13 avqust 2020 18:33
1230

Azərbaycan dövlətinin qüdrəti xalqla iqtidarın sarsılmaz birliyindədir

Bu gün Azərbaycan dövləti COVID-19 pandemiyasına qarşı ən təkmil mübarizə vasitələrindən istifadə edir. Xüsusilə ixtisaslaşmış xəstəxanaların ən müasir tibbi avadanlıqlarla təchizatı və yeni modul tibli xəstəxanaların inşası bu bəşəri bəlaya qarşı mübarizədə əsas faktordur. Eyni zamanda Azərbaycan hökuməti bu gün var gücü ilə çalışır ki, koronavirus bəlası insanlarımızın sağlamlığına, iqtisadiyyatımıza böyük zərbələr vurmasın. Altı aya yaxın dövr ərzində görülən tədbirlər də bu məqsədə xidmət edir. Dövlətimizin başçısı İlham Əliyevin videoformat şəklində keçirdiyi son müşavirədə qeyd etdiyi kimi, ötən dövrdə təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edilib. Aprel-may aylarında 600 min, iyun ayında isə 290 min insana birdəfəlik yardım verilib. Pandemiyaya qarşı mübarizə tədbirlərinə başlandığı gündən dövlətimizin başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamına uyğun olaraq sosial dəstək və məşğulluq tədbirlərinin həyata keçirilməsi davamlılığı ilə diqqət çəkir. Dövlətimiz atdığı addımları ilə hər zaman vətəndaşının yanında olduğunu təsdiqləyir. Bir sözlə, insan amili dövlət siyasətinin ana xəttini təşkil edir.

Cənab İlham Əliyev son müşavirədə insanların sağlamlığının və sosial müdafiəsinin gücləndirilməsinin prioritet olduğunu önə çəkərək bu məqamı xüsusi qeyd etmişdir ki, bu iki vəzifəni yerinə yetirmək üçün iqtisadiyyatın dayanıqlılığının təmin olunması vacibdir. Bununla bağlı aidiyyəti qurumlara, dövlət şirkətlərinə və müəssisələrə tapşırıqlarını verdi. Dövlətimizin başçısı İlham

Əliyevin 7 avqust 2020-ci il tarixli «Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında» Fərmanında da məqsəd dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılmasıdır.

Göründüyü kimi, dövlətimizin başçısı İlham Əliyev ən çətin anlarda belə kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlayır. Zamanın, dövrün tələblərinə uyğun olaraq idarəçilik sistemində təkmilləşmə davamlı inkişafı şərtləndirir ki, Azərbaycan İnvestisiya Holdinqinin yaradılması da bu istiqamətdə atılan növbəti addımdır.

Bu qürurverici məqamdır ki, bu gün Azərbaycan güclü dövlətdir. Respublikamızda əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik. İstər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə Ermənistan kimi yağı düşmənə qarşı birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirmək zəruridir. Biz bir xalq olaraq məhz bu yolda bütün səylərimizi səfərbər etməliyik.

Səfa Ağayev,

YAP İmişli rayon təşkilatının sədri