21 oktyabr 2020 18:15
759

Xalqımızın yenilməz iradəsi qarşısında heç bir qüvvə tab gətirə bilməz

Öz təcavüzkar siyasəti ilə beynəlxalq hüququn bütün norma və prinsiplərini pozaraq torpaqlarımızı işğalda saxlayan təcavüzkar Ermənistan bu ilin iyul ayında Azərbaycanın münaqişə zonasına aid olmayan Tovuz rayonu istiqamətində sərhəd boyu qanlı toqquşma törətmiş, avqustda isə Goranboyda kəşfiyyat-diversiya əməliyyatı həyata keçirməyə cəhd etmişdi. Bütün bunlarla kifayətlənməyən Ermənistan rəhbərliyi beynəlxalq hüquq normalarını, Cenevrə Konvensiyasını pozaraq işğal edilmiş ərazilərdə qeyri-qanuni şəkildə məskunlaşdırma prosesini davam etdirirdi.

Öz təxribatçı əməlləri ilə regionda sülhü və təhlükəsizliyi təhdid edən Ermənistan silahlı qüvvələri sentyabrın 27-də səhər saatlarında hücum edərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Ermənistan ordusu tərəfindən Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının bir sıra kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki Azərbaycan əhalisi arasında həlak olan və yaralananlar var, mülki infrastruktur obyektlərinə ciddi ziyan dəydi. İşğalçı Ermənistanın bu növbəti təxribatının qarşısını almaq, mülki əhalini qorumaq üçün Azərbaycan Ordusu cəbhə boyunca əks-hücum əməliyyatına başladı. Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının minlərlə canlı qüvvəsi, yüzlərlə hərbi obyektləri və döyüş texnikaları məhv edildi. İşğal edilmiş rayonlarımız Azərbaycan əsgərinin qəhrəmanlığı, rəşadəti və şücaəti ilə bir-bir düşmən tapdağından təmizlənir. Silahlı qüvvələrimiz Dağlıq Qarabağın içərilərinə doğru irəliləyərək, strateji əhəmiyyətə malik Hadrutu, Ağdərədəki, Xocavənddəki strateji yüksəklikləri, Suqovuşanı, Murovdakı yüksəklikləri düşmənin əsarətindən azad etdi.

Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşü davam edir.

İşğal olunmuş torpaqlarımızın azad olunması xəbərini Prezident İlham Əliyev şəxsi “Tvitter” hesabından paylaşır. Qələbə müjdəsinin dövlətimizin başçısı tərəfindən verilməsi ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır.

Döyüş meydanında Azərbaycan Ordusuna məğlub olan düşmənnin cəbhə xəttində, eləcə də sərhəd bölgələrindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki əhalini hədəfə alan təxribatları davam edir.

Əslində Ermənistan rəhbərliyi bu cür təxribatlarla işğalçı ölkənin əhalisinin diqqətini hökumətin yarıtmaz daxili və xarici siyasətinin nəticələrindən, dərinləşməkdə olan sosial-iqtisadi və siyasi böhrandan, pandemiya ilə uğursuz mübarizədən və digər problemlərdən yayındırmağa çalışır. Ermənistanda Nikol Paşinyanın diktatura hökuməti işğalçı siyasəti davam etdirmək və genişləndirməklə təkcə Ermənistanın vəziyyətini daha da çətinləşdirmir, həm də bütün regionda sülhü və təhlükəsizliyi ciddi şəkildə təhdid edir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusunun cəbhə boyunca əks-hücum əməliyyatında qazandığı uğurlar Silahlı Qüvvələrimizin, dövlətimizin gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Bu döyüşlər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığını, yüksək qələbə əzmini, vətənpərvərliyini, milli birliyimizi, həmrəyliyimizi, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha təsdiq etdi. Şanlı ordumuz öz gücü ilə tarixi ədaləti bərpa etməyə, cəzasızlıqdan quduran işğalçı, Azərbaycanın sülh çağırışlarını saymazyana şəkildə rədd edən terrorçu Ermənistanı diz çökdürməyə qadir olduğunu bütün dünyaya sübut etdi. Bütün dünya Ali Baş Komandanın başçılığı ilə ordumuzun işğala söykənən status-kvonu dəyişdirdiyinə şahid oldu.  Hamıya aydın oldu ki, Azərbaycan xalqının yenilməz iradəsi qarşısında heç bir qüvvə tab gətirə bilməz.

 Zahid Rza, “İki sahil”