24 sentyabr 2026 10:24
208

Torpağımızın altı da qızıl …

Dağ- mədən sənayesində əsas hədəf  2030-cu ilədək  illik ixrac potensialını 3,4 milyard manata çatdırmaqdır

Azərbaycanın təbii  sərvətlərinin zənginliyi təkcə  neft və təbii qazla bağlı deyil, eyni zamanda, dağ-mədən sənayesi də bu zənginliyin bir hissəsidir. Qeyd edək ki, ölkəmizin dağ-mədən sənayesi qədim tarixə malikdir. Azərbaycanda ilk dəfə filiz çıxarılmasına Daşkəsən və Gədəbəydə başlanılmışdır. Belə ki, 1636-cı ildə alman alimi Adam Oleari Gədəbəy və Daşkəsən yataqlarından mis və dəmir filizinin çıxarılması haqqında məlumat verib. 1867-1914-cü illər ərzində Almaniyanın «Siemens» şirkəti Gədəbəydəki yataqlardan mis, qızıl, gümüş, «Bittibulaq» yatağından isə mis çıxarıb. 

Respublikamızın  dağ-mədən sənayesinin sürətli inkişafı isə Ümumilli Lider  Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin hələ keçmiş SSRİ dövründə bu sahəyə xüsusi diqqət və qayğısı nəticəsində respublikamızda çoxsaylı dağ-mədən filiz yataqları aşkar edilib. Göründüyü kimi, Azərbaycanda faydalı qazıntı yataqlarının kütləvi istismarına SSRİ dövründə başlansa da, müstəqilliyin ilk illərindən etibarən həmin yataqların bəzilərinin istismarı dayandırılıb. Azərbaycanın dağ-mədən sənayesinin inkişaf konsepsiyası son 23 ildə  Prezident İlham Əliyev tərəfindən  uğurla davam etdirilib. Ötən müddətdə sənayenin bu sahəsində əldə olunmuş nailiyyətlər ölkə iqtisadiyyatının, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafına öz töhfələrini verib. Dövlətin iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı ilə bağlı  müəyyənləşdirdiyi strateji hədəflərə uyğun olaraq Gədəbəy və Daşkəsəndə qızıl-mis emalı, Gəncə Alüminium Zavodu və digər sənaye müəssisələri istifadəyə verilib. Bu da Azərbaycanda dağ-mədən sənayesinin inkişafına təkan verməklə ölkənin iqtisadi potensialının gücləndirilməsində mühüm rol oynayıb. 

Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə «Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı»na həsr olunmuş müşavirədə dövlətimizin başçısı dağ-mədən sənayesinin ölkə iqtisadiyyatı, xüsusilə qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıdığını vurğulayaraq deyib: «Bu çox perspektivli sahədir. Düzdür, maliyyətutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə, bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək». 

Respublikamızda bu sahənin potensialı yüksək olsa da, ötən müddətdə bu imkanlardan heç də tam istifadə olunmayıb. Təsadüfi deyil ki, bu perspektivli sahənin inkişafını sürətləndirmək məqsədilə işlənib hazırlanmış yeni Dövlət Proqramının təqdimatına həsr olunmuş müşavirədə ölkə rəhbəri deyib: «Əfsuslar olsun ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib. Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi... O cümlədən bizim təbii resurslarımız - qızıl, mis, molibden yataqlarımız talan edilirdi.» 

Müşavirədə  xüsusi qeyd olunub ki, hazırda bir çox perspektivli yataqlarımız hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir. Ölkəmizin başçısı  bu məsələlərin həlli üçün Dövlət Proqramı əsasında çox konkret mexanizmlərin tətbiq ediləcəyini, ilk növbədə, işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınacağını diqqətə çatdırıb. Bu baxımdan Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarında yaxın gələcəkdə istismara başlanılacağına əminliyini bildirib. Prezident ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının cəmi 4 il ərzində – 2027-2030-cu illərdə tam icra edilməsini qarşıya mühüm vəzifə kimi qoyub. Ölkə başçısının fikrincə,  yeni proqram, eyni zamanda, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərə tam uyğundur. 

Prezident İlham Əliyev ötən illərdə yaradılmış Qərb Sənaye Parkının əsas məqsədinin məhz dağ-mədən sənayesinin inkişafı ilə bağlı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, «Daşkəsən»  filiz yatağının istismarı və ona yaxın olan bölgələrdə digər layihələrin icra edilməsi, əlbəttə ki, məhz Qərb Sənaye Parkının yaradılmasını şərtləndirdi.

Azərbaycanda dağ-mədən sənayesinin son məhsula qədər tam zəncirinin yaradılmasının vacibliyini önə çəkən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Daşkəsəndə filiz hasilatı, zənginləşdirmə, pelet və breketlənmiş dəmir zavodları yaradılmalıdır. Bununla yanaşı, iqtisadi səmərəliliyə nail olunması üçün filizin daşınması ilə bağlı tariflərdə güzəştlərin edilməsinin zəruriliyi vurğulanıb. 

Prezident İlham Əliyev müşavirədə ölkədə metallurgiya sənayesinin, o cümlədən alüminium istehsalının inkişaf etdirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib. Dövlət başçısı ölkə iqtisadiyyatına səmərə verə biləcək mexanizmlər tətbiq edilməklə bu önəmli sənaye istiqamətinin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd olunub ki, yeni proqram əsasında 2030-cu ilin sonuna qədər ölkəmizdə alüminium istehsalı 100 min tona çatdırılmalıdır. 

Təbii ki, Azərbaycan üçün dağ-mədən sənayesinin  inkişafında əsas məqsəd  bu təbii sərvətləri ölkə daxilində daha yüksək əlavə dəyərə, sənaye məhsuluna və ixrac gəlirinə çevirməkdir. Eyni zamanda, yeni Dövlət Proqramının icrası zamanı işğaldan azad edilmiş yataqlarda  minlərlə yeni iş yerləri açılacaq. 2030-cu ilədək qarşıya qoyulan hədəflərə əsasən, sektorun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması planlaşdırılır. Bu məqsədlərin reallaşdırılması üçün 2027–2030-cu illərdə sektora ümumilikdə 5,3 milyard manat investisiya yatırılması nəzərdə tutulur.

Bəli, məhz bu rəqəmlər göstərir ki, söhbət ayrı-ayrı mədən layihələrinin inkişafından yox, dağ-mədən və metallurgiyanın iqtisadiyyatın daha böyük sənaye  sahəsinə  çevrilməsindən gedir. Burada həm dövlət investisiyalarının, həm də özəl kapitalın cəlb edilməsi, yeni istehsal müəssisələrinin yaradılması, emal imkanlarının genişləndirilməsi və ixrac bazarlarnın şaxələndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Elçin Zaman, «İki sahil»