02 avqust 2020 19:13
1307

Sosial şəbəkələr və qanunvericiliyimizdəki boşluqlar

Sosial şəbəkələrdə dövlətimizə qarşı böhtan xarakterli məlumatlar yayılması ciddi narahatlıq doğurur

Hər bir dövlətin təhlükəsizliyinin təminatının ən vacib istiqamətlərindən biri, bəlkə də birincisi informasiya təhlükəsizliyidir. Dövlətin və millətin inkişafı açıqlığı, əməkdaşlığı, müasirliyi, yeni texnologiyaların tətbiqini tələb edirsə, təhlükəsizliyin təmin edilməsi daha çox mövcud şəraitə uyğun davranılan mühafizəkarlıqla mümkündür. Əgər mühafizəkarlıq və yeni texnologiyaların tətbiqində “qızıl orta” tapılmazsa, informasiya təhlükəsizliyi həm klassik, həm də müasir anlamda etibarlı təmin olunmazsa, ağır nəticələrə gətirə bilər. Bu baxımdan xaricdə yaşayan bəzi şəxslərin sosial şəbəkələr vasitəsilə dövlətimizə, ordumuza, polisimizə, xüsusi xidmət orqanlarımıza, dövlət adamlarımıza qarşı qarayaxma, böhtan və təhqirlər yağdırmaları təhdidedici olmaqla yanaşı, ciddi narahatlıq doğurur. Ərazilərimizin bir hissəsini işğal altında saxlayan ümumi düşmənimiz təcavüzkar Ermənistan olsa da, belə şəxslərin fəaliyyəti Azərbaycan dövləti əleyhinə yönəldiyindən onların işğalçı ölkə ilə eyni cərgədə yer aldıqları şəksizdir.

Bu sözləri müsahibəsində Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

Professor bildirib: “Çoxlu suallar yaranır, məqsəd nədir? Məqsəd aydındır: millət və dövlət arasında uçurum yaratmaq, dövləti zəiflətmək, ölkəni xaos və anarxiyaya sürükləmək. Bəs internet telekanallarını açaraq hədyanlar söyləyən şəxslər lazımi vəsaiti haradan alırlar? Burada da məncə, cavab birmənalıdır: Azərbaycanı zəif, məğlub vəziyyətdə görmək istəyən dairələrdən və dövlətlərdən, anti-Azərbaycan qruplardan, bilavasitə erməni diasporundan və ya onların maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarından. Belə fəaliyyətlərin yalnız bir adı var: Vətənə xəyanət! Fikrimcə, bəlkə də bütün digər cinayətlərə görə verilən cəzaları yungülləşdirmək olar, ancaq Vətənə və dövlətə xəyanət bağışlanmamalı, qanunlar çərçivəsində ən sərt şəkildə cəzalandırılmalıdır ki, digərlərinə də dərs olsun”.

Sosial şəbəkələrdə belə meyillərin getdikcə artmasını bəzilərinin yanlışlıqla “demokratiya” kimi başa düşdüklərini təəssüf hissi ilə vurğulayan Musa Qasımlı bildirib: “Həmin fikirlərlə qətiyyən razılaşmaq olmaz, çünki demokratiya anarxiya, xaos, başıpozuqluq deyil, qanunun aliliyi və qanun qarşısında hamının bərabər olmasıdır. Axı, mövcud dövlət quruluşunu devirmək, əhalini itaətsizliyə və zorakılığa təhrik etmək çağırışları, dövlət adamlarına böhtan atmaq nə vaxtdan demokratiya olub? Bütün bunlar dövlət əleyhinə cinayət əməlləri təşkil edir və əgər vaxtında tədbirlər görülməsə, biz bir neçə ildən sonra ölkəmizdə beyinləri yuyulmuş antimilli, kosmopolit bir kütlənin mövcudluğu ilə üz-üzə qala bilərik. Nəticədə millətimizin müqavimət gücü azala və dövlətimiz zəifləyə bilər. Beləliklə, cəmiyyətin sifarişinə çevrildiyindən sosial şəbəkələrə dair müvafiq qanunun qəbul edilməsi zəruridir. Bu məsələdə Almaniya, Türkiyə, ABŞ və Fransanın təcrübəsindən istifadə etmək olar. Birdəfəlik başa düşülməlidir ki, ölkəmizin və millətimizin tərəqqisi yalnız güclü Azərbaycan dövləti ilə bağlıdır”.