30 sentyabr 2020 19:14
610

Azərbaycan öz qanuni torpaqlarının sahibidir

Jalə Əliyeva: Azərbaycan öz qanuni torpaqlarının sahibidir və bu sahiblik hüququnu da kimsəyə verməyəcək

«Prezident İlham Əliyev hər zaman Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün beynəlxalq platformalardan məharətlə istifadə edir. Ölkə başçımız BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasdakı çıxışında ölkəmizin milli maraqlarını bir daha bütün mahiyyəti ilə ortaya qoydu, Qoşulmama Hərəkatının üzvü olan ölkələrin və Azərbaycan adından çıxış edərkən Ermənistanın işğalçılıq siyasətini faktlarla ifşa etdi.  Cənab Prezident bir daha dünya birliyinin nəzərini Ermənistanın işğal olunmuş ərazilərimizdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirdiyinə yönəltdi. Bundan əlavə, ölkə başçımız Ermənistanın insani dəyərləri heçə sayaraq işğal olunmuş ərazilərimizdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv etməsini nəzərə çatdırdı. Bildirdi ki, bu azmış kimi Ermənistan qəsdən qoşunların təmas xətti və sərhəd boyunca mülki əhalini hədəf alır və təxribatlar törətməkdə davam edir.»

Bu fikirləri İkisahil.TV-yə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

Jalə Əliyeva bildirib ki, Qarabağ münaqişəsinin başlamasından düz 32 il ötür. Eyni zamanda, 1993-cü ildə Kəlbəcərin və digər bölgələrimizin işğalından sonra BMT Təhlükəsizlik Şurası tərəfindən ard-arda qəbul olunan 4 məlum qətnamənin ortaya qoyulmasından 27 ilə yaxın zaman keçir”. Ermənistan-Azərbaycan münaqişəsinin sülh və danışıqlar yolu ilə tənzimlənməsindən ötrü yaradılan ATƏT-in Minsk Konfransının (Minsk qrupunun) təsisindən 28 il, həmsədrlər institutunun formalaşdırılmasından 26 il, 3 həmsədr dövlətin (Rusiya, Fransa və ABŞ) vasitəçilik missiyasına başlamasından 23 il keçməsinə baxmayaraq, yekun nəticə hasil olmayıb. Bu müddət ərzində nə sülh danışıqları prosesi bir nəticə verib, nə də məlum 4 qətnamənin icrası mümkün olub. Təəssüflər olsun ki, Qarabağda, Ermənistanda  yüzminlərlə həmvətənimizin öz dədə-baba yurdlarından zorla, vəhşicəsinə qovulmasına, son deportasiya zamanı Quqarkda, Masisdə azərbaycanlı gənclərin dəmir borulara doldurularaq, ağızları qaynaqlanaraq, qəddarcasına, barbarcasına qətlə yetirilməsində, Xocalı, Ağdaban, Meşəli, Cəmilli, Qaradağlı, Bağanıs-Ayrım qətliamlarında əli olanlar hələ də cəzalandırılmayıblar.  Nə BMT və onun Təhlükəsizlik Şurası, nə də vasitəçilik missiyasını yerinə yetirməli olan ATƏT-in Minsk qrupu və onun həmsədrləri üzərilərinə düşən vəzifəni icra etməyiblər. Sadəcə, təsiri olmayan, işğalçı ilə işğala məruz qalanı eyniləşdirən bəyanatlarla, söz yığını olan açıqlamalarla çıxış ediblər. Hansı ki, münaqişənin sülh və danışıqlar yolu ilə, özü də müsbət və ədalətli həllinə nail olmaq, regionda sülhə, təhlükəsizliyə təhdid olan hallara son qoymaq, ədaləti bərqərar etmək onların birbaşa hakimlik-orbitrlik borcu və vəzifəsidir. Ancaq onlar ötən dövrdə demək olar ki, vəziyyəti yola verməklə, sadəcə, regiona turist səfərləri etməklə, yeyib-içməklə gün keçiriblər. Bir çox hallarda az qala Ermənistanın vəkili, vəziri, sözçüsü rolunda çıxış ediblər. Açıq şəkildə demək lazımdır ki, hər 3 həmsədr ölkə-Rusiya, Fransa və ABŞ tarixən ermənipərəstliyi ilə fərqləniblər. Xüsusilə ötən illər ərzində Fransa ilə Rusiya daha çox ermənipərəst mövqe sərgiləyiblər. Bu nə onların vasitəçilik missiyasının ruhuna, nə də ölkələrimiz arasında mövcud olan əməkdaşlığın, bəzi hallarda tərəfdaşlığın ruhuna, mahiyyətinə uyğundur. Ələlxüsus, Şimal qonşumuzun mövqeyi bir çox hallarda ziddiyyətli, ziyanlı və xoşagəlməyən təsir bağışlayır. ATƏT-in Minsk qrupunun 3 həmsədrindən biri olmasına rəğmən, Rusiya tərəfindən münaqişə başlanandan, xüsusilə 90-cı illərdən işğalçı və təcavüzkar ölkə zaman-zaman silahlandırılıb. Buna 90-cı illərin əvvəllərində də, 90-cı illərin ortalarında da, sonrakı illərdə də, elə bu günlərimizdə də rast gəlinib. Bunlar artıq gizlədilməsi mümkün olmayan faktlardır, gerçəkliklərdir. Hər şeyi artıq adı ilə demək, çağırmaq lazımdır. Çünki bu faktlar, gerçəkliklər hətta zaman-zaman onların öz siyasiləri, rəsmiləri tərəfindən də etiraf olunub, dilə gətirilib. Heç təsadüfi deyil ki, sonuncu telefon danışıqlarında Azərbaycan Prezidenti cənab İlham Əliyev bu yöndə olan faktları, o cümlədən sonuncu faktı həmsədr dövlətin-Rusiyanın Prezidenti cənab Vladimir Putinin diqqətinə çatdırıb, Azərbaycan cəmiyyətinin haqlı narahatlığını və narazılığını ifadə edib”.

Deputat qeyd edib ki, artıq bizim səbrimizin də bir həddi-hüdudu var. Onlar nəhayət, ya ədalətin, həqiqətin keşiyində dayanıb, öz missiyalarına uyğun şəkildə davranıb Ermənistanı işğaldan çəkindirməli, onu sülhə məcbur etməli, ya da missiyalarından könüllü əl götürüb kənara çəkilməlidirlər. Ümumiyyətlə, 32 ildir səbr, dözüm göstərmişik. Həm iyul hadisələri, həm də son bir neçə gündə baş verənlər səbrə, dözümə artıq yer qalmadığını göstərdi. Hərb variantından, müharibədən başqa yolumuzun olmadığını ortaya qoydu. Bunu biz istəmirdik, bunu Ermənistan, onun havadarları istəyirdi və istədiklərini də aldılar, alacaqlar. Onlara layiqli cavab verilib, verilir və veriləcək. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətlə deyib: «Mən Azərbaycan xalqına bu məlumatı verməklə bir daha demək istəyirəm ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik».

Azərbaycan öz qanuni torpaqlarının sahibidir və bu sahiblik hüququnu da kimsəyə verməyəcək. Ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın qeyd etdiyi kimi, "Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq! Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir! Bizim işimiz haqq işidir və Allah bizimlədir!" Bu gün Azərbaycan Ordusu bir daha nəyə və nələrə qadir olduğunu bir daha göstərir. Uca Tanrı möhtəşəm qələbə sevincini bizlərə yaşadan Azərbaycan Prezidentini və qüdrətli Ordumuzu qorusun.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva,
«İki sahil»