04 sentyabr 2020 17:05
4196

Azərbaycandan Türkiyəyə Şərqi Aralıq dənizi regionu dəstəyi

Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşündə  dünya siyasətinin  müstəvisində  söz sahibi olan  Türkiyə –Azərbaycan qardaşlığının sarsılmazlığını Ermənistana, işğalçını dəstəkləyən havadarlarına çatdıran Prezident İlham Əliyevin qətiyyəti qardaş ölkə ictimaiyyəti tərəfindən   birmənalı olaraq dəyərləndirildi: Türkiyə də tərəddüdsüz həmişə Azərbaycanın yanında olacaq!

Türk dünyasının öndərlərindən olan Mustafa Kamal Atatürkün «Azərbaycanın dərdi bizim dərdimizdir, Azərbaycanın sevinci bizim sevincimizdir», ulu öndər Heydər Əliyevin «Biz bir millət, iki dövlətik»  müdrik kəlamları hər iki ölkədə aforizmə çevrilib.  Bu qiymətli kəlamları müasir dövrümüzün mənzərisinə uyğun  ifadə edən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan «Azərbaycan bizim ailəmizin üzvüdür» söyləyir.   İki qardaş ölkə arasındakı tarixi  köklərə əsaslanan  birliyin sarsılmazlığını  «Mən dünyada siyasi sahədə Türkiyə və Azərbaycan kimi ikinci müttəfiq tanımıram» sözləri ilə zənginləşdirən Prezident  İlham Əliyev onu da bildirir ki,    bu iki xalq qədər biri-birinə dost,  qardaş xalqlar  ola bilməz. Bu birlik və həmrəyliyin əbədiliyini  yaşadan hadisələr  hər iki  xalqı ümumi maraqlar baxımından da birləşdirir.

... 1918-ci ildə Türkiyənin   Qafqaz İslam Ordusunun əsgərləri azərbaycanlı qardaşlarını erməni –bolşevik  soyqırımından xilas etdi. Xalqına müraciətində  «Ya istiqlal, ya ölüm» söyləyən və yeni  Türkiyə yaradan Mustafa Kamal Atatürkə  azərbaycanlı qardaşların dəstəyi Türkiyə –Azərbaycan birliyinin  sonrakı illərdəki  həmrəyliyinə təməl oldu.  Azərbaycan  müstəqilliyini qazandıqdan sonra  hər iki qardaş ölkənin birgə səyinin nəticəsi olan  qlobal enerji, nəqliyyat layihələrinin reallaşması təkcə  regionun deyil,  Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir.   Dağlıq Qarabağ münaqişəsi başlanan gündən Azərbaycanın yanında olan,  ərazi  bütövlüyümüz üçün siyasi dəstəyini əsirgəməyən,  Ermənistanla əlaqələrini donduran Türkiyənin işğalçıya   tətbiq etdiyi  məhdudiyyət  bu gün də davam edir.

 Türkiyədə  xarici qüvvələrin təhriki ilə törədilən «Gezi park» təxribatında,  «Mavi Mərmərə» gəmisinə hücümda , aeroportda  törədilən terror hadisəsində  qardaş ölkə ilə həmrəyliyini bildirən,   erməni soyqırımını tanımayanlara cəza tətbiqini nəzərdə tutan Fransa Konstitusiya Məhkəməsinin,  ABŞ  Konqresinin Xarici Əlaqələr Komitəsinin  «erməni soyqırımı»  ilə əlaqədar qəbul  etdikləri  ədalətsiz qərarlara rəsmi  etirazını bildirən Prezident İlham Əliyev  qardaş türk xalqına siyasi, mənəvi dəstək  göstərməklə, daşnakların etnik təmizləmə, işğalçılıq əməllərini pisləməklə bu dostluğun sarsılmazlığını dünya birliyinə çatdırdı.

   «Sürix protokolu»nun gerçəkləşməsinə  çalışan, əslində  Cənubi Qafqazda maraqlarını həyata keçirmək  istəyən dövlətlərin planlarını boşa çıxaran Türkiyə-Azərbaycan birliyi, 15 iyul 2016-cı ildə  qardaş ölkədə törədilən  dövlət çevrilişinə cəhd  zamanı Türkiyə xalqı ilə həmrəyliyini bildirən Azərbaycan ictimaiyyəti qardaşları ilə eyni  narahatlıqlarını  ifadə etdilər.  Hər iki ölkənin iqtisadiyyatının möhkəmlənməsində   böyük əhəmiyyətə  malik  sənaye müəssisələrinin açılması, hərbi əməkdaşlığın genişləndirilməsi,  illərdən bəri qorunan milli-mənəvi dəyərlərin   yaşadılması xalqlarımızın  eyni kökdən qaynaqlanan tarixinə  sadiqlik, bu günümüzü  birləşdirən körpülərdir. 

Bu  tarixi məqamları  xatırlatmaqda məqsəd  Prezident İlham Əliyevin  Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən Türkiyə- Azərbaycan  dostluğunun sarsılmazlığı ilə bağlı  gətirdiyi arqumentlərin hər iki ölkədə yaratdığı ruh yüksəkliyini diqqətə çatdırmaq,
 lider qətiyyətini, iradəsini göstərməkdir.

 Cari ilin iyul ayında   işğalçı dövlətin Azərbaycan- Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində  törətdiyi təxribat zamanı  qardaş ölkə rəsmilərinin dəstəyi, Ermənistana «ağlını başına yığ» mesajı bütün dünyaya bir həqiqəti çatdırdı: Türkiyə ilə  Azərbaycan daim birlikdədir.

 Həmin hadisədən sonra  Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqındakı Sazişə əsasən, illik plana uyğun respublikamızda   hər iki  ölkənin quru qoşunları və  hərbi-hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki uçuş təlimlərinin keçirilməsi, qardaş ölkənin  yüksək səviyyəli hərbi heyəti təmsil edən nümayəndələrinin Azərbaycana səfəri ölkələrimiz arasındakı milli birlik və həmrəyliyin bütün sahələri əhatə etdiyinə nümunə idi. Yunanıstanın yeni səfiri ilə görüşündə  bütünlükdə  dünya siyasətinin  aktual problemlərinə, hadisələrə  beynəlxalq qanunlara əsaslanan  məntiqlə   aydınlıq gətirən  Prezident İlham Əliyev  diplomata diplomatiya tarixində  az təsadüf  olunan ustad dərsi keçdi.
Bütün görüşlərində, müsahibələrində  səmimi olan, ədalət prinsiplərinə  hörmətlə yanaşan, hadisələrə çoxvektorlu təcrübəsi, düşüncə tərzi ilə yanaşıb, qiymətləndirən  Prezident İlham Əliyev  Yunanıstanın səfiri ilə görüşündə də  xarakterinə, üslubuna  sadiq qaldı. “Sözsüz ki, diplomatların özlərinə məxsus ünsiyyət üslubu olur. Mən diplomatlar hazırlayan institutda təhsil almışam. Ona görə də mən diplomatik dilin nə olduğunu bilirəm. Lakin zənnimcə, yaxşı olar ki, harada olduğumuz, nə istədiyimiz və necə irəli getməyimizlə bağlı aydın anlayışa sahib olmaq üçün bir-birimizin mövqelərimizi bilək”” sözləri ilə münasibətini   ifadə edən, açıq fikirli  cənab İlham Əliyev dövlət başçısı kimi   dövlətimizin dünyanın  siyasi, iqtisadi mənzərəsində  möhkəmlənən qüdrətindən söz açaraq, əvvəlki  illərdə  Yunanıstanla olan iqtisadi əlaqələrə mənfi təsir göstərən səbəblərə də  aydınlıq gətirdi.  Avropanın enerji təhlükəsizliyində  önəmli yeri olan Azərbaycanın  dünyada tanınan  neft şirkəti  SOCAR ilə   Yunanıstanın   qaz şirkəti «DESFA»” arasındakı narazılıqların  başqalarının  siyasi maraqları baxımından uğursuzluqla nəticələnməsinin səbəblərini  diqqətə çatdırdı. Yunanıstanın əvvəlki hökumətinin Azərbaycana olan mənfi münasibəti səbəbindən  yaranan anlaşılmazlıqları şərh etdi. “Beləliklə, bu, çox məyusedici məsələ idi və əlbəttə ki, düşünürəm, bizim əlaqələrimizə ciddi təsir etdi. Lakin yenə də deyirəm, bu, Azərbaycanın təşəbbüsü deyildi. Azərbaycan hər zaman əlaqələrin inkişafını dəstəkləyib. Yeri gəlmişkən, siz sözsüz ki, bilirsiniz, TAP Azərbaycan qazının nəqli üçün yeganə variant deyildi. Azərbaycan qazının Türkiyə ərazisinə çatandan sonra nəql olunması üçün bir neçə variant var idi. Fərqli istiqamətdə ola bilərdi. Lakin TAP-ın seçilməsi həm də investorlar, xarici neft şirkətləri və Azərbaycan tərəfindən verilmiş qərar idi. Başqa sözlə, biz öz tərəfimizdən Yunanıstana müsbət jest etdik» söyləyən Prezident İlham Əliyev belə  tərəddüdlü  münasibətlərin  bölgədə, Cənubi Qafqazda   siyasi gərginliyə  təsirinə də münasibətini açıqladı : «Mənim sizinlə qaldırmaq istədiyim, sizin bunu digər mənbələrdən deyil, məndən eşitməyinizi istədiyim ikinci məsələ Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı narahatlığımızdır. Bildiyiniz kimi, Ermənistan bizim ərazilərimizi işğal etmiş ölkədir. Xocalıda soyqırımı aktı törədib, bir milyon azərbaycanlını evlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur, BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir. Yeri gəlmişkən, iki il əvvəl Avropa İttifaqı və Azərbaycan «Tərəfdaşlıq prioritetləri»” adlı sənədi paraflayıblar. Orada Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir.»

 Görüş zamanı  təxribatçı, terrorçu,  separatçı,  Azərbaycanın düşməni olan  Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığından  narahatlığını bildirən cənab İlham Əliyev Rusiyadan Ermənistana Xəzəryanı dövlətlərin hava məkanı vasitəsilə  silah-sursatların, avadanlıqların daşınmasını da regionda gərginliyin artmasının başlıca səbəbi kimi diqqətə çatdırdı. «Bunu, sadəcə, sizə demirəm. Biz bu məsələni rusiyalı tərəfdaşlarımızla da qaldırmışıq ki, Ermənistanla hərbi əməkdaşlıq bizi narahat edən məsələdir. Çünki bu, Azərbaycan üçün mühüm təhdid törədir, çünki bu silahlardan istifadə edərək onlar bizim hərbçilərimizi, mülki şəxsləri öldürürlər»  söyləyən  Prezident İlham Əliyev Ermənistan, Yunanıstan və Kipr  formatının yaratdığı gərginlikdən narahatlığını səfirin simasında  təmsil olunduğu  dövlətin diqqətinə çatdırdı.

 Bir neçə  vaxtdır ki,  dünya siyasətinin gündəmində olan  Türkiyə ilə  Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda  yaranan  gərginliyə diplomatik tərzdə münasibət  bildirən Prezident İlham Əliyev  qardaş ölkə ilə həmrəyliyini «Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı» sözləri ilə  ifadə edərək bu məsələdə  Azərbaycan xalqının, hökumətinin rəsmi və dəyişilməz mövqeyini bütün dünya ictimaiyyətinə çatdırdı. Əlavə olaraq bildirdi ki, bütün məsələlərdə biz onların yanında olacağıq.    Prezident İlham Əliyevin Türkiyə ilə həmrəylik çağırışının qardaş ölkənin  mətbu orqanlarında manşetə çıxarılması, rəsmi dövlət nümayəndələri tərəfindən yüksək dəyərləndirilməsi  Yunanıstanla   eyni blokda birləşən Ermənistana, onu dəstəkləyənlərə də   ciddi xəbərdarlıqdır.  

«Toxunulası bir müsbət məsələ tapmaq istəyirəm, amma əfsuslar olsun ki, tapa bilmirəm» sözləri ilə  bu ölkə ilə əməkdaşlıq üçün elə bir mühüm sahənin olmadığını bildirən, bütün dövlətlərlə qarşılıqlı  əməkdaşlığın tərəfdarı olan  Prezident İlham Əliyev  Yunanıstanın
Azərbaycana qarşı siyasətini yenidən nəzərdən keçirəcəyinə də ümid edir: «Lakin əlbəttə ki, bu, Yunanıstan hökumətinin siyasəti və mövqeyindən asılı olacaq.» Təbii ki, Azərbaycanın maraqları nəzərə alınmaqla.

Xuraman İsmayılqızı, «İki sahil»