«60 dəqiqə»də Ermənistanın 30 illik işğalçılıq siyasəti «qeyri-kafi», Prezident İlham Əliyevin diplomatiyası isə «əla» qiymətləndirildi
Prezident İlham Əliyevlə Nikol Paşinyanın debatına «Tvitter» hesabında şərh verən rusiyalı hərbi ekspert İqor Korotçenkonun bu sözləri Ermənistanın baş nazirinə siyasi şapalaqdır: «Əliyev Paşinyanı «bağladı”» - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) məktəbi bu deməkdir”. «Paşinyan hər kəsə zəng elədi? Bəs Sorosa zəng elədi?»
Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda Qoşulmama Hərəkatı və Azərbaycan adından çıxış edən Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar açıqlamasında bildirdi ki, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək onminlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir: «Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı «yeni ərazilər uğrunda yeni müharibə»” bəyanatları ilə hədələyir.»
Prezident İlham Əliyev bu barədə bir sıra dövlətlərə, eləcə də beynəlxalq təşkilatlara müraciətində Ermənistanın təcavüzkarlıq siyasəti ilə bağlı yaranacaq daha təhlükəli vəziyyəti diqqətə çatdıraraq bildirirdi ki, Ermənistan müharibəyə hazırlaşır, kənardan müəyyən muzdlular gətirilir, Rusiyadan çoxsaylı hərbi yardımlar alır. Ermənistanın iyul ayında törətdiyi təxribat nəticəsində yaranan gərginliyi, erməni silahlıları tərəfindən Azərbaycanın yüksək rütbəli hərbçilərinin, mülki şəxsin qətlə yetirilməsini diqqətə çatdıran cənab İlham Əliyev bununla da beynəlxalq təşkilatlara müharibənin qarşısını almağın vacibliyi xəbərdarlığını etdi. Lakin 30 ildən artıq müddətdə Ermənistanı müdafiə edən dövlətlər, beynəlxalq təşkilatlar Ermənistanı müharibədən çəkindirmək üçün heç bir tədbir görmədilər.
Münaqişənin həllində maraqlı olmayan, əksinə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini dəstəkləyən havadarları kimi, problemin həllində birbaşa məsuliyyət daşıyan, işğal altında qalan torpaqların Azərbaycana qaytarılmasını əks etdirən «status-kvo»nun yolverilməzliyi ilə bağlı bəyanatlar imzalayan ATƏT-in Minsk qrupunun həmsədrləri - Rusiyanın, Fransanın və ABŞ-ın dövlət başçıları Ermənistana heç bir təsir göstərmədilər. Azərbaycanın haqq səsi eşidilmədi.
Dünya ictimaiyyətinin etinasızlığının nəticəsi isə sentyabrın 27-də Ermənistanın başladığı və bu gün də davam edən müharibə oldu.
Ermənistanın ölkəmizə qarşı təxribatının qarşısını əks-hücumları ilə alan, düşmənə ağır zərbə vuraraq layiqli cavab verən Azərbaycan Ordusunun həmlələrinə tab gətirməyən işğalçı illərdən bəri onu dəstəkləyənlərdən kömək istəyir.
Əks-hücumlar başlayandan sonra dünyanın bir neçə dövlət başçısı Prezident İlham Əliyevlə əlaqə saxlayaraq tərəfləri danışıqlar masasına dəvət edib. Yaranmış ciddi vəziyyətlə bağlı müraciətlərə
Prezident İlham Əliyevin cavabı qəti və birmənalıdır: Xalqımız və dövlətimiz ərazi bütövlüyünü bərpa etməkdə israrlıdır və artıq bir sıra kəndlər, yüksəkliklər azad edilib.
Maraqlıdır. Görəsən Ermənistan Azərbaycan torpaqlarını işğal edəndə, bir milyondan artıq azərbaycanlı doğma torpaqlarından çıxarılanda, bir gecədə 613 nəfərin qətlə yetirildiyi, diri-diri yandırıldığı Xocalı soyqırımı törədiləndə bu « barışıq tərəfdarlarının» səsi niyə eşidilmədi?
Dağlıq Qarabağla bağlı qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməsi ilə maraqlanmayan BMT-nin Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qapalı iclasında iştirak edən diplomatlar niyə bu nüansa aydınlıq gətirib, məsuliyyətlərini yada salmadılar?
Ermənistanın torpaqlarımızı işğal etdiyi gündən bütün səviyyələrdə etdiyi çıxışlarda bu məsələləri diqqətə çatdıran Prezident İlham Əliyev haqlı olaraq bildirir ki, Azərbaycanın Milli Ordusu işğal altında qalan torpaqlarımızın azad edilməsində, Ermənistanın təxribatlarının qarşısının alınmasında israrlıdır. Bunun üçün dövlətimizin çox ciddi siyasi iradəsi var və ərazilərimiz son qarışına qədər işğaldan azad ediləcək. Ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatları xalqımız tərəfindən qürur və sevinclə qarşılanır. Xalq dövlətini, Ali Baş Komandanını, ordumuzun qətiyyətli hücum əməliyyatlarını dəstəkləyir.
«Rossiya-1»” telekanalında yayımlanan «60 dəqiqə» proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə də vəziyyət şərh olundu. Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı debat maraqla izlənildi. Aparıcıların yaranan vəziyyətlə bağlı suallarını cavablandıran Prezident İlham Əliyev sərrast, hədəfə ünvanlanmış, faktlara əsaslanan açıqlamaları ilə ondan sonra çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyanı bir daha rəzil vəziyyətə saldı.
Sualları kəkələyə-kəkələyə, ehtiyatla cavablandıran Nikol Paşinyan «60 dəqiqə»də siyasi savadsızlığını göstərdi.
Cəbhədə vəziyyətin gərgin olduğunu bildirən Prezident İlham Əliyev diqqətə çatdırdı ki, sentyabrın 27-də ermənilərin başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri, döyüş mövqeləri şiddətli artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində uşaqlar da daxil olmaqla Azərbaycanın dinc sakinləri, hərbi qulluqçular həlak olublar. Davam edən şiddətli döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini, strateji yüksəklikləri işğaldan azad edib.
Suala uyğun Türkiyə - Azərbaycan həmrəyliyinə toxunan Prezident İlham Əliyev Ermənistanı daim təşvişdə saxlayan bu qardaşlığın əsrlərə söykəndiyini bəyan etdi. Bildirdi ki, Ermənistanın Azərbaycana hücum etdiyi andan Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycana mənəvi, beynəlxalq hüququ əks etdirən dəstək göstərilib. «Hesab edirəm ki, Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə bizə qardaş ölkə və bizim müttəfiqimizdir. Ona görə ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozur. Türkiyənin rolu, əslində, məhz bundan ibarətdir, başqa heç bir rolu yoxdur. Türkiyə bizə mənəvi dəstək göstərir və biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır.» Belə ki, Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən Ermənistanın Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması da yalandır. Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir. Məsələyə «Əvvəla, öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin belə təsəvvür yaratmaq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışmaq. Buna görə sizə məsuliyyətlə bəyan edirəm ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur» sözləri ilə aydınlıq gətirən Prezident İlham Əliyev bundan sonra tərəflər arasında danışıqların davam etməsi məsələsinə də toxundu. Qeyd etdi ki, Azərbaycan illər boyu işlənib hazırlanmış, Minsk qrupunun və onun həmsədrlərinin nizamlama prinsiplərinə, formatına sadiqdir: «Münaqişənin yalnız iki tərəfi var. Bəzən münaqişədən söhbət gedəndə bütün tərəflər haqqında danışırlar. Bu, düzgün anlayış deyil. Bütün tərəflər yoxdur, yalnız iki tərəf var - Ermənistan və Azərbaycan. Lakin son illər ərzində, Ermənistandakı indiki hakimiyyətin törətdiyi Soros çevrilişindən sonra nələr baş verib? Ermənistanın baş naziri açıq-aşkar bəyan edir ki, «Qarabağ Ermənistandır və nöqtə”.» Belə olan halda hansı danışıqlar prosesindən söhbət gedə bilər?»
Yəni, Ermənistanın baş nazirinin bu sərsəmləməsi danışıqlar prosesini pozur və əlavə şərhə ehtiyac qalmır. Ermənistan Livandan olan erməniləri Azərbaycanın işğal edilmiş ərazilərində, Şuşa şəhərində məskunlaşdırır ki, bu proses Cenevrə Konvensiyasının pozulması deməkdir.
«Üstəlik, daha bir səbəb Ermənistanda mövcud olan daxili siyasi böhrandır. Axı, bu gün Ermənistanda Soros rejimi mövcuddur. Belarusda baş tutmayan çevriliş iki il bundan əvvəl Yerevanda baş tutdu. Bu gün Paşinyanın şəxsində Ermənistanın rəhbəri Sorosun əlaltısıdır. Bu adam çoxlu vədlər verib və bu vədləri yerinə yetirə bilmir, əslində, ölkə böhran içindədir» söyləməklə Paşinyanın əhalinin diqqətini yayındırmaq üçün təxribatlardan istifadə etdiyini də bildirdi.
Davam edən döyüşlərdə Azərbaycan tərəfindən Suriyadan heç bir muzdlunun olmadığını vurğulayan Prezident İlham Əliyev bu yalanı erməni təxribatı adlandırdı.
«Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin» söyləyən Prezident İlham Əliyev Azərbaycanın təhlükəsizliyini müdafiə etmək qabiliyyətinə malik ordusunun qüdrətini güclü siyasi iradənin məntiqi nəticəsi kimi diqqətə çatdırdı.
Bütün dünya ictimaiyyətinin diqqətlə izlədiyi Azərbaycan iləErmənistan arasında davam edən döyüşləri qətiyyətli dövlət başçısı, hazırlıqlı diplomat kimi təhlil edən Prezident İlham Əliyevin hədəfə hesablanmış açıqlamasını qiymətləndirən və debata «Tvitter» hesabında şərh verən rusiyalı hərbi ekspert İqor Korotçenkonun bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyana siyasi şapalaqdır: «Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ hadisələri ilə bağlı eksklüziv şərhlər etdiyi «60 dəqiqə»” verilişinin canlı yayımında idim. Əliyev Paşinyanı «bağladı”» - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) məktəbi bu deməkdir”. «Paşinyan hər kəsə zəng elədi? Bəs Sorosa zəng elədi?»
Xuraman İsmayılqızı, «İki sahil»