20 oktyabr 2020 17:15
813

Hicran Hüseynova: Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün əsl örnəkdir 

“Bu gün Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və sıx əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər özünün ən qürurverici anlarını yaşayır. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk". Tarixin çətin sınaqları ilə üz-üzə qaldıqda, ən çətin anlarında belə bu iki ölkə arasındakı qardaşlıq sözdə deyil, əməldə özünü göstərir. Türkiyə dövləti hər zaman olduğu kimi indi də Azərbaycanın haqlı mövqeyini dəstəkləyərək Ermənistanın işğalçılıq və terrorizm siyasətini ifşa edən açıqlamalar verir. Türkiyə dəfələrlə bildirib ki, Azərbaycan tək deyil, onun ərazi bütövlüyünün bərpası istiqamətində bütün siyasi və hərbi qərarlarını dəstəkləyir.”

Bu fikirləri "İki sahil"ə açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, Azərbaycan da Türkiyəyə qarşı eyni münasibəti sərgiləyir: “Bu ilin fevralın 25-də Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin imzalanması da hərbi əməkdaşlığın əhəmiyyətinə verilən yüksək diqqətin və bu əməkdaşlığın bundan sonra davam etdirilməsi üçün səylərin birləşdiriləcəyinin bariz nümunəsidir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı təlimlərinin keçirilməsi, birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyətinin və hərbi müdafiə vasitələrinin cəlb edilməsi ikitərəfli sıx əməkdaşlıq münasibətlərinin bütün sahələr üzrə olduğu kimi, hərbi sahədə də yüksələn xətlə davam etdirildiyini göstərir. Hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirirlər və bu təlimlərin əhəmiyyəti hər zaman yüksək qiymətləndirilir. Azərbaycan-Türkiyə münasibətləri eyni zamanda NATO ilə əməkdaşlıq sənədləri, Azərbaycanın təhlükəsizlik sənədləri və iki ölkə arasında imzalanmış strateji müqavilələr çərçivəsində, yəni NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək göstərir, hərbi kadrların hazırlanması, maddi-texniki təchizat, müdafiə sənayesi sahələrində yeni birgə əməkdaşlıq uğurla davam etdirilir. 2013-cü ildən başlayaraq Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında birgə hərbi təlimlərin keçirilməsi hər iki ölkənin ordularının döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələr arasında təcrübə mübadiləsinin həyata keçirilməsi, müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyətinə nail olmaq baxımından böyük əhəmiyyət kəsb edir.”

Milli Məclisin komitə sədri vurğulayıb ki, iki ölkənin ordularının iştirakı ilə keçirilən və bütün qoşun növlərini əhatə edən təlimlərin sayı ildən-ilə artmaqdadır: “Nəzərə alsaq ki, Türkiyə Silahlı Qüvvələri dünyanın güclü orduları arasında 9-cu yerdədir. Türkiyə hərbi potensialına görə NATO-da 4-cü, Avropada 3-cü, Yaxın və Orta Şərqdə 1-ci yerdədir. Belə böyük hərbi potensiala malik qardaş ölkə ilə hərbi təcrübəni bölüşmək ölkəmizin xeyrinə olan amildir. Siyasi əlaqələrlə yanaşı Azərbaycan – Türkiyə münasibətlərində iqtisadi əlaqələr uğurla inkişaf edir. Ticarət dövriyyəsi artır. Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana milyardlarla dollar həcmində sərmayə qoyulur. Birgə enerji-nəqliyyat layihələrini uğurla icra edilir. O layihələr ki, Avrasiyanın enerji və nəqliyyat xəritəsini yaradır desək yanılmarıq. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP layihəsi tarixi layihələrdir. İki dövlət arasında birgə siyasi iradə ortaya qoyulmuşdur. Birgə maliyyə resursları təşkil edilmişdir və bu nəhəng transmilli layihələr uğurla icra edilmişdir. Bu gün Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bu layihələrin bəhrəsini görür. Müstəqillik günü ərəfəsində ölkəmizə gələn, Milli Məclis deputatları ilə görüşən Türkiyə Böyük Millət Məclisinin sədr, hörmətli Mustafa Şəntopun ilk açıqlaması belə olmuşdur: “Prezident Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, Azərbaycanın daha 30 il gözləməyə səbri yoxdur. Artıq beynəlxalq təşkilatlar öz qərarlarının icra etməyə borcludurlar. Ermənistan BMT-nin qərarlarına məhəl qoymadı. ATƏT-in Minsk qrupu problemi həll etmək üçün indiyə kimi heç bir real iradə nümayiş etdirmədi. Gücü qəhrəman Azərbaycan əsgərinə çatmayan, cəbhədə Azərbaycan Ordusundan ardına belə baxmadan qorxub qaçan ermənilər ancaq mülki insanları hədəf alırlar. Bütün dünyadan soruşuram. Sizin qərarlarınızı heçə sayan Ermənistanın addımlarını mühakimə etməyəcəksinizsə, nəyi edəcəksiniz?!” Qardaş ölkənin parlament rəhbərinin bu sözləri bir daha sübut edir ki, iki ölkə arasında olan münasibətlər bütün dünya üçün əsl örnəkdir.”

H.Hüseynova onu da qeyd edib ki, dövlət başçılarının qoyduğu ənənə parlamentlərası  münasibətlərdə də özünü göstərməkdədir: “Belə ki, 6-cı çağırış Milli Məclis sədri hörmətli Sahibə xanım Qafarovanın ilk səfərinin Türkiyə Cumhuriyyətinə etdiyi kimi, Türkiyə Böyük Millət Məclisi sədri seçildikdən sonra hörmətli Mustafa Şəntop da ilk səfərini ölkəmizə etmişdir.”

Orxan Vahidoğlu, “İki sahil”