06 avqust 2020 18:20
937

Dövlət büdcəsinə dəyişikliklər hansı zərurətdən yaranıb?

Xəbər verildiyi kimi, Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklər birinci və ikinci oxunuşda qəbul edilib. Dəyişikliklərə əsasən, 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat  məbləğində olacaq. Buna qədər isə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanuna əsasən, dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon 500 min manat, xərcləri 26 milyard 894 milyon 700 min manat  məbləğində təsdiq edilmişdi. Nəticədə yenidən baxılma ilə təsdiq olunmuş dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat məbləğində azaldılır, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti və dövlət büdcəsinin sair daxilolmaları müvafiq olaraq 850 milyon manat və 30 milyon manat artırılır.

Xatırladaq ki, Maliyyə naziri Samir Şərifov Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında pandemiyanın iqtisadiyyata mənfi təsirlərini və bu proses hansı müddətə qədər davam edəcəyinin qeyri-müəyyən olmasını əsas gətirərək vergi, gömrük orqanları vasitəsilə büdcəyə daxilolmaların proqnozdan artıq icra edilməsi nəticəsində formalaşan ehtiyatın ilin sonuna kimi xərclər və gəlirlər arasında gözlənilən natarazlığın aradan qaldırılması üçün kifayət etməyəcəyini, bu baxımdan büdcəyə yenidən baxılaraq düzəlişlər olunmasının məqsədəuyğunluğunu bildirmişdi. Prezident İlham Əliyev isə sözügedən iclasda neftin qiymətindən asılı olmayaraq dövlət büdcəsinin tam icra edilməsinin mümkünlüyünü bildirsə də, əsaslandırmanı nəzərə almaqla dürüstləşməni də istisna etməmişdi. Baxmayaraq ki, ilk 5 ayda Dövlət Neft Fondunun vaxtından tez ödənilmiş köçürmələri istisna olmaqla dövlət büdcəsində 500 milyon manatlıq profisiti Maliyyə naziri “kifayət qədər yaxşı yastıq” adlandırmışdı. Hərçənd ki,  hələ birinci rübdə  dövlət büdcəsinin profisiti Dövlət Neft Fondunun vaxtından əvvəl köçürmələri nəzərə alınmadan 762,6 milyon manat olmuşdu. İkinci rübdə isə bu göstərici 2,6 dəfədən çox azalıb. Başqa sözlə, büdcədəki azalmaqda olan profisitin xərclər və gəlirlər arasında sonrakı müddətdə gözlənilən natarazlığın aradan qaldırılması üçün yetərli olmayacağı ikinci rübdən məlum idi.

Söhbət ondan gedir ki, pandemiyanın məlum təsirləri vergi və gömrük orqanlarının xətti ilə büdcəyə daxilolmalar üzrə illik proqnozu tam yerinə yetirməyə imkan vermir. Nəticədə dəyişikliklərlə büdcəyə illik daxil olma proqnozu Dövlət Vergi Xidməti üzrə 8,7 faiz, Dövlət Gömrük Komitəsi üzrə 4,3 faiz, büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları üzrə 4,2 faiz azalacaq. Lakin Dövlət Neft Fondundan nəzərdə tutulan transfertin 7,5 faiz artırılması hesabına büdcənin ümumi gəlirlərində azalma 0,04 faiz olacaq.     

Digər tərəfdən, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması, pandemiyanın yaratdığı keyfiyyətcə yeni sosial və iqtisadi davranış mühitinin xüsusiyyətləri, əhalinin həssas sosial qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət tərəfindən əlavə dəstəyinin göstərilməsi, səhiyyə sahəsi üzrə əlavə tələbatın və digər dövlət ehtiyaclarının yaranması dövlət büdcəsində əlavə maliyyə təminatının yaradılmasını zəruri edir. Bütövlükdə əlavə tələb olunan zəruri xərclər 1 milyard 371,5 milyon manata bərabərdir. Bunun müqabilində 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27 milyard 492,2 milyon manat təşkil edəcəkdir ki, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 597,5 milyon manat və ya 2,2 faiz çoxdur. Bir sözlə, büdcənin gəlirlərinin cüzi də olsa azalması fonunda xərclərin artması xərclərin təyinatının dəyişdirilməsi və ixtisarından, eyni zamanda, büdcə kəsirinin artmasından  xəbər verir.   

Məsələ burasındadır ki, 2020-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin xərclərinin 18 milyard 46,9 milyon manatı və ya 65,6 faizi cari xərclərə yönəldiləcəkdir ki, bu da təsdiq olunmuş proqnoza nisbətən 790,5 milyon manat və ya 4,6 faiz çoxdur. Həmçinin 7 milyard 719,1 milyon manatı və ya 28,1 faizi əsaslı xərclərə yönəldiləcəkdir ki, bu da təsdiq olunmuş proqnoza nisbətən 91 milyon manat və ya 1,2 faiz, 1 milyard 726,2 milyon manatı və ya 6,3 faizi isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldiləcək ki, bu da təsdiq olunmuş proqnoza nisbətən 102 milyon manat və ya 5,6 faiz azdır. Bununla da cari xərclərin xüsusi çəkisi təsdiq olunmuş göstəriciyə nisbətən 1,5 faiz-bənd artacaq, əsaslı xərclərin xüsusi çəkisi 1 faiz-bənd və dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərin xüsusi çəkisi isə 0,5 faiz-bənd azalacaq.

Nəticədə dürüstləşdirilmiş büdcənin gəlirlərinin 10,5 milyon manat və ya 0,04 faiz azalacağını,  xərclərinin isə 597,5 milyon manat artacağını nəzər alanda, bu, büdcə kəsirinin də 608 milyon manat və ya 22 faiz artacağı deməkdir.    

Ceyhun Piriyev, “İki sahil”