25 fevral 2016 14:35
591

Azərbaycanla İran arasında əməkdaşlığın çox böyük perspektivi vardır

Prezident İlham Əliyevin dost ölkəyə səfəri bir daha göstərdi ki,
regional 
əhəmiyyəti ilə diqqəti çəkən əməkdaşlığın çox böyük perspektivi vardır

Regionda  siyasi sabitliyin, iqtisadi inkişafın təminatında mühüm əhəmiyyətə malik İran-Azərbaycan əlaqələrinin möhkəmlənməsi  hər iki dövlətin maraqlarına uyğun  inkişaf edir, möhkəmlənir. Prezident İlham Əliyevin İran İslam Respublikasına uğurla başa  çatan səfəri zamanı imzalanan sənədlərin mahiyyətindən də aydın olur ki, məqsəd ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni əlaqələri yeni mərhələ üzrə daha da  gücləndirməkdir. 

İİR Prezidenti Həsən Ruhaninin və Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata  açıqlamalarından da aydın olur ki,  regionda baş verən hadisələr, terrorizmə qarşı  təhlükəsizlik tədbirlərinin  birgə həyata keçirilməsi, ölkələrimiz arasında  energetika, neft-qaz sahələrində əməkdaşlığa dair aparılan danışıqlar iki və çoxtərəfli münasibətlər  üçün  vacibdir.

Prezident İlham Əliyevin İrana rəsmi səfərinin yüksək əhval-ruhiyyədə keçməsi ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün etibarlı zəmin yaratmışdır. Qarşılıqlı anlaşma şəraitində keçən ikitərəfli və çoxtərəfli görüşlərdə  əməkdaşlığın, regionda və dünyada gedən proseslərin geniş spektri müzakirə edilmişdir. Səfərin nəticələri onu deməyə əsas verir ki, Azərbaycan-İran əlaqələri yüksələn xətlə, uğurla, sürətlə inkişaf edir və strateji əməkdaşlıq səviyyəsinə qalxmışdır. Dost ölkə olaraq İrana qarşı sanksiyaların əleyhinə olduğunu mətbuata verdiyi bəyanatında bir daha  diqqətə çatdıran Prezident İlham Əliyevin vurğuladığı kimi,  Azərbaycan bu məsələ ilə bağlı  münasibətini bütün səviyyələrdə,  yüksək kürsülərdən bildirmiş, sözünü demiş, mövqeyini  ifadə etmişdir. “Bizim əlaqələrimizin çox möhkəm təməli vardır” söyləyən cənab İlham Əliyev  vurğulamışdır ki, energetika,  ticarət,  qarşılıqlı sərmayə qoyuluşu sahəsində əməkdaşlıq bölgə dövlətlərinin inkişafı üçün də əhəmiyyətlidir. Azərbaycanla İran üzv olduqları bütün beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləmiş və bundan sonra da beynəlxalq aləmdə bir-birinə lazımi dəstək göstərmək niyyətini ifadə etmişlər.

Azərbaycanla İran arasında əməkdaşlığın çox böyük perspektivi vardır. Əsas odur ki, əldə olunmuş razılaşmalar, imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələri daha da gücləndirəcək, ikitərəfli, çoxtərəfli əlaqələrə və regional əməkdaşlığın inkişafına xidmət göstərəcək, ölkələrarası ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi və mövcud potensialın tam realizə olunması üçün lazımi tədbirlər görüləcəkdir.

“Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması işində çox önəmli addımlar atılmışdır. Bu yolun istifadəyə verilməsi nəticəsində qitələr gözəl nəqliyyat infrastrukturu ilə birləşdiriləcəkdir” söyləyən  Prezident İlham Əliyevin vurğuladığı kimi, İranla Azərbaycan arasında neft-qaz sektorunda əməkdaşlıq daha da inkişaf etdiriləcək.  Xəzər dənizində yerləşən neft-qaz yataqlarının birgə işlənilməsi ilə bağlı müzakirələr əməkdaşlığın gücləndirilməsi istiqamətində yaxşı nəticələr vəd edir.  Görüşlərdə  vurğulanmışdır ki,  energetika sahəsində əməkdaşlıq təkcə İran-Azərbaycan əlaqələri ilə məhdudlaşmayacaq. Qonşu ölkələrin bu layihələrə qoşulması onlara regional və transmilli məzmun verməklə hər iki ölkədə ciddi iqtisadi islahatların aparılması, biznes mühitinin yaxşılaşdırılması, qarşılıqlı sərmayə qoyuluşu üçün yeni imkanlar yaradır.  Eyni zamanda  maliyyə, bank, sığorta, turizm, əczaçılıq və digər sektorlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün birgə fəaliyyət  üçün əlverişli  şərait vardır.

Hər iki dövlət başçısının bəyanatlarından aydın oldu ki,  Azərbaycanla İran bölgədə və dünyada sülh, əmin-amanlıq və əməkdaşlığın bərqərar olmasına çalışır. Çünki bu əməkdaşlıq bölgə üçün sabitləşdirici faktordur. Azərbaycanla İran beynəlxalq terrorizmə qarşı birgə səylərini də gücləndirəcək. Azərbaycan Amerika Birləşmiş Ştatları və Rusiya arasında Suriyada müharibənin dayandırılmasına dair razılaşmanı alqışlayır.

Dünyada və bölgədə sülhün təminatı üçün səylərini artıran Azərbaycan dəfələrlə bəyan etmişdir ki, Suriyada vəziyyətin normallaşması üçün ilk növbədə atəşkəs yaradılmalı, daha sonra isə sülh sazişi bağlanmalı, Suriya xalqı gələcəyini, taleyini özü müəyyən etməlidir. Azərbaycanın prinsipial mövqeyi ondan ibarətdir ki, bütün ölkələr bir-birinə hörmətlə yanaşmalı, bir-birinin işinə qarışmamalıdır. Belə olan halda müharibələr də dayanacaq, qarşıdurmalar da azalacaqdır.

Prezident İlham Əliyevin  dost ölkəyə səfəri bir daha göstərdi ki, region dövlətləri nə qədər güclü olsa təhlükəsizliyin və sabitliyin  təmin edilməsi birgə səylərlə daha etibarlı olar.

Xuraman İsmayılqızı, “İki sahil”