26 sentyabr 2020 14:19
622

Ermənistana qarşı beynəlxalq sanksiyalar və onun tətbiqi mexanizmləri

Prezident İlham Əliyev milli lider olaraq dövlətimiz və xalqımız üçün strateji əhəmiyyətli məsələləri, onlardan irəli gələn baza prinsiplərini geniş beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq istiqamətində intensiv addımlar atmaqdadır. Əvvəlcə sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda, sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında və sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən səsləndirdiyi fikirlər fundamental xarakter kəsb edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı, YAP Beynəlxalq əlaqələr, mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirovun “Ermənistana qarşı beynəlxalq sanksiyalar və onun tətbiqi mexanizmləri” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə, həmçinin deyilir: “Azərbaycan dövlətinin rəhbəri görüş çərçivəsində, ilk növbədə, Ermənistanın son hərbi təxribatlarına diqqəti cəlb etdi və onları doğuran səbəblərə aydınlıq gətirdi. Prezident İlham Əliyev həmin səbəbləri 4 istiqamət üzrə müəyyən etdi. Birincisi, Ermənistanın müdafiə nazirinin “yeni ərazilər uğrunda yeni müharibə” militarist mahiyyətli “konsepsiya”sından çıxış edərək yeni torpaqlar işğal etmək və sonrakı danışıqlar prosesində mövqe üstünlüyünü qazanmaq, ikincisi isə Ermənistan əhalisinin diqqətini daxili problem və çətinliklərdən yayındırmaqdır. Ermənistan faktiki olaraq iqtisadi və siyasi böhran məngənəsində sıxılmaqdadır. Azərbaycandakı səfərbər olunmuş cəmiyyət, vətəndaş həmrəyliyi, güclü iqtidar və xalq birliyi Ermənistanda nəinki yoxdur, əksinə, zəif iqtidar və güclü müxalifət fonunda yeni inqilabın baş verməsi zaman keçdikcə daha çox labüd görünür. Üçüncüsü, münaqişəyə üçüncü tərəfi cəlb etmək istəyir. Təsadüfi deyil ki, iyul təxribatında məğlub olan Ermənistanın hərbi-siyasi rəhbərliyi qorxaqcasına Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yalvararaq kömək istədi. Rəsmi İrəvanın əli havada asılı vəziyyətdə qaldı. Bu hərbi-siyasi təşkilatın Ermənistandan savayı, bütün üzvləri ilə Azərbaycanın dost və işgüzar münasibətləri mövcuddur. Ermənistan Rusiyanın müttəfiqi olsa da, Kremldə Nikol Paşinyana münasibətdə etimadsızlıq mühiti formalaşıb. Onun özü də daxil olmaqla erməni siyasətçilərinin deyil, erməni xalqının Rusiyanın müttəfiqi olması ilə bağlı ikibaşlı fikirləri Moskvada olduqca soyuq qarşılanıb. Paşinyanın erməni elitasını xalqdan ayıraraq Moskvanın müttəfiqi kimi görməməsi haqlı olaraq Rusiya hakimiyyətində Paşinyanın Qərbin adamı olması ilə bağlı şübhələri daha da artırıb. Onun özünü məhz xalqın lideri adlandırması fonunda yuxarıda səsləndirilən mövqeyi çoxsaylı suallar doğurmaqdadır. Tapılan cavablar isə Kremlin Paşinyan hökumətinə olan məlum münasibətinin daha da kəskinləşməsinə xidmət göstərir. Nəhayət, Ermənistan hökumətinin son təxribatçı davranışının əsas səbəblərindən biri də danışıqlar prosesini pozmaqla bağlıdır. Paşinyan hökuməti yuxarıda sadalanan niyyətlərinin heç birinə nail ola bilmədi, yeganə arzusuna çatdığı məsələ danışıqlar prosesinin dayandırılması ilə bağlıdır. Bu məqsəd üçün Ermənistanın kriminal rejimi dəridən-qabıqdan çıxmaqdadır. Xankəndidə Ermənistanın baş nazirinin verdiyi “Qarabağ Ermənistandır” bəyanatı faktiki olaraq bu ölkənin danışıqları tərk etdiyini göstərdi. Təcavüzkar, militarist və irticaçı hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul etmək, danışıqlar masası ətrafında oyuncaq separatçı rejimi əyləşdirmək cəhdləri, işğal altındakı ərazilərimizdə qondarma seçkilər keçirmək və qondarma “prezident”in andiçmə mərasimini Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada təşkil etmək, zəbt olunmuş torpaqlarımıza Suriya və Livandan erməni mənşəli insanları köçürməklə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirmək, yaşlı və qadınları da məcbur etməklə on minlərlə mülki insanın cəmləşdiyi hərbi hissələr formalaşdırmaq, onların sıralarını Yaxın Şərqdən gətirilmiş terrorçularla zənginləşdirmək istiqamətində atılmış addımlar eyni məqsədə - danışıqların kəsilməsi və müharibəyə hazırlıq məqsədinə xidmət göstərir. Bu reallıq fonunda münaqişənin tənzimlənməsi mandatına sahib olan ATƏT-in Minsk qrupunun fəaliyyəti Azərbaycan ictimaiyyətində haqlı məyusluq doğurur. Onların ünvansız bəyanatları işğalçı Ermənistanda arxayınlıq sindromunu daha da möhkəmləndirir və onu yeni təcavüzkar hərəkətlərə şirnikləndirir. Dövlətimizin başçısı İlham Əliyev qeyd etdiyi kimi : “Onların bu cür davranmaq imkanında olmasının səbəbi ondan ibarətdir ki, onları dayandıran yoxdur. Minsk qrupunun həmsədrləri onları dayandırmır. Minsk qrupunun bəyanatları birbaşa ünvanı olmayan bəyanatlardır”.

Sonda obyektivlik naminə onu da qeyd edək ki, beynəlxalq birliyin məlum münaqişə ilə bağlı həmrəy mövqeyi var. Həmin mövqeyə görə, işğal altında olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon Azərbaycanın ayrılmaz hissəsidir. Deməli, burada müzakirə olunacaq bir məsələ yoxdur. Sadəcə, beynəlxalq birliyin iradəsi yerinə yetirilməlidir. Ermənistanı dayandırmaq üçün BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamə icra olunmalıdır. Ermənistanın beynəlxalq birliyin iradəsinə zidd davranışına hüquqi qiymət verilməli və təcavüzkara qarşı sanksiyalar tətbiq olunmalıdır. Yeri gəlmişkən, onu da xüsusi olaraq qeyd edək ki, 19 fəsil və 111 maddədən ibarət olan BMT Nizamnaməsinin 41-ci maddəsi sanksiyalar rejimini özündə ehtiva edir. Hazırda BMT Təhlükəsizlik Şurası tərəfindən 14 sanksiya rejimi tətbiq olunur. Bunlar, ilk növbədə, 3 istiqamət üzrə sanksiyaları nəzərdə tutur - münaqişələrin siyasi tənzimlənməsinə dəstək, kütləvi qırğın silahlarının yayılmasının qarşısını almaq və terrorizmə qarşı səmərəli mübarizə.

Göründüyü kimi, birinci istiqamət üzrə məsələlər kontekstində Ermənistana qarşı sanksiyaların tətbiqinin ciddi hüquqi əsasları vardır. Ermənistana münasibətdə məcburetmə tədbirləri aşağıdakı sahələri əhatə edə bilər:

İqtisadi və ticarət sanksiyaları;

Silah təchizatına embarqo;

Rəsmi şəxslərə qarşı sanksiyalar;

Maliyyə məhdudiyyətləri;

Xammal məhsulları ilə ticarətə qadağa və sair.

Yalnız sanksiyaların təzyiqi altında Ermənistanla danışıqlar masası arxasında oturmaq mümkündür. Belə danışıqların konstruktiv olacağı şübhə doğurmur.

Bu reallıq fonunda sədr ölkə olaraq Azərbaycan məhz Qoşulmama Hərəkatının növbəti sammitində BMT-də islahatlar məsələsini və bu kontekstdə Ermənistana qarşı universal beynəlxalq təşkilatın sanksiyalar mexanizminin yaradılmasını xüsusi müzakirə mövzusuna çevirə bilər”.