə yüksək dəyərləndirilir, əksər ölkələr bu təcrübədən yararlanaraq vəziyyətdən üzüağ çıxmağa  səy göstərirlər.  Cəbhə xəttində baş verən hadisələr, şəhidlərimizin olması hamımızı üzdü. Ordumuz düşmənə layiqli cavab verdi və verməkdə də davam edir. Dövlət başçısının dediyi kimi hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaq. Ordumuza dəstək aksiyasının keçirilməsini, vətəndaşlarımızın vətənpərvərlik hissini anlayıram. Hamımızın şəhidlərimiz üçün ürəyimiz yanır.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında  Sumqayıt şəhər sakini Oruc Qurbanlı deyib.

“Amma unutmayaq ki, bütün dünya kimi, Azərbaycan da koronavuris pandemiyası ilə mübarizə aparır.  Onsuz da son vaxtlar ölkəmizdə yoluxma sayı 500-dən aşağı olmur. Dövlət vətəndaşların sağlamlığını, təhlükəsizliyini düşünərək sərt karantin rejimi tətbiq edir, virusun yayılmasının təmin edən kütləvi tədbirlərə məhdudiyyət tətbiq edir. Amma biz gördük ki,  dünən gecə baş verən aksiyada minlərlə vətəndaş heç bir sosial məsafə gözləmədən, maska taxmadan iştirak etdi. Bu isə virusun daha geniş yayılması, insanların həyatının təhlükə  altına atılması deməkdir. Sosial məsafənin gözlənilməsinin virusdan qorunmada bu qədər vacib olduğu bir halda ona əməl olunmaması, kütləvi aksiya, sıx təmas yaxın günlərdə yoluxma sayında özünü göstərəndə hamımız üzüləcəyik. Bu, özümüzün, yaxınlarımızın sağlamlığının təhlükəyə atılmasıdır. Xahiş edirəm virusun daha da yayılmasına imkan verməyək. “

Orxan Vahidoğlu, "İki sahil"