Gürcüstanda koronavirusa yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir.
Son 24 saat ərzində ölkədə daha 448 nəfərdə koronavirus aşkar olunub.
COVID-19 virusuna yoluxma hallarına görə Acarıstan bölgəsi liderlik edir. Son 448 yoluxmadan 241-i Acarıstanda qeydə alınıb. İmereti bölgəsində 98, paytaxt Tbilisidə 62, Sameqrelo-Zemo Svanetidə 15, Samtsxe-Cavaxetiyada 9, Şida-kartlidə 7, Kvemo Kartlidə isə 2 yeni yoluxma halı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopcog.ge saytında məlumat yerləşdirilib.
Bildirilir ki, ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 6640-a çatıb.
Pandemiya qurbanlarını sayı isə 40-dır.
Hazırda ölkə üzrə 5392 nəfər karantində, 836 nəfər stasionar nəzarətdədir.
Daha 1100 nəfər isə COVID-mehmanxanalarda saxlanılır.