06 iyun 2025 12:10
139

“Bakı Enerji Həftəsi” strateji platforma kimi formalaşıb

2025-ci il 2 iyun tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən tədbirlər bir daha Azərbaycanın enerji siyasətində oynadığı aparıcı rolu və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələri nümayiş etdirdi. 39 ölkədən 267 şirkət nümayəndəsinin iştirakı ilə baş tutan bu tədbir təkcə regionun deyil, eyni zamanda beynəlxalq ictimaiyyətin də diqqət mərkəzində idi. Artıq illərdir keçirilən və ənənəyə çevrilmiş “Bakı Enerji Həftəsi” hökumətləri, transmilli şirkətləri və sənaye ekspertlərini bir araya gətirən strateji platforma kimi formalaşıb.

Prezident İlham Əliyevin tədbirin açılış mərasimindəki çıxışı Azərbaycanın neft strategiyasının tarixi inkişaf yolunu və bu sahədəki mütərəqqi nailiyyətləri əhatə etdi. Qeyd olundu ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş enerji siyasəti bu gün müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirilir. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” və həmin dövrdə beynəlxalq neft şirkətləri ilə qurulan əməkdaşlıq Azərbaycanın enerji sektorunun əsasını təşkil edib. Bu proseslər nəticəsində ölkə iqtisadiyyatının dirçəlməsi və beynəlxalq investorların cəlb olunması mümkün olub.

Azərbaycan bu gün yalnız karbohidrogen ehtiyatlarının ixracatçısı deyil, həm də strateji enerji dəhlizlərinin təşəbbüskarı və reallaşdırıcısıdır. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, TANAP kimi mühüm boru kəmərləri regionun və Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayır. Bununla yanaşı, Azərbaycan yaşıl enerjiyə keçid istiqamətində də ciddi addımlar atır. Hədəf 2030-cu ilə qədər 6.5 giqavat həcmində bərpaolunan enerji istehsal gücünə nail olmaq və ümumi enerji balansında bu mənbələrin payını artırmaqdır.

Enerji sahəsində bu uğurlar Azərbaycanın maliyyə sabitliyi və siyasi etibarlılığı ilə də bağlıdır. Xarici borcun ÜDM-də payı cəmi 7 faizdən azdır, yoxsulluq səviyyəsi isə 5 faizdir. Bu göstəricilər ölkənin iqtisadi idarəçiliyinin nə qədər düzgün aparıldığını göstərir.

“Bakı Enerji Həftəsi”ndə çıxış edən beynəlxalq rəsmilər və şirkət rəhbərləri Azərbaycanın enerji sahəsindəki mövqeyini yüksək qiymətləndirmiş, ölkənin etibarlı tərəfdaş kimi qəbul olunduğunu vurğulamışlar. Xüsusilə Böyük Britaniya, ABŞ, Avropa İttifaqı və Türkiyə rəsmilərinin çıxışları, Azərbaycanın beynəlxalq enerji bazarındakı əhəmiyyətini təsdiqlədi.

Bununla yanaşı, ötən il Bakıda keçirilmiş COP29-un nəticələri – o cümlədən İtki və Zərər Fondunun genişləndirilməsi, karbon bazarının işlək vəziyyətə gətirilməsi və Qlobal Şimal-Cənub körpüsünün qurulması – Azərbaycanın yalnız enerji ixracatçısı deyil, eyni zamanda qlobal iqlim diplomatiyasının fəal oyunçusu olduğunu göstərdi.

Bütün bu faktorlar göstərir ki, Azərbaycan enerjini təkcə iqtisadi resurs kimi deyil, eyni zamanda diplomatik alət və strateji üstünlük vasitəsi kimi istifadə edir. Bu yanaşma ölkəmizin həm regional, həm də beynəlxalq miqyasda mövqeyini möhkəmləndirir və onu enerji siyasətinin formalaşmasında aparıcı aktora çevirir.

 

Milli Məclisin deputatı Pərvanə Vəliyeva