Yaxud, Rusiyanın Ermənistanı silahlandırmasına susan radikal müxalifət nə üçün Türkiyə ordusunu süngü ilə qarşılayır?
Rusiyanın Ermənistanı silahlandırmasına dair növbəti faktların gündəmə gəlməsi yeni çağırışlarla müşahidə olundu. “Hədiyyə” olaraq Ermənistana 400 ton hərbi təyinatlı silah-sursat göndərən Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri kimi bütün etimad kreditlərini tükətdi. Ermənistanın Tovuz rayonu istiqamətində hərbi təxribatından sonra Rusiya-Qazaxıstan-Türkmənistan-İran-Ermənistan marşrutu üzrə iyulun 17-də 2, iyulun 18, 20, 27, 29 və avqustun 4-də 1, avqustun 6-da isə daha 2 təyyarə reysi ilə işğalçı ölkənin silahlandırılması Azərbaycan ictimaiyyətində haqlı narazılıq və suallar doğurdu. Artıq ictimaiyyətin fikri ondan ibarətdir ki, ATƏT-in Minsk qrupunun hazırki tərkibi etimadı doğrultmadı və onun buraxılması, yenidən təşkili tələb edilməkdədir. Xüsusi ictimai tələb isə ondan ibarətdir ki, Türkiyə ATƏT-in Minsk qrupunun həmsədri olsun.
Bəli, bütün bunlar aysberqin görünən tərəfləridir. Siyasi danışıqlardan və “səssiz diplomatiyadan” ictimaiyyətə verilən yalnız bu qədər informasiyanın təhlili yuxarıdakı qənaəti formalaşdırır. Yayılan xəbərlərin təhlili də ortaya belə bir reallıq qoyur ki, çox mürəkkəb bir geosiyasi vəziyyətdir və belə bir şəraitdə ölkə Prezidentinin xüsusi qətiyyətli mövqeyi, siyasi iradəsi ilə qarşılaşmış oluruq.
Doğrusu, bu günə qədər rəsmi məlumatlarda iki dövlət başçısının telefon danışıqları haqqında ictimaiyyətə yalnız qəbul edilmiş çərçivədə xəbər çatdırılırdı. Amma bu dəfə Azərbaycan və Rusiya prezidentlərinin telefon danışığında fərqli bir xətt keçdi. Açıq-aşkar göründü ki, Prezident İlham Əliyev xalqın və ölkənin milli maraqlarının təmin olunması üçün Azərbaycan ictimaiyyətinin haqlı narazılığını və suallarını birbaşa Rusiya prezidentinə bildirib. Hətta, “telefon zənginin əsas məqsədi bu məsələnin aydınlaşdırılmasıdır” kimi fikrin rəsmi məlumatda keçməsi dövlət başçısının milli mənafe naminə göstərdiyi cəsarəti sübut edir. Yəqin ki, hər biriniz razılaşarsınız ki, Rusiya etdiklərinə görə izahat verən ölkələrdən deyil. Rusiya Krımı özünə birləşdirmiş, tanklarını Tbilisinin 20 kilometrliyində saxlamış bir hegemondur. Amma bunlara baxmayaraq, görünür, strateji tərəfdaş adlandırdığı Azərbaycana qarşı etdiklərinə görə izahat verməli olacaq.
Ümumiyyətlə, bu cür hadisələr, proseslər hər gün baş vermir. Bütün bunlar geosiyasi mübarizənin və strateji təsir dairə uğrunda mübarizələrin nəticəsində yetişir. Prioritet ondan ibarətdir ki, hansı dövlət bu şəraitdən necə istifadə edəcək və milli maraqlarını həm qoruyacaq, həm də təmin edəcək.
Bu cür hadisələr eyni zamanda xalqın və dövlətin dostlarının, düşmənlərinin kimliyini də üzə çıxarır. Xüsusilə də illərdir özlərini xalqın “fədakarları” kimi gözə soxmağa çalışanların əsl simasını bəlli edir. Hətta, illərlə daş altında yatıb qalmış ilanların belə üzə çıxmasına şərait yaradır. Təsəvvür edin ki, ölkənin iqtidar komandası xalqın və dövlətin milli maraqlarının müdafiə olunması üçün operativ və çevik siyasət həyata keçirir, lazımi məqamda xalqla məsləhətləşir, ictimaiyyəti dinləyir. Ancaq çox təəssüflər olsun ki, özlərini “mərd”, “şərəfli” hesab edən radikal müxalifət AXCP və Milli Şura tör-töküntüləri özlərini ifşa etmiş oldular.
Onlar iyul ayının 12-dən başlayaraq ardıcıl şəkildə kimə və nəyə xidmət etdiklərini göstərdilər:
- Ermənistan Tovuz istiqamətində təxribat törətdikdə dedilər ki, Azərbaycan tərəfi bunu edib və ordu zəifdir.
- Ordu sərhəddə ermənilərin hücumlarının qarşısını aldığı bir zamanda onlar Bakıda Milli Məclisə daxil oldular dövlət çevrilişinə cəhd etdilər.
- Dünya azərbaycanlıları Qarabağ, bayraq, dövlət, ordu dediyi bir zamanda onları bandit, xuliqan adlandırdılar.
- Hər bir cəhdlərində çalışdılar ki, Ermənistanın və dünya erməniliyinin maraqlarını müdafiə etsinlər. Hətta, Azərbaycan xalqının iradəsinin əksinə gedərək Azərbaycan dövləti əleyhinə Ağ Evin saytında petisiya başlatdılar.
- Lakin xalqın hazırladığı petisiyaya nəinki dəstək vermədilər, hətta qoşulmadılar belə.
- Sonradan isə süngülərini Türkiyə ordusuna çevirdilər. “Osmanqızı tv”, “Azərbaycan saatı”, “Azad söz” youtube kanalları, “Azadlıq” qəzetinin, Əli Kərimlinin, Cəmil Həsənlinin, Gültəkin Hacıbəylinin facebook hesabları, səhifələri Türkiyə əleyhinə təbliğat platformasına çevrildi. Müxtəlif “ekspertlərin” fikirlərinə istinad edir və iddia edirlər ki, Türkiyə Azərbaycanda hərbi baza yaradır, buna imkan vermək olmaz.
Lap tutaq ki, Türkiyə Azərbaycanda hərbi baza yaradacaq. Bundan kim narahat olmalıdır? Ümumiyyətlə, Türkiyə ordusunun nümayəndələrinin Azərbaycana təlimlərə gəlməsi kimləri qıcıqlandırır? Təbii ki, ilk olaraq Rusiyanı, Ermənistanı və İranı. Bəs, bundan niyə Əli Kərimli, Sevinc Osmanqızı, Qənimət Zahid, Cəmil Həsənli, Gültəkin Hacıbəyli narahat olur, qıcıqlanır? Buradan ancaq bir məntiq çıxır: adları çəkilən anti-milli ünsürlər qıcıqlanan ölkələrdəki süfrələrin qırıntılarından qidalanırlar. Yoxsa, Azərbaycana dost-qardaş olan Türkiyəyə niyə süngü çəksinlər ki?
AXCP və Milli Şura rəhbərliyinin bu hərəkətləri 1920-ci ildə Azərbaycanı işğal etməyə gələn XI Qızıl ordunu salamlayan Çingiz İldırım, Mirzə Davud Hüseynov, Əliheydər Qarayev kimilərin fəaliyyətilə eynilik təşkil edir. Həmin dövrün tarixini oxuyanlar bilirlər ki, adları çəkilən bolşevik xainlər hansı planlarda yer almışdılar. Hətta, həmin dövrdə Əliheydər Qarayev kimilər Bakıda çevriliş planı da reallaşdırmağa çalışmışdılar. Necə də tarix təkrar olunur. Düz yüz il sonra eyni ilə Bakıda Əliheydər Qarayevin xələfi Əli Kərimli çevriliş etməyə cəhd göstərdi.
Buyurun, dövrümüzün əliheydər qarayevləri kimlərdir, hər kəs görsün və Rusiyanın Ermənistanı silahlandırmasına susan radikal müxalifətin nə üçün Türkiyə ordusunu süngü ilə qarşıladığını bilsin...
Ramil Vəlibəyov,
YAP Sosial media qrupunun rəhbəri