O, göz açıb boya-başa çatdığı Vətəninin yaşıl ormanlarını, “hana qurub xalı toxuyan laləli-nərgizli çöllərini” qarış-qarış gəzib. Gəzdiyi, gördüyü yerlərdə ocaq çatıb, köz salıb. Çayların şırıltısına, həzin nəğməsinə, çiçəklərdən şirə çəkən arıların simfoniyasına qulaq asıb. Güllərin ətrini, rayihəsini, dağ havasını, ciyərlərinə çəkib. “Nazlanan bulaqlara, başı dumanlı uca dağların zirvəsinə” cığır açıb, iz salıb. Vətənin hər daşına, qayasına ürək sözlərini pıçıldayıb. Bir zaman görüb ki, bu pıçıltlar nəğməyə dönüb, onu bir şair kimi oxuculara tanıtdırıb.
Poetik aləmindən söhbət açacağım Ramiz Abbasqulu oğlu Babayev Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şıxmahmud kəndində anadan olub. “Unuda bilsəm”, “Yenə yadıma düşdü”, “Ötən günlərim”, “Məhəbbət nəğmələri” və “Bulağın nağılı” şeirlər kitabının müəllifidir. Azərbaycan yazıçılar birliyinin üzvü, “Qızıl qələm” mükafatçısıdır. Poeziya aləmində onun da öz cığırı var. Fikrini ustalıqla oxucuya çatdıra bilir.
Ramiz Babayevin söylədiyinə görə qələmə aldığı bu şeirlər onun içliyinin kimliyi olmaqla yanaşı, həm də gündəliyidir. Bu gündəliyi vərəqləsək orada şairin ürəyinin közü ilə yandırdığı söz nurunu, söz məşəlini görərik. Onun söz nurunda, söz işığında vətən daha füsunkar, əzəmətli və əsrarəngiz görünür. Bir-birini əvəz edən təbiət lövhələri-“qalın meşələri qucan dərələr”, “yan-yana düzülən əyilməz dağlar”, “duman saçlı Gəmiqaya”, “nazlana-nazlana axan bulaqlar”, “bulaqların şahı Zorbulaq”, “Üzən ada”, Batabat”, müasir Naxçıvanın qaynar həyatı, burada aparılan quruculuq-abadlıq işləri, hamar yollar, göz oxşayan yaşıllıqlar şairin yaradıcılığında poetik ilhamını taparaq obrazlaşır. Şairin yaradıcılığına yaxından bələd olan hər bir oxucu mübaliğəsiz söyləyə bilər ki, Ramiz Babayev təbiəti öz dilində danışdıra bilən bir sənətkardır. Şair “Payızda”, “Yağış yağanda”, “Batabat yaylağında”, “Yurdumuza bahar gəlir”, “Dağlar” və sair bu kimi şeirlərində oxucu ruhunu oxşayan poetik lövhələr yarada bilib.
“Yağış yağanda” adlı şeirində oxuyuruq:
Güllər yaşmaq tutar gəlin sayağı,
Dərələr dumanda batıb qalarlar,
Nərgizlər ismətli gəlin duvağı,
Lalələr közərmiş bir od olarlar.
Yağış yağanda!
Gecikən arılar islanıb qalar,
Sığınar güllərin ləçəklərinə.
Göydə haray çəkib dolan buludlar,
Oxşayar düzləri ana yerinə.
Yağış yağanda!
Burada şair sözlərlə, anlayışlarla təbiət lövhələrini ortaya qoya bilir və oxucunun xəyalında həqiqətən də bu təsirin canlı sürətini yarada bilir. Bizi təbiətin təkrarsız gözəlliklərini görməyə çağırır.
İnsan nə qədər torpağa bağlı olsa, ona nə qədər qulluq göstərsə, torpaq da öz səxavətini ondan əsirgəməz. Çünki torpağın əkilməsi bolluq bərəkət deməkdir. Muxtar respublikamızın hər güşəsində zəhmət adamlarının torpağa qırılmaz tellərlə bağlılığını, əkilən gül-çiçəklərin, yaşıllıqların ətir saçdığını görən şair, sevincini, ilhamını, poetik duyğularını gizlədə bilmir. Oxucusunu nəinki bu gözəlliklərdən zövq almağa, eləcə də bu topağın qədrini bilməyə çağırır. Şairin fikrincə torpağın gücü, hikməti adamların ona olan məhəbbətidir. Şair yazır:
Lal axan çayların daşacaq suyu,
Quzeydə çiçəklər sevinəcəkdir.
Güllər açılacaq cığırlar boyu,
Meşələr səsinə səs verəcəkdir
Əgər bu torpağın qədrini bilsən.
Buludlar çapacaq köhlən atını,
Dürr-inci düşəcək üstünə göydən.
Şimşəklər quracaq toy-büsatını,
Xoşbəxtlik öpəcək səni hər yerdən,
Əgər bu torpağın qədrini bilsən.
Şairin yaradıcılığı rəngarəndir. Onun yurd sevgisi, vətən məhəbbəti, sevgi, dünyanın gərdişi mövzuları poeziyasında özünə məxsusluğu ilə seçilir. Ramiz Babayevin ictimai-fəsləfi baxışı yaradıcılığında poetik həllini taparaq obrazlaşır, oxucu qəlbinə yol tapır. Insan və onun əməlləri, mənəvi əxlaqi kamilliyə çağırış şairin yaradıcılığının ana xəttini təşikl edir. Şairə görə həyatda elə adamlar var ki, tək yaşayır, heç kəsə uyuşmurlar. Şübhəsiz ki, belələri başqa canlılardan fərqlənmirlər. O kəslər insan olmağa layiqdir ki, hər zaman şərə qalib gələ bilir. Iç dünyasında pusquda olan pisliyi, yamanlığı öldürür. Çünki pis adamların sözü kömürə bənzər. Dəydiyi yeri yandırmasa da qaraldar. Sonda belə adamların əli boşda qalır. Şair “pis adamlar” adlı şeirində deyir:
Sözünün qədrini bilməyən insan,
Özünün qədrini bilməz, inanın.
Sənə əl uzatmaz, alışsan, yansan,
Qənimi kəsilər ötən zamanın.
Hayf ki, çoxdurlar belə adamlar,
Üzdə bir cürələr, dalda başqalar.
Həyatları boyu çalışsalar da,
Belə adamların əli boş qalar.
Bulaq suyundakı sərinliyin sirri onun dağların, daşların, qayaların dərinliklərindən süzülə-süzülə, ətirlənə-ətirlənə gəlməsindədir. Sözün səmimi səslənməsi isə onun ürəkdən deyilməsidir.
Ramiz Babayevin şeirləri ürəkdən gəlir, ürəkdən su içir. Çünki, ürəkdən gəlməyən şeir ürəyə yol tapmaz. Onun misralarında bədii sözün dəyəri, əzəməti və hikməti duyulur. Şeirlərindəki haray, dərd, göz yaşları oxuyanların mürgülü ruhunu oyadır. Şairin məhəbbət lirikasını hissiz, həyəcansız oxumaq olmur. Şairin təqdim etdiyi bu mövzularda göz yaşının-xoşbəxtliklə dərdin bir-birini tamamlaması aydın görünür:
Səndən ayrılalı neçə il olub,
Ruhuma od salıb neçə bahar, qış.
Sənə yalvarıram hələ gec deyil,
Qayıt gəl, mənimlə barış.
Başqa bir şeirində
Bütün cizgilərin tanışdır mənə,
Gözlərim olmasa taparam səni.
Qoşulsan payızın küləklərinə,
Bir dərə olaram, tutaram səni.
Kaş geri qayıda ötən günlərim,
Qəlbimdə çox söz var, söyləyəm sənə.
Gözündən nur ola mənim gözlərim,
Deyəm ki, mən səni sevirəm yenə.
Ümumiyyətlə təbiilik, səmimiyyət şairi oxucularına sevdirən əsas cəhətlərdəndir. Ömür yolunu, əsərlərini oxuduqca bir daha şahid olursan ki, Ramiz Babayevin həyatı və yaradıclığı bir-birini tamamlayır.
Mənə dözüm verin, yaşayım bir az.
Çəməndə, çiçəkdə hələ gözüm var.
Hələ bu dünyadan çox umacağım,
Hələ bu dünyaya çoxlu sözüm var.
-deyən şair düşünür ki, demək istədiklərinin hamısını deyə bilməyib. Bu yaxşı fikirdir. Demək şairin qəlbindəki hisslər və duyğular hələ tükənməyib. Şair söz axtarışındadır.
“Sənətkar ömrü bağban ömrüdür”-deyiblər. Əsl bağbanlar min zəhmətlə ərsəyə gətirdiyi bağda məqamında yaşıl və quru budama işi apardığı kimi, əsl sənətkar da özlərinin bağbanı olmalı, artıq sözlərdən yaradıcılığını təmizləməlidir. Şairin nəzərincə heyrət doğurmayan söz poetik ola bilməz. Şairi oxucuya tanıdan yeganə material obrazlı sözdür. Onun gücündən asılı olan çox şey var. Bu güc mənasında çox şeylər üzə çıxır, dilin sehrinə düşürsən. Əgər şairin sözləri insanı həyacanlandırmağı, ürəkləri təlatümə gətirməyi bacarmırsa, onda onun özünəməxsusluğunu təyin etmək, söz deyənlərin imzaları arasında imzasını sezmək mümkün deyil. Ramiz Babayevin də poeziyasında səmimiyyət, saf duyğular və heyrət doğuran poetik fikir hakimdir.
Şairin qələmindən çıxan bu beş kitab onun ədəbi mühitə bəxş etdiyi töhfə ilə yanaşı, həm də şairin oxucular qarşısında hesabatıdır. Söz axtarışında olan şairə uğular arzulayıram.
Rövşən Hüseynov,
Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi