AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə Azərbaycanın qəhrəmanlıq tarixinə vurulan ləkəni Milli Ordumuzun cəsur əsgərləri təmizləyirlər
«Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik olmayacaq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın» söyləyən Prezident, Ali Baş Komandan İlham Əliyevin sözlərini qəhrəmanlıqları ilə həqiqətə çevirən şanlı ordumuzun əsgərləri düşmənə vurduqları ağır zərbələrlə müdafiə qüdrətimizin sarsılmazlığını göstərirlər. Torpaqlarımızın hər qarışı uğrunda döyüşlərin getdiyi bir vaxtda dünya azərbaycanlıları, türk dünyası, müsəlman ölkələri Azərbaycanla həmrəyliklərini göstərərək torpaqlarımızın işğaldan azad olunması, haqq, ədalət uğrundakı mübarizəmizə dəstək göstərirlər. Cəbhə bölgəsində qanlı döyüşlərin getdiyi bu günlərdə Ermənistanın törətdiyi təxribatlara əks- hücumları ilə cavab verən hərbçilərimiz alınmaz qala kimi düşmən qarşısında canlı sipərə çevrilərək illərdən bəri işğal altında qalan torpaqlarımızı azad edirlər. Yadellilərdən xilas edilən, qəribsədiyi doğma sakinlərinin nəfəsi ilə canlanan, üçrəngli bayrağımızın dalğalandığı kəndlərimizin sayı artdıqca şücaətləri ilə düşmənə gözdağı verən əsgərlərimizin əhval-ruhiyyəsi, qələbə əzmi də artır. İşğaldan azad olunan kəndlərimiz, strateji yüksəkliklərimiz xalqımızı böyük və tam qələbəyə yaxınlaşdırır. Milli Ordumuzla daim bir olan Azərbaycan xalqının bu günlərdə daha çox birlik nümayiş etdirməsi və həmrəy olması hər bir vətəndaşda «Zəfər bizimdir!» inamını gücləndirir.
Bu günlərdə Prezident, Ali Baş Komandan İlham Əliyevə ünvanlanan vətəndaş məktublarında dövlət başçımızla həmrəylik, Milli Ordumuza mənəvi dəstək ifadə olunur. Bildirilir ki, Prezident İlham Əliyevin daxili və xarici siyasəti, diplomatik uğurları Azərbaycan xalqını bir bayraq altında birləşdirir.
Azərbaycanda yaşayan etnik icma rəhbərlərinin, ölkəmizdə fəaliyyət göstərən əlli siyasi partiya sədrlərinin bəyanatlarında, mədəniyyət xadimlərinin və yaradıcı şəxslərin xalqa müraciətində də qeyd olunur ki, müxtəlif millətlərin əbədi Vətəni olan Azərbaycanın hər bir vətəndaşı torpaqlarımız uğrunda döyüşən və düşmən üzərində üstünlüyünü göstərən Milli Ordumuzun uğurları ilə qürur duyur. Dağlıq Qarabağ uğrunda müharibədə həlak olanlar, Milli Qəhrəman adını alanlar arasında başqa millətlərin nümayəndələrinin də olması Azərbaycandakı milli həmrəyliyin nümunəsidir.
Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında söylədikləri, dövlət başçımızın xalqa müraciətində deyilənlər göstərir ki, hərb tariximizin yeni səhifələrini yazan Milli Ordumuzun rəşadətli əsgərləri bu döyüşlərdən də zəfərlə çıxacaq. Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yazan əsgər və zabitlərin keçdiyi döyüş yolu gələcək nəsillərə də nümunə olacaq.
Təəssüf doğuran məsələ isə həmişə Vətənə, xalqımıza , milli maraqlarımıza müxalif olan AXCP-nin və Müsavat Partiyasının belə ağır günlərdə də xəyanətkarlıqlarını bildirmələridir. Siyasi partiyaların bəyanatlarına qoşulmayan hər iki xəyanətkar qurum bir daha ermənilərlə həmrəyliklərini bildirdilər. Cəmiyyətdə bütün dayaqlarını itirən, siyasi cahilliklərini nadanlıqları, satqınlıqları ilə bildirən, illərdən bəri xalqımıza qarşı xəyanətləri ilə ikrah doğuran, sivil mübarizə aparmaq imkanından məhrum olan əbədi məğlublar, populist düşüncə mənsubları bu əməlləri ilə bir daha özlərinin «yarpaq tökümü» mövsümünü tezləşdirdilər. Ağır psixoloji durumda olan bu antiAzarbaycançı kəsimin, aqressiv, radikal təmsilçiləri hələ də xarici havadarlarının əmrlərini yerinə yetirərək antimilli mövqelərini «redaktə etməkdən» belə məhrumdurlar. Çünki onlarda Vətənə məhəbbət, torpağa sədaqət ruhu çoxdan qrant bazarında hərraca qoyulub və satılıb.
2005-ci ildə nəzarətində olan «Yeni fikir» gənclər təşkilatının sədri Ruslan Bəşirlini Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edən AXCP sədri Əli Kərimli illərdən bəridir ki, ermənilərlə əməkdaşlıq edir. Atası Əli Kərimlinin xəyanətlərini təkrarlayan oğlu xarici ölkələrdə yaşayan ermənilərlə ziyafət məclisləri təşkil edir, bahalı maşınlarda gəzir.
AXC-Müsavatı iqtidarı dövründə ölkəmizdə baş verənləri yada salmaqla hər iki qurumun həmişə xalqa xəyanət etdiklərini xatırlamış olarıq. 20 Yanvar hadisələrində, xarici dövlətlərin planlaşdırdıqları, daxili xəyanətkarların iştirakı ilə 1994-1995-ci illərdə törədilən dövlət çevrilişlərinə cəhdlərdə də başqalarını təlimatlandırıb, özləri isə pərdə arxasında gizlənən Əli Kərimli və satqın tərəfdaşları o zamanlarda da xalqa müxalif cəbhədə dayanaraq, ümummilli mənafe və maraqları havadarlarının qrantlarına dəyişdilər. Buqələmun kimi rənglərini, ağalarını dəyişən Əli Kərimlinin və milli mənsubiyyəti , təəssübü olmayan «Milli Şura»nın xəyanətkar üzvlərinin Azərbaycanda təxribatlar yaratmaq cəhdləri, keçirdikləri uğursuz aksiya və mitinqlər bu əqidəsizlərin iç üzlərini ictimaiyyətə tanıtdı. Qarabağ uğrunda döyüşlərdə mətanət göstərən əsgərlərimizin ermənilər üzərində üstünlüyündən məyus olan «islahatçı»lar, müsavatçılar ermənilərdən betər yasa batıblar. Özlərini Azərbaycan xalqının möhkəmlənən birlik və həmrəyliyindən kənarda saxlayan vətənsizlərin bu hərəkəti onlara nifrəti daha da artırdı.
Təhlükəsizlik Şurasının iclasında Dağlıq Qarabağ münaqişəsinin yarandığı ilk illərdəki vəziyyət barədə danışan Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan rəhbərliyində olmuş şəxslərin səbatsızlığı üzündən dünya erməniliyi Azərbaycanı beynəlxalq ictimaiyyətə işğalçı, təcavüzkar kimi təqdim edirdi: «Qarabağ torpaqlarının itirilməsinin səbəbkarı Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyasıdır. Məhz onların dövründə torpaqlarımız işğal altına düşüb. Onların xəyanətkar, yarıtmaz fəaliyyəti nəticəsində biz bu torpaqları itirmişik. Mən həmişə deyirdim ki, biz müvəqqəti itirmişik, biz bu torpaqlara qayıtmalıyıq. Şuşanın satılması sırf o vaxt hakimiyyət uğrunda gedən mübarizənin nəticəsində baş vermişdir. Kəlbəcərin, Laçının işğal altına düşməsi Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin birbaşa məsuliyyətidir. Məhz bu işğaldan sonra demək olar ki, növbəti işğal da qaçılmaz oldu. Çünki Laçının, Kəlbəcərin, Şuşanın işğal altına düşməsi Dağlıq Qarabağ ilə Ermənistan arasında coğrafi bağlantı yaratmışdır. Belə olan halda əlbəttə ki, o bölgələrə, Dağlıq Qarabağa silah təchizatı, ondan sonra digər maddi resursların təchizatı asanlaşmışdır.»
Bu gün ölüm-qalım savaşında igidlik göstərən Milli Ordumuz Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Müsavat Partiyasının yarıtmaz əməllərinin nəticəsi olan bu ləkəni təmizləyir, 2016-cı ildə göstərdiyi mübarizliyi davam etdirir.
Son günlərdə keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində bir neçə yaşayış məntəqəmiz işğalçılardan azad edildi, strateji yüksəkliklər Azərbaycan hərbçilərinin nəzarətinə keçdi. Ali Baş Komandan İlham Əliyevin güclü siyasi iradəsinə əsaslanan Azərbaycan Ordusu öz qətiyyətini bütün cəbhə boyu göstərir. Azərbaycan xalqı əmindir ki, bu yaxınlarda Prezident, Ali Baş Komandan İlham Əliyevin «Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!» sözlərinin real öz tədiqinin tapmasının həyatda şahidi olacaqlar.
Xuraman İsmayılqızı, «İki sahil»