21 oktyabr 2020 18:10
749

Hamımız Ali Baş Komandana, şanlı ordumuza inanır və güvənirik

«Azərbaycan xalqı işğal faktı ilə heç zaman barışmayıb və barışmayacaq. Ermənistanın mənfur işğalçılıq siyasəti nəticəsində Azərbaycanda bir milyondan çox insan öz doğma torpaqlarında yaşamaq hüququndan məhrum edilib. 30 ilə yaxındır davam edən bu vəziyyətdə Ermənistan nə beynəlxalq hüquqa, nə də BMT-nin qətnamələrinin tələblərinə məhəl qoymur. Bu azmış kimi Paşinyan hakimiyyəti Azərbaycana qarşı yeni təxribatlar törətməyə cəhd edir. Lakin artıq ordumuz tərəfindən onların layiqli dərsi verilir. Bu gün isə Ermənistan cəbhədə uduzmaqla yanaşı, diplomatiya masasında da uduzur. İki dəfə humanitar atəşkəsin elan edilməsinə baxmayaraq, Ermənistan atəşkəsin şərtlərini kobud şəkildə pozduğu üçün layiqli cavabını alır. Baş verənlərin fonunda Ermənistan hər gün sarsıdıcı zərbələrin hədəfində olur, geri çəkilməyə başlayır, maddi-texniki bazası durmadan zəifləyir və şəxsi heyəti tamamilə zərərsizləşdirilir. Döyüşlərin başladığı vaxtdan indiyədək ələ keçən texnikaların sayı hər gün artır. Ermənistan silahlı qüvvələri əvvəlcə taqımlar və bölüklər şəklində döyüş meydanından geri çəkilirdilərsə, bu gün artıq bütöv hərbi hissələri avadanlıqları ilə birlikdə Azərbaycan Ordusuna təslim edirlər.»

Bu fikirləri İkisahil.TV-yə müsahibəsində Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev  bildirib.

Tahir Rzayev qeyd edib ki, Azərbaycan Ordusu düşmənin döyüş əməliyyatlarının davam etdiyi bir vaxtda biz müharibəni həm bu sahədə qəbul edilmiş beynəlxalq humanitar hüququn prinsiplərinə sadiq qalaraq davam etdiririk, həmçinin hədəfimiz minimum itki və maksimum nəticə prinsipidir. Bugünkü təhlillər göstərir ki, pilotsuz uçuş aparatları, dronlar və digər silahlarımız Ermənistanı çox ciddi itkilərə məruz qoyur və bu itkilər zamanı bizim tərəfimizdən heç bir tələfata yol verilmir. Müdafiə Nazirliyinin yaydığı rəsmi xəbər və videoçarxlardan aydın şəkildə görə bilirik ki, bu gün düşmən döyüş meydanında çox böyük itkilər verir, artıq Ermənistan uduzmuş dövlətdir. Təbii ki, onlar nə qədər çox dirəniş göstərsələr bir o qədər çox itki verməyə məcbur olacaqlar. Azərbaycan humanitar hüququn prinsiplərinə sadiq qaldı, dəfələrlə onlara təklif edildi ki, ərazilərimizi işğaldan azad etməkdən başqa çıxış yolları yoxdur. Dəfələrlə Ali Baş Komandan İlham Əliyev bildirib ki, erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağına gəlməsin. Lakin təcavüzkar Ermənistan hakimiyyəti nə bizim torpaqlarımızdan, nə də mənfur xislətlərindən geri çəkilmədi. İndi artıq gecdir və qəbul etdikləri səhv qərarlarının nəticələrinə də dözməlidirlər.

Tahir Rzayev vurğulayıb ki, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalı, ilk növbədə işğalçı hərbi qüvvələr torpaqlarımızdan çıxarılmalı, dinc insanlar, məcburi köçkünlər öz yurdlarına qayıtmalıdırlar. Hazırda ölkəmiz müharibə şəraitindədir. Ermənistan Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif artilleriya qurğularından intensiv atəşə tutmaqla növbəti dəfə qeyri-humanist mahiyyətini, insanlığa qarşı olduğunu sübut edir. Mülki obyektlərin və dinc əhalinin vurulması Ermənistanın insanlığa qarşı cinayətidir”.
Komitə sədri qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının 75-ci Sessiyasında videoformatda çıxışı zamanı işğalçı Ermənistanın yeni təxribat planları haqqında dünya ictimaiyyətini məlumatlandırdı. Dövlətimizin başçısı sentyabrın 27-də Azərbaycan xalqına müraciətində və Təhlükəsizlik Şurasının iclasında işğalçı Ermənistana layiqli cavab veriləcəyini bəyan etdi. Cənab Prezident bir daha vurğuladı ki, Azərbaycanın işi haqq işidir. Təmas xəttində atəşkəs rejiminin pozulmasına yönələn bu kimi təxribatçı hərəkətlər Ermənistanın çirkin, məkrli və təcavüzkar siyasətinin təzahürüdür və bunun məsuliyyəti işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Artıq cəbhədən sevindirici xəbərlər var. Füzuli, Cəbrayıl və Zəngilanın şəhər də daxil olmaqla  böyük bir hissəsi düşmən işğalından təmizlənib.  Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusu bütün cəbhəboyu uğurlu əks-hücum əməliyyatları həyata keçirir və düşmənə sarsıdıcı zərbələr endirir. Şübhə yoxdur ki, rəşadətli ordumuz tərəfindən bu zəfər yürüşü davam etdiriləcək və biz yeni-yeni qələbə xəbərləri eşidəcəyik. Onu da qeyd edim ki, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi yaradıb. Bütün ölkə vətəndaşları cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndirirlər. Bu, Azərbaycan cəmiyyətində vətənpərvərlik hisslərinin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir. Bu gün Azərbaycan güclü orduya malikdir və Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, torpaqlarımızı işğaldan azad etməyə qadirdir. İnanırıq ki, tezliklə bütün torpaqlarımız işğaldan azad olunacaq.

T.Rzayev diqqətə çatdırıb ki, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın təxribatının qarşısını almaq üçün əks-həmlə hücumu zamanı göstərdiyi qəhrəmanlıqlar, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi ermənilərdən çox Fransa prezidenti Makronda narahatlıq yaradıb.  Makron bu hərəkəti ilə nəinki özünə, bütün bəşəriyyətə hörmətsizlik edərək beynəlxalq hüquq normalarına zidd bəyanatlar verir. Fransa prezidenti bu bəyanatları ilə birbaşa Ermənistana tərəf çıxdığını, işğalçılığı birbaşa müdafiə etdiyini, təcavüzkarın yanında olduğunu bəyan edir. O, cənab Prezident İlham Əliyevə zəngində də layiqli cavabını aldı. Cənab Prezident bildirdi ki, danışıqların pozulması, eləcə də silahlı qarşıdurmanın yaranmasına görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür.

T.Rzayev əlavə edib ki, Fransa münaqişənin nizamlanması üçün yaradılan ATƏT-in Minsk qrupunun həmsədridir. Həmsədr ölkə prosesdə bitərəf olmalı, tərəf saxlamamalıdır. Amma Makron birbaşa işğalçını müdafiə edir. Göründüyü kimi, Azərbaycan torpaqlarının bu vaxta qədər işğalda qalmasının əsas səbəbkarlarından biri Fransa dövlətidir. Makron açıq etiraf edir ki, onlar həmişə Ermənistanın yanında olacaq. O, hansı əsasla bunu deyir. Fransa BMT-nin Təhlükəsizlik Şurasının üzvüdür və münaqişənin həlli istiqamətində müzakirələrdə iştirak edir. Fransa BMT-nin münaqişə ilə bağlı qəbul etdiyi və bu günə qədər icra olunmayan 4 qətnaməni imzalayan tərəfdir. Bütün dünya qəbul edir ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Amma Makron bu gün bütün sülhsevər bəşəriyyətə hörmətsizlik edir, savadsız dövlət başçısı olduğunu sübut edir. Hesab edirəm ki, cənab Prezident İlham Əliyev öz fikrində qətiyyətlidir, milli maraqları həmişə üstün tutub və tutmaqda da davam edir. Cənab Prezident bəyan etdi ki, Azərbaycan haqq yolundadır və hüququndan istifadə edib torpaqlarını işğaldan azad edir. Seçicilərim mənə müraciət edib  tələb edirlər ki, Fransa Minsk qrupunun tərkibindən çıxarılsın. Məlumdur ki, ATƏT-in Minsk qrupunun vasitəçilik missiyası ötən 28 il ərzində heç bir nəticə verməyib. Ona görə də bu kontekstdə rasional və praqmatik yanaşma ortaya qoymaq zərurəti var. Belə ki, fəal döyüş əməliyyatları başa çatandan sonra həyata keçiriləcək vasitəçilik missiyasında obyektiv və ədalətli mövqe sərgiləyən, dünya miqyasında real güc olan Türkiyə iştirak etməlidir”. Hamımız Ali Baş Komandana, şanlı ordumuza inanır və güvənirik. Əgər dünya birliyi bu vəhşiliyə «dur!» deyə bilmirsə, Azərbaycan Ordusu terroristləri susdurmağa qadirdir.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva,
«İki sahil»