"İki sahil" xəbər verir ki, bunu Milli.Az-a açqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə prezident İlham Əliyevin İrana rəsmi səfərinin nəticələrini şərh edərkən bildirib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanla İran arasında münasibətlər daim müsbət olub: "Fərqli siyasi sistemlərə malik olmağımıza, bəzi məsələlərə yanaşmada fərqli mövqeyimizə baxmayaraq, iki qonşu dövlət digər dövlətlərə nümunə olacaq qonşuluq münasibətlərini qoruyub saxlayıblar. Hətta Qərb ölkələrinin İrana qarşı sanksiyalar tətbiq etdiyi dövrdə Azərbaycan bunu dəstəkləməyib, problemin siyasi yolla həllinin tərəfdarı olduğunu bildirib. Vaxtaşırı dövlət rəhbərlərinin qonşu ölkəyə səfərləri olub, rəsmi strukturlar arasında sıx əlaqələr mövcud olub. Məhz bunun nəticəsidir ki, bu gün biz münasibələrimizin bütün sahələr üzrə inkişaf etdiyini deyə bilərik. Prezident İlham Əliyevin İrana son səfəri isə bu münasibətləri daha yüksək səviyyəyə qaldırmaq üçün növbəti bir imkandır və həm Azərbaycan, həm də İran bundan maksimum istifadə etməlidir".
A.Mirzəzadə qeyd edib ki, hər iki ölkənin bir-birinə münasibətdə ciddi planları var: "Əvvəla, tərəflər bundan sonra da bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, siyasi məsləhətləşmələrin keçirilməsi, eləcə də neft-qaz sahəsində birgə əməkdaşlıqla bağlı razılığa gəliblər. Terrorla, dini radikalizmlə mübarizə də əməkdaşlığın prioritet istiqamətlərindən biri olacaq. Ümumən götürdükdə biz bu səfərin uğurla keçdiyini deyə bilərik. Hesab edirəm ki, tərəflər bir-birinin daxili işlərinə qarışmadan əməkdaşlığın çox uğurlu formatını tapa biliblər.
Hər iki ölkə ümumən əməkdaşlığın bütün formalarından bəhrələnirlər və bu tendensiya bundan sonra da davam edəcək. Bundan sonra ticari-iqtisadi əlaqələrin genişlənməsi, yeni imkanların tapılması da tamamilə mümkündür. Azərbaycanda ciddi iqtisadi islahatlar həyata keçirildiyini nəzərə alsaq, deyə bilərik ki, qarşılıqlı investisiya qoyuluşlarının miqyasının artması, birgə layihələrin həyata keçirilməsi, həm neft-qaz, həm də qeyri-neft sektorunda əməkdaşlığın edilməsi barəsində çox böyün niyyətlər və planlar var".
YAP rəsmisi iki ölkə arasında yaranan narazılıqlara, informasiya qarşıdurmalarına da münasibət bildirib: "Hesab edirəm ki, tərəflər bir-birinin daxili işlərinə qarışmır, fərqli siyasi sistemə və fərqli məsələlərə dözümlü yanaşırlar. Bununla belə, elə məsələlər var ki, onların vaxtaşırı müzakirə edilməsinə, fikir mübadiləsi aparılmasına böyük ehtiyac var. İlk növbədə, bu, Xəzərin hüquqi statusu məsələsidir ki, tərəflər bundan sonra siyasi məsləhətləşmələrini davam etdirəcəklər. Eyni zamanda, Azərbaycan və İran üçün maraq doğuran məsələlərlə bağlı məsləhətləşmələrin keçirilməsi mümkün olacaq.
Əlbəttə ki, Azərbaycan tərəfi İranın Ermənistanla əlaqələrinin olmasından çox narahatdır və bununla bağlı dəfələrlə öz narazılığını bildirib. Hesab edirik ki, Ermənistanın Azərbaycan torpaqlarının işğalda saxlamasının bir səbəbi də bu iki ölkə arasında əlaqələrin çox sıx şəkildə olmasıdır".