19 sentyabr 2020 10:10
1059

Özbəkistanın KİV-ləri 18 sentyabr - Milli Musiqi Günü ilə bağlı xəbərlər yayımlayıb

Özbəkistanın nargiz.uz və tnews.uz informasiya portalları 18 sentyabr - Milli Musiqi Günü ilə bağlı rus dilində xəbərlər yayımlayıb.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, nargiz.uz portalında yerləşdirilən “Üzeyir Hacıbəyli-Azərbaycan milli musiqi sənətinin banisi” sərlövhəli məqalədə dahi bəstəkarın həyatı və yaradıcılığı haqqında məlumat verilir, Üzeyir Hacıbəyli dirijor, musiqişünas, publisist, dramaturq, müəllim, ictimai xadim kimi təhlil edilir.

Yazıda vurğulanır ki, Şərqdə ilk opera olan “Leyli və Məcnun”un müəllifi də məhz Üzeyir Hacıbəylidir.

Məqalədə böyük bəstəkarın digər operaları - “Şeyx Sənan”, ”Rüstəm və Zöhrab”, ”Şah Abbas və Xurşidbanu”, ”Əsli və Kərəm”, Harun və Leyla” haqqında da məlumat verilir, bu operaların muğam üstündə yazıldığı diqqətə çatdırılır.

Bildirilir ki, bəstəkarın əsərlərinin kulminasiya nöqtəsi ”Koroğlu” operasıdır. Bu operaya görə böyük bəstəkar Stalin mükafatına layiq görülüb, əsər həm keçmiş SSRİ-də, həm də Qərb ölkələrində məşhur olub.

tnews.uz portalı isə öz səhifəsində “Bu gün Azərbaycan Milli Musiqisi günüdür” sərlövhəli məqalə yerləşdirib.

Xəbərdə deyilir ki, 18 sentyabr Üzeyir Hacıbəylinin doğum günüdür. Ona görə də bu tarix Azərbaycanda Milli Musiqi Günü kimi qeyd edilir.

Bildirilir ki, böyük Azərbaycan şairi Məhəməd Füzulinin eyni adlı poeması əsasında 112 il əvvəl yazılan “Leyli və Məcnun” operası 1908-ci il yanvarın 12-də Bakıdakı Tağıyev teatrında tamaşaya qoyulub. Tamaşanın dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissorları Hüseyn Ərəblinski və Hüseynqulu Sarabski olub. İlk tamaşada Leyli rolunda Əbdürrəhim Fərəcov oynayıb.

Xəbərlər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə yayımlanıb.