07 oktyabr 2020 17:58
2864

Müsəlman ölkələri Azərbaycanın ədalət mübarizəsini dəstəkləyir

Qardaş Türkiyə həm regionda, həm də dünyada söz sahibidir 

Sivilizasiyalararası dialoq mərkəzi kimi tanınan Azərbaycanın bəşəri dəyərlərə sadiqliyi, insanlığa hörməti ölkəmizdə keçirilən mühüm beynəlxalq forumlarda, dialoqlarda yüksək qiymətləndirilir. Müxtəlif dinlərə məxsus millətlərə  dünyada sülhün və əmin-amanlığın qorunması naminə edilən çağırışlar da Azərbaycandan səslənmişdir. Son günlərdə  Ermənistanın Azərbaycana qarşı təxribatları nəticəsində davam edən müharibədə  xalqımızın haqq işini,  torpaqlarımızın işğaldan azad edilməsi uğrundakı mübarizəsini dəstəkləyən dövlətlər erməni silahlılarının mülki insanların qətlə yetirilməsini bəşəri cinayət adlandırır və pisləyirlər. Belə ağır günlərdə  Azərbaycana mənəvi dəstək olan müsəlman dövlətlərinin ölkəmizlə həmrəyliyi daha vacibdir.  Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olan Pakistanın ölkəmizlə möhkəmlənən əməkdaşlığı  daha artıq hiss olunur. Paytaxtımızda Azərbaycanın, Türkiyənin, Pakistanın dövlət bayraqlarının qoşa asıldığı ünvanların sayı artır.

Dağlıq Qarabağ münaqişəsi başlanan gündən Azərbaycanla həmrəyliyini siyasi, diplomatik, hərbi sahədə göstərdiyi dəstəyi ilə  bildirən  qardaş Türkiyənin  daim Azərbaycanın yanında olması, cəbhədə baş verənlərlə daim maraqlanması təkcə Ermənistanı deyil, işğalçını dəstəkləyən havadarlarını da diksindirir. İşğal altında qalan torpaqlarımız uğrunda  döyüşlərin intensivləşdiyi bir məqamda Türkiyənin diplomatik, hərbi nümayəndələrinin ölkəmizə rəsmi səfərləri, Ermənistana ünvanlanan ciddi xəbərdarlıqlar İslam həmrəyliyinin də  ifadəsidir.

Təkcə Türkiyənin deyil, Pakistanın,Əfqanıstanın, Şimali Kiprin, Bosniya və Herseqovinanın, başqa  müsəlman ölkələrinin Azərbaycanın haqq, ədalət uğrunda  mübarizəsini dəstəkləməsi islam həmrəyliyinin dünya dövlətlərinə terrorçu, separatçı Ermənistana qarşı etiraz çağırışıdır.  Azərbaycanın rayonlarını intensiv atəşə məruz qoyan Ermənistanın mülki əhalini hədəf seçməsi, uşaqları qətlə yetirməsi işğalçının faşist ideologiyasına sadiqliyini  dünyaya bəyan edir. Prezident İlham Əliyevin   «Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir. Mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib. Ermənistanın rəsmi ideologiyasında «Azərbaycanofobiya»” siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və «Azərbaycanofob”» fikirlər əks olunub» sözlərini təsdiqləyən erməni cəlladlarının vəhşiliyi nəticəsində qətlə yetirilənlər üçün cinayət məsuliyyəti daşımalı olan Ermənistanın  təmas xəttindən kənarda yerləşən ərazilərimizi də   toplardan, iri çaplı  pulemyotlardan atəşə tutması, insanların daha  sıx məskunlaşdığı ərazilərə bombalar yağdırması faşizmə xas qəddarlıqdır.

Ermənistanın bu hərəkəti dünyada  törədilən terrorları İslam dini ilə əlaqələndirən, müsəlmanlar haqqında fobiya   yaradan xristian dini radikal qruplaşmalarının illərdən bəri apardıqları təbliğatları alt-üst edir.  Artıq bütün dünya ictimaiyyəti bilir ki,  Ermənistanda islamofobiya  pik həddinə çatıb. Erməni faşistlərinin  Azərbaycanın dinc vətəndaşlarına qarşı  törətdikləri terrorları qətiyyətlə pisləyən dövlətlər bəyanatlarında bildirirlər ki, tolerant ölkə olan Azərbaycanda multikulturalizm bu ölkənin həyat tərzidir və islamofobiyaya qarşı açıq  mübarizə aparır. Təcavüzkar Ermənistanı dəstəkləyən Fransanın prezidenti Emmanuel Makrona xatırladaq ki,  təkcə İslami deyil, bəşəri dəyərlərə, başqa dinlərə hörmətlə yanaşan  Azərbaycanın  multikultural ənənələrə sadiqliyi beynəlxalq səviyyədə özünü doğruldur. Bəşəriyyətə məxsus tarix və mədəniyyət abidələrindən sayılan Versal sarayı parkında mədəniyyət abidələrinin,   Berlin qəsrinin,  Romadakı  Kapitoli Muzeyindəki «Filosoflar zalı»nın və başqa abidələrin təmir və bərpasının təşəbbüskarı olan Azərbaycanın Birinci vitse-prezidenti, İSESCO-nun, UNESCO-nun xoşməramlı  səfiri  Mehriban xanım  Əliyeva bəşəri ideyaları, prinsipləri əks etdirən  təşəbbüsləri ilə   Azərbaycanı dünyada tolerantlıq ənənələrinə malik ölkə,  çoxkonfessiyalı dövlət kimi  təbliğ edir.

Yerli telekanallara müsahibəsində bu məsələyə münasibətini bildirən Prezident İlham Əliyev « Biz o ölkələrdənik ki, əməldə İslam həmrəyliyinə daim öz xarici siyasətimizdə böyük yer ayırmışıq. Mənim xarici siyasət istiqamətləri ilə çıxışlarımda siz bunu görə bilərsiniz. Əsas prioritetlərdən biri müsəlman ölkələri ilə əlaqələrdir. Çünki biz müsəlman dünyasının bir hissəsiyik. Bizi BMT-də ən çox dəstəkləyən ölkələr də müsəlman ölkələridir»  sözləri  İslam həmrəyliyinin sarsılmazlığını göstərir.

Bu gün də Azərbaycanın yanında Türkiyə kimi dünya miqyasında böyük  güc olan qardaş ölkə var. Bu dəstək  torpaqlarımız uğrunda döyüşən əsgərlərimizi  ruhlandırır, onlara əlavə güc verir. Azərbaycanın yanında olan Türkiyə bölgədə sabitliyin, əmin-amanlığın təmin edilməsi üçün öz köməyini əsirgəmir. «Mən bunu bu günlər ərzində demişəm ki, Türkiyə bölgədə sabitləşdirici rol oynayır. Türkiyənin bölgədə və dünyada yalnız sülhə hesablanmış siyasəti artıq öz nəticələrini verməkdədir, həm Yaxın Şərq bölgəsində, eyni zamanda, Qafqaz bölgəsində. Ona görə Ermənistanın növbəti hücumu ilə əlaqədar bu gün yaranmış vəziyyət bir daha onu göstərir ki, Türkiyə həm regionda, həm dünyada söz sahibidir» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu güc  Türkiyə-Azərbaycan birliyinin əbədilik rəmzidir.

Xuraman İsmayılqızı, «İki sahil»