07 avqust 2020 17:16
1321

Əfsanəvi İrəvan qalasının süqutunun sirri

Ta qədimdən bu günə  kimi  deyirlər ki, sevgi möcüzələr, böyük xarüqələr yaratmağa qadirdir. Eşqin gücü, məhəbbətin qüdrəti sayəsində dağlar çapılıb, insanlar azadlıq, millətlər müstəqillik qazanıb...                                

Spartak, İmam Hüseyn, Babək, Xətai, Janna Dark, Şeyx Şamil tarixin yaddaşına sevgidən yaranan şücaətlə qəhrəmanlıq səhifələri yazıblar. Məğlubiyyətləri belə onlara ecazkar qüvvə verən eşqin, ilahi sevginin üzərinə kölgə sala bilməyib. Belə eşqə, məhəbbətə Tanrı vergisi də deyirlər.

İrəvan qalası da eşqin gücü, Vətənə tükənməz sevginin qüdrəti  ilə 1504-cü ildə Səfəvi hökmdarı I Şah İsmayılın tapşırığı ilə vəziri Rəvanqulu xan tərəfindən Çuxursəd bəylərbəyliyində, Zəngi çayının sahilində inşa edilmişdi. Qalanın üç girişi - şimal səmtində Şirvan darvazası və Körpü qapısı, güneydə isə Təbriz darvazası vardı. Səfəvilər dövlətinin sərhədlərini xarici basqınlardan qorumalı olan qala onu tikdirənin adı ilə tanınmış, “Rəvan” sözü dialektdə “İrəvan” kimi işlədilmişdir. Bu gün də Azərbaycanın müxtəlif bölgələrində yaşlı adamlar Rəhimə İrəhim, Rəşidə İrəşid, Rəhmana İrəhman, Rəvana İrəvan deyirlər.

Yazılı mənbələrdən aydın olur ki, qara camaatın yeni tikilmiş qalaya  İrəvan qalası deməsi Şah İsmayıla  xoş gəlib və belə deyib: “İrəvan qalası İran və Turan məmləkətlərinin əbrusudu (qaşıdı), Naxçıvan və Şirvanın qapısı, Azərbaycan mülkünün gözüdür.”

XVII əsrin 40-cı illərində Cənubi Qafqazda səfərdə olan məşhur türk səyyahı və tarixçisi Övliya Çələbi də “Səyahətnamə” əsərində İrəvan qalasının “Hicri 915 - ci ildə (miladı 1510-1511) Şah İsmayıl Səfəvinin  tapşırığı ilə” tikildiyindən və  inşasının yeddi ildən sonra  başa çatdığından bəhs edir.  On yeddi bürcü olan qala hündürlüyü on – on iki  metrə çatan ikiqat divarla hörülmüşdür. Səfəvi-Qızılbaş dövlətinin Çüxürsəd bəylərbəyliyində yaşayan əhalinin hamısı müsəlman olduğunu nəzərə alınaraq qalanın iç ərazisində səkkiz məscid  tikilmişdi ki, bu da  o zaman  üçün hər yüz evə bir məscid demək idi. Ən möhtəşəm məscid isə Sərdar sarayının yaxınlığında əsası I Şah Abbasın hakimiyyəti dövründə (1587 – 1629) qoyulmuş Şah Abbas məscidi (Cümə məscidi) olmuşdu.

1673-cü ildə İrəvanda olmuş fransız səyyahı və kolleksioneri Jan Şarden  İrəvan qalasını müstəqil şəhərə bənzətmişdi: “Qala kiçik bir şəhərdən böyükdür. O, oval formadadır,  təxminən səkkiz yüz evdən ibarətdir. Orada ancaq təmizqanlı səfəvilər yaşayırlar... Qalanın müdafiəsi üçün üç min əsgər ayrılmışdır. Hakimin sarayı qalanın içərisindədir...” Ermənilər isə qalaya gündüzlər ticarət məqsədiylə gəlir, gecələr isə onu tərk edirdilər. (F. Əliyev, U. Həsənov, İrəvan xanlığı, Bakı, 1997, səh 193.)

İstər Səfəvilərin, istər Nadir şahın, istər Qacarların, istərsə də Osmanlıların hakimiyyəti dövründə İrəvan hakimlərinin, bəylərbəylərinin və xanlarının iqamətgahı İrəvan qalasında yerləşirdi.

İrəvan qalası Səfəvilərlə Osmanlılar arasında gedən müharibələrdə 14 dəfə əldən-ələ keçmişdir. Lakin Səfəvilər imperiyası ərazisində erməni monarxiyası yaradılması üçün İsrael Ori adında erməni Eçmiədzin kilsəsinin proqramını artıq  1701-ci ildə çar I Pyotra təqdim etməyə  nail olmuşdu.

 1722-ci ildə I Pyotrun Səfəvilər dövləti üzərinə yürüşə başlaması, Dərbəndi, Bakını, Rəşti ələ keçirməsi Osmanlı dövlətini qabaqlayıcı tədbirlər görməyə vadar edirdi. 1723-cü ildə Osmanlı qoşunları Tiflisi, bir il sonra isə böyük itkilər hesabına olsa da İrəvanı ələ keçirmişdi. Türk qoşunlarının komandanı Rəcəb Paşa İrəvan qalasının divarlarını daha da möhkəmləndirmiş, qalanın içərisində məscid inşa etdirmişdi.

Təqribən 11 ildən sonra İrəvan qalasını Nadir şah osmanlılardan azad etmişdir. 1747-cildə Nadir şahın öldürülməsindən sonra İrəvan xanlığı müstəqillik qazanır. Xanlıqlar arasında ixtilaflar və çəkişmələr olsa da, İrəvan xanlığı əsasən öz müstəqilliyini uzun müddət qoruyub saxlaya bilmişdi.

 Lakin Hindistanda,  Həştərxanda, Moskvada  yaşayan  bir neçə varlı erməni Rusiya hökumətinin nümayəndələrinə Osmanlı Türkiyəsi ilə İran sərhədlərinin kəsişdiyi ərazilərdə müstəqil  “erməni çarlığı” yaratmaq  barədə proqram təqdim edirlər.

Bu  barədə rus ədəbiyyatında tarixi əsərlər  müəllifi  tanınan Valentin Pikul “Favorit” roman-xronikasında qraf Qriqori Potyomkinlə II Yekaterina arasında  ermənilərin  yoxdan  dövlət  yaratmaq  niyyətindən bəhs edən  dialoqu var.  Potyomkin deyir ki, ermənilər özlərinə paytaxt kimi, İrəvanı bəyəniblər. II Yekaterina “Ermənilərin ölkəsi yoxdur, təkcə paytaxtla nə olar?”  Potyomkin cavab verir: “İndi yoxdur, bizdən sonra olacaq.”

Rusiyanın Cənubi Qafqaz siyasəti Osmanlı Türkiyəsini ciddi narahat edirdi.  Osmanlı sultanı Azərbaycan xanlıqlarını Rusiya əleyhinə birləşdirmək niyyətində idi.  Digər tərəfdən Cənubi Azərbaycan xanlıqlarını özünə tabe edən Ağa Məhəmməd xanın Səfəvilər imperiyasını bərpa etmək niyyəti  ilə  1795-ci ildə Cənubi Qafqaza yürüşü  Rusiyanın Cənubi Qafqazı ələ keçirmək planlarını pozurdu. 1796-cı ilin aprelində rus qoşunları general V. Zubovun komandanlığı altında Cənubi Qafqaza hücum etdi. Rus qoşunları qısa müddətdə Dərbəndi, Şamaxını, Gəncəni, Bakını zəbt etdi. Lakin həmin ilin noyabrında II Yekaterinanın ölümündən sonra rus qoşunlarının yürüşü dayandırıldı və qoşunlar geri çəkildi.

XIX əsrin əvvəllərində Rusiya Cənubi Qafqazda möhkəmlənmək üçün yenidən  hərbi əməliyyatlara başladı. 1804-cü ilin yanvarında Gəncə xanlığının işğalından sonra növbəti hədəf İrəvan xanlığı idi.  Rus qoşunlarının İrəvan xanlığına hücumu ərəfəsində İrəvan xanı Məhəmməd xan qalanı daha da möhkəmləndirmək üçün ciddi tədbirlər həyata keçirir. Qalanın müdafiəçilərinin sayı 7 min döyüşçüyə, qala bürclərindəki toplar isə 22-yə çatdırılır. Rus  ordusunun İrəvan qalasını uzun müddət mühasirədə saxlamaq cəhdləri  nəticə vermir. Mühasirədə qalan İrəvan qalasına Naxçıvan xanı Kəlbəli xan köməyə gəlir. General Pavel Sisianovun başçılıq etdiyi Rusiya ordusunu məğlub edərək geri çəkilməyə məcbur edir. İki il sonra- 1806-cı ilin iyulunda Qafqazdakı rus qoşunlarına baş komandan təyin edilən general-feldmarşal İvan Qudoviçin qarşısında İrəvan xanlığının işğal edilməsi tələbi qoyulur. Hüseynqulu xan Qacar isə İrəvan qalasını  fransız mühəndislərinin iştirakı ilə daha da möhkəmləndirir.

 İ.Qudoviç xatirələrində yazırdı ki, İrəvan qalası bütün Avropa hərb qaydaları əsasında möhkəmləndirilib, iki divarla əhatələnib. Divarlarının qarşısında xəndəklər qazılıb, torpaq təpələr yaradılıb və üzərində də toplar düzülüb...

 Rus qoşunlarının qala üzərinə ikinci hücumu 1808-ci ilin sentyabrında olur. Üçkilsə (Eçmiədzin) monastırı ələ keçəndən sonra ruslar İrəvan ətrafında düşərgə salır. Bu dəfə də rus qoşunları İrəvan qalasını ələ keçirə bilmir. İrəvan xanı Hüseynqulu xanla  qardaşı Həsən xanın  sərkərdəlik məharəti, xalqı yadelli işğalçılara qarşı səfərbər etmək bacarığı sayəsində Rusiya ordusu bu dəfə də məğlub edilir. Bu qələbələrdən sonra qala əhalisi 20 ilə yaxın müddətdə müharibəsiz həyat sürür.

 Lakin  1827-ci ilin yazı rus qoşunları İrəvan üzərinə yenidən yürüşə hazırlaşır. Çar I Nikolay aprelin 1-nə kimi İrəvan xanlığı üzərinə yürüş etməyi Yermolova tapşırmışdı. İmperatorun 27 mart tarixli əmri ilə Yermolovun yerinə general İvan Paskeviç təyin edildi. Martın 30-da Tiflisdə rus qoşunlarının tərkibində İrəvan xanlığının üzərinə hücumda iştirak etmək üçün hazırlanan erməni könüllü dəstələrinin paradı keçirildi. İyunun 1-də Tiflisdən 5 minə yaxın piyada, 800 süvari, 3 min qeyri-nizami atlı dəstəsi və 26 topla yola düşən Paskeviç iyunun 8-də Üçkilsəyə çatmışdı. Çox çəkmir ki, erməni xəyanəti və satqınlığı rus ordusunun karına  gəlir. Ermənilər rus hərbçilərinə bələdçilik edir, qalanın zəif müdafiə olunan yerlərini onlara nişan verirlər. 1827-ci ilin 1 oktyabrında qalanın cənub-qərb qülləsi, sonra isə qalanın şimal darvazası dağıdılır.  Çar Rusiyasının İvan Paskeviçin rəhbərlik etdiyi qoşunu   qalaya soxulur. Azğınlaşmış rus  qoşunu qırğına başlayır.  Qırğında onlara qoşulan ermənilər xan sarayına daxil olaraq burada olan qiymətli əşyaları çapıb talayırdılar. Lakin Paskeviç  talançılığı dayandırdı. Beləliklə, “alınmaz qala” adlandırılan İrəvan qalası rus döyüşçülərinin fasilələrlə 23 il apardıqları müharibələr nəticəsində süqut etdi.

 İrəvan qalasının işğal edilməsi şərəfinə 1827 –ci ilin  8 noyabrında Sankt-Peterburqdakı Qış sarayının kilsəsində I Nikolayın iştirakı ilə dua mərasimi keçirilmişdi. İrəvan xanının qardaşı Həsən xanın hazırda Kremlin “Silahlar Palatası”nda saxlanılan qılıncı çara təqdim edilir. , İrəvan qalasının açarları və qənimət götürülmüş 4 bayraq təntənəli surətdə paytaxt küçələrində gəzdirilir.

İrəvan qalasını zəbt edən general İ. Paskeviçin titullarına isə “İrəvan qrafı” titulu da əlavə edilir.  (Necə ki,  ötən əsrin sonunda SSRİ-nin sonuncu fironu  Qarboçov hökuməti Arkadi Volskikiyə Qarabağda “sülh yaratmaq” missiyasına görə  “Yeravanski” titulu qazandırdı).

Qalanın işğalından dərhal sonra, ilk olaraq 1725-ci ildə Osmanlı sərkərdəsi Rəcəb paşa tərəfindən inşa etdirilmiş məscidin günbəzindəki ayparanı çıxararaq onun yerinə xaç asmış, minarəsində isə kilsə zəngi quraşdıraraq pravoslav kilsəsinə çevirmişdilər. Qaladakı Sərdar məscidini rus qoşunlarının arsenalına çevirmiş, xanın hərəmxanasını isə hospital etmişdilər.

Rusiya çarı I Nikolay Şimali Azərbaycan xanlıqlarının sonuncu istehkamı olan əfsanəvi İrəvan qalasını görmək arzusu ilə 1837-ci ildə İrəvana gəlir. Xan sarayında qalan  Rusiya  çarı şəhərin müxtəlif təbəqələrinin nümayəndələrini qəbul edir. İmperator buyruğu ilə arxiyepiskop Nerses İrəvan xanlığının işğalı zamanı xidmətlərinə görə Müqəddəs Aleksandr Nevski ordeni ilə təltif edilir.

Yeri gəlmişkən,  bir faktı da qeyd edək  ki.  İrəvan adı XX əsrin ortalarına kimi deyildiyi kimi də yazılırdı. Yalnız 1936-cı ildə  Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə İrəvanın adı dəyişdirilərək Yerevanla əvəz olunmuşdur.

 İrəvan qalası  isə bu gün Ermənistan Respublikası adlanan tarixi Azərbaycan torpağında qalaraq dağıdılan yüzlərlə tarixi-memarlıq abidələrimizdən biridir. Buna baxmayaraq işğalçı Ermənistanın rəhbərləri “Irəvan qalası” adı altında yeni layihə həyata keçirmək fikrinə düşüblər. Tarixçilərin yozumuna görə bu məsələdə erməni rəsmiləri üç əsas məqsəd güdürlər. Birincisi, xaricdən gələn qonaqlara “qədim İrəvandan” kiçik bir nümunə göstərmək imkanı əldə edir, ikincisi, ermənilərin Şərq mədəniyyətinə, müsəlmanların irsinə tolerant münasibət göstərdiklərini nümayiş etdirmək şansı qazanır, üçüncüsü isə yeni “Irəvan qalası”nda XVII-XVIII əsrlər memarlığı üslubunda inşa edilməsi nəzərdə tutulan “Sədar sarayı”ndan, ticarət obyektlərindən, bazarlardan, karvansaralardan, Şərq hamamlarından külli miqdarda gəlir əldə etmək istəyirlər. layihənin ilkin smeta dəyəri 6-7 milyard ABŞ dolları civarındadır. Moskva şəhərinin keçmiş meri Yuri Lujkovun İrəvana 2010-cu ildə səfəri zamanı erməni rəsmibri onu şirnikləndirərək ‘İrəvan qalası” layihəsinin maliyyələşdirilməsi məsələsini merin və onun biznes ortaqlarının üzərinə qoymaq üçün onun razılığını almışdılar. Lakin Y. Lujkov Moskvanın meri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra “İrəvan qalası” layihəsinin icrası yeni sponsor tapılanadək təxirə salınıb.

Artıq  200 ilə yaxındır  ki, Azərbaycan torpaları ilhaq oluna-oluna bu günə gəlib çatdığını Vətən  tarixindən hamımız bilir və indi də erməni faşizminin 30 illik işğalına şahid oluruq...  Kim bilir,  bəlkə elə düşmən təcavüzünə məruz qalmağımızın  bir səbəbi  də İrəvan qalası  kimi  əfsənəvi istehkamların süqutundan  başlanıb?  Düşünürsən ki,

Azərbaycan  bu qədər dərdlərə, bu qədər itkilərə, bu qədər faciələrə  necə dözüb? Fəqət  kiçilib-daralan, bölünüb-parçalanan təkcə Vətənimizn torpaqları deyil, həm də bizim içimizdə  qövr  edən  keçmişin xatirələridir. Qərbi Azərbaycanda itirilmiş torpaqların kədərini  və yaddaşımızı  oyaq saxlamadan ötəri indiki və gələcək nəslin İrəvan qalasını  xatırlamasına həmişə ehtiyac var. Keçmişi yada salmağın, xatırlamağın, qələmə almağın qaşısında  erməni zorakılığı gücsüzdür.

Nurəddin Muğanlı, “İki sahil”