26 avqust 2020 17:20
2387

Yeni parklar Bakının simasını necə dəyişib?

Bu gün ölkəmizin hər yerində yeni memarlıq abidələri yaradılır, parklar və xiyabanlar salınır, şəhərsalmanın müasir nümunələri tətbiq edilir. Yay aylarında məzuniyyət və istirahət günlərini səmərəli keçirmək üçün kimi ölkəmizin bölgələrində təbiətin qoynunda fəaliyyət göstərən istirahət yerlərinə, kimi sanatoriya və müalicəxanalara, hətta xarici ölkələrə, uzaq şəhərlərə gedir.

Paytaxt Bakı bu gün özünəməxsus yaşıl parklar, bağlar şəhəridir. Bu gün paytaxtımızda Dənizkənarı Milli Park, Filarmoniya bağı, Fəvvarələr meydanı, Zabitlər parkı, Sahil bağı, Xaqani bağı, Səməd Vurğun bağı, Zorge parkı, “Koala Park” əyləncə mərkəzi, Dədə Qorqud parkı, Qış parkı, ümummilli lider Heydər Əliyevin adını daşıyan çoxsaylı parklar, akademik Zərifə Əliyeva adına park və digər istirahət məkanlarının sayı kifayət qədərdir. “Sovetski” adlandırılan ərazidə, köhnə, yöndəmsiz evlərin sökülərək yerində – 20 hektar ərazidə salınmış abad park həm quruluşuna, yerləşdiyi əraziyə, həm də dizaynına görə görənləri heyran edir.

Heydər Əliyev Mərkəzinin önündə, vaxtilə Səttarxan zavodunun yerində, 20 hektar ərazidə salınmış park da göz oxşayır, şəhərə xüsusi yaraşıq verir. Son illərdə cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda çoxlu sayda park salınıb. Ümumilikdə, bütün parkların açılışında şəxsən Prezident İlham Əliyev iştirak edib. Bunun sayəsində Bakı və onun ətraf qəsəbələri gündən-günə gözəlləşir, abadlaşır, insanların sosial şəraitinin hərtərəfli təminatı və istirahətlərinin mənalı keçməsi üçün lazımi infrastruktur yaradılır. Son beş ildə Bakı və onun ətraf qəsəbələrində 65 yeni mədəniyyət və istirahət parkı salınıb. Bununla yanaşı, ötən 5 il ərzində 100-dən çox park əsaslı təmir olunub. Ən çox Yasamal, Binəqədi və Xətai rayonlarında istirahət parkları salınıb.

Bütövlükdə, son illərdə açılan yeni parklar Bakının sosial-ekoloji durumunu daha da yaxşılaşdırıb. Prezidentin təşəbbüsü ilə salınan yeni parklar Bakının simasını dəyişib. Bütün mənalarda bunun faydası var. Salınan yeni parklar sayəsində Bakı daha da gözəlləşib. Məsələn, son illərdə yeni salınan Qış parkı ərazisinə görə ən böyük parkdır. İnsanlar bu parkda istirahət edir, asudə vaxtlarını şən keçirirlər. Yasamal rayonunda salınan meşə tipli parklar xüsusilə seçilir. Ölkə başçısının təşəbbüsü ilə salınan parkların böyük əhəmiyyəti var. Bunun sayəsində insanlar istirahət edirlər. Ən başlıcası, bunun Bakının ekoloji vəziyyəti üçün faydası böyükdür. Nəzərə almaq lazımdır ki, Bakı küləklər şəhəridir. Son illər əhalinin sayının kəskin çoxalması yaşıllıqlara olan tələbatı artırıb. Havanın tənzimlənməsi baxımından sözügedən parkların rolu böyükdür.

Biz mövcud və yeni salınan parkları daha yaxşı qorumalıyıq. Çünki bu, ekoloji baxımdan çox vacib məsələdir.

Cavid Əkbərov, “İki sahil”