12 avqust 2020 18:52
5312

Tariximizi və mədəniyyətimizi yeni çalarlarla zənginləşdirmək missiyasının  fədakar daşıyıcısı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın UNESCO-nun xoşməramlı səfiri adına layiq görülməsindən 16 il ötür 

 

Dünyada siyasi olimpin zirvəsində qərar tutan qadınların sayı az deyil. Bu sırada bir zamanlar “dəmir ledi” kimi tanınan Böyük Britaniyanın baş naziri  Marqaret Tetçerin, Hindistanın baş naziri İndira Qandinin,  Pakistanın baş naziri Bənəzir Bhuttonun və digərlərinin adlarını çəkmək olar. Son illər bu siyahıya Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adı da əlavə olunub. Mehriban xanım Əliyevanın nəcib əməllərinə görə beynəlxalq aləmdə layiq görüldüyü mükafatları, fəxri adları, təltifləri dediklərimizin əyani sübutu kimi göstərmək olar. Məsələn, o, Fransa dövlətinin “Şərəf Legionu” ordeninə, UNESCO-nun “Qızıl Motsart” medalına, eyni zamanda, Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeninə, Rusiyanın  “Müqəddəs Mələksima Knyaginya Olqa”, eləcə də “Dostluq” ordenlərinə, İtaliyanın “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeninə  və s. layiq görülüb. Bu faktları dünya arenasında Mehriban xanım Əliyevaya olan məhəbbətin təzahürü kimi dəyərləndirmək olar.  

Qeyd edək ki, tarix boyu ölkəmizi beynəlxalq aləmdə Mehriban xanım Əliyeva qədər şərəfləndirmək  digər Azərbaycan qadınına nəsib olmayıb.

Bəli, təşəbbüskarlığı, yaradıcı fəaliyyəti, diplomatik və natiqlik qabiliyyəti ilə seçilən, üzərinə  düşən məsuliyyətin ciddiliyini tam şəkildə dərk edən, məqsədyönlü fəaliyyəti ilə respublikamızı sivilizasiyalararası dialoq mərkəzinə çevirən, xalqımızın böyük rəğbət və sevgisini qazanan, Prezident İlham Əliyevin yürütdüyü siyasətin dünya səviyyəsində reallaşmasında mühüm rol oynayan Mehriban xanım Əliyeva bu gün dünyanın yetkin siyasi xadimlərindən biridir.

Mehriban xanım Əliyevanın təhsilimizin, səhiyyəmizin, mədəniyyətimizin, idmanımızın inkişafında, Azərbaycan həqiqətlərinin, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gerçəkliklərin beynəlxalq aləmə çatdırılmasında, milli-mənəvi dəyərlərimizin qorunmasında, yaşadığımız qloballaşma dövründə mədəniyyətimizin dünya xalqlarının mədəniyyətlərinə inteqrasiya olunmasında gördüyü işlərin miqyası o qədər genişdir ki, onları  bir qəzet yazısına yerləşdirmək  qeyri-mümkündür.

Mehriban xanım Əliyeva 2004-cü il avqustun 13-də ölkəmizin şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə, UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Onu da qeyd edək ki, Mehriban xanım Əliyeva türkdilli dövlətlərin bu yüksək ada layiq görülən ilk qadın təmsilçisidir.

Bəli, məhz onun gördüyü işlər UNESCO-nu Azərbaycana daha da doğmalaşdırıb. Yeri gəlmişkən, UNESCO-nun sabiq Baş direktoru Koişiro Matsuura əbəs yerə demirdi ki, "Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində Azərbaycanla UNESCO arasında sıx əməkdaşlıq yaranmışdır."

Şübhəsiz, öz mədəni abidələrini, mənəvi irsini qoruyub saxlamaq Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi çox böyük işlərə imza atıb. Məhz onun bilavasitə təşəbbüsü və cəhdləri sayəsində respublikamızın mənəvi inciləri hesab edilən mədəniyyət abidələri və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun dünya irs siyahılarında öz layiqli yerlərini  tutub. Belə ki, Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə İçərişəhər, Qobustan qayaüstü rəsmləri, eləcə də Şəki şəhərinin tarixi mərkəzi Şəki Xan sarayı ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına salınıb.

Mehriban xanım Əliyeva hazırda da bu istiqamətdə işlərini davam etdirir. Bu isə o deməkdir ki, birinci xanım  yaxın illərdə ölkəmizin mədəni irsinin təqbliğinə daha böyük töhfələr verəcəkdir. Yəni Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Naxçıvandakı “Möminə Xatun Türbəsi”ni, Suraxanıdakı “Atəşgah”ı, eləcə də işğal altında olan Dağlıq Qarabağ torpaqlarında yerləşən “Yuxarı Gövhər Ağa” məscidini, “Qarabağ Xan Sarayı”nı və s. kimi böyük memarlıq abidələrini də UNESCO-nun dünya  siyahılarında görə biləcəyik.

Mehriban xanım Əliyevanın bu təşkilatda Azərbaycan naminə gördüyü işlər sadaladıqlarımızla məhdudlaşmır. Belə ki, onun dəstəyi ilə “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli mədəniyyət nümunəsi ilə yanaşı,  kamançanın hazırlanması və ifaçılıq sənəti, dolma, lavaş hazırlama və paylaşma ənənələri, Azərbaycan muğam ifaçılığı, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin Qarabağın Çövkən ənənəvi atüstü oyunu və “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” bu təşkilatın təcili qorunmaya ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısında yer almışdır.

Bu yerdə bir məsələni də vurğulamaq yerinə düşərdi. Belə ki, məlum olduğu kimi, ermənilər tarix boyu təkcə ərazilərimizə qarşı deyil,  mədəniyyətimizlə, tariximizlə, hətta mətbəximizlə bağlı iddialarla da çıxış etməkdədirlər. Məsələn, onlar Azərbaycanın milli mətbəxinə aid olan bəzi yeməkləri - lavaşı, dolmanı özününküləşdirməyə, hətta öz milli yeməkləri kimi UNESCO-nun siyahısına saldırmağa çalışırdılar. Lakin Mehriban xanım Əliyevanın apardığı davamlı mübarizə nəticəsində onlar istəklərinə nail ola bilmədilər. Yeri gəlmişkən, işğalçı ölkənin “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiyasına qarşı təxribat xarakterli cəhdlərinin də qarşısını alan məhz Mehriban xanım Əliyeva olub.

Bütün bunları dərindən analiz edəndə belə bir qərara gəlmək mümkündür:  Mehriban xanım Əliyeva bu beynəlxalq qurumda zəngin irsimizi təbliğ etmək, onun bəşəri mahiyyətini dünyaya göstərmək, gənclər və gələcək nəsillər üçün qoruyub saxlamaq, ən əsası öz işi ilə tariximizi və mədəniyyətimizi yeni çalarlarla zənginləşdirmək missiyasının ən fəal, həm də fədakar daşıyıcısıdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”