03 oktyabr 2026 21:09
53

Zelenski: Ukrayna Rusiya neft emalı zavodlarına zərbələrin sayını iki dəfə artıracaq

Ukrayna, Kiyevin və digər şəhərlərin yaşayış sahələrinə zərbələrin artırılmasını nəzərdə tutan Moskvanın yeni hərbi siyasətinə cavab olaraq dinc əhaliyə hücumlar istisna olmaqla, Rusiya neft emalı zavodlarına zərbələrin sayını iki dəfə artıracaq.

“İki sahil” xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə "Reuters" agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Ukrayna kəşfiyyatı Rusiya hakimiyyət orqanlarının qış mövsümündən əvvəl "yeni doktrina" hazırladığını və insanların Ukrayna paytaxtından və digər şəhərlərdən köçürülməsi məqsədi ilə mülki şəxslərə hərbi hücumları genişləndirdiyini göstərən sənədlər əldə edib. "Sənədləri gördük və bilirik ki, onlar insanları paytaxtdan və digər şəhərlərdən çıxmağa məcbur etmək üçün infrastrukturu, logistikanı, yolları, məktəbləri, xəstəxanaları hədəf almağa imkan verir. Əməliyyatın məqsədi budur", - Zelenski deyib. Onun sözlərinə görə, kursun dəyişməsinə Rusiya ordusunun əsas cəbhə bölgəsindəki ərazilərini itirməsi və ağır itkilər səbəb olub. Zelenski bildirib ki, Ukraynanın davam edən "Vivaldi" kod adlı əks-hücumu Rusiyanın istənilən sülh müqaviləsi çərçivəsində nəzarət etməyi planlaşdırdığı şərqi Donbasın təxminən 140 kvadrat kilometrlik ərazisini azad edib.