13 noyabr 2020 18:32
2596

Bu möhtəşəm qələbə tariximizin şanlı zəfəri kimi əbədi yaşayacaq

Azərbaycan Prezidentinin yenilməz iradəsi, xalqımızın birliyi və ordumuzun gücü tarixi qələbəyə zəmin yaratdı

Azərbaycan xalqı tarixinin ən möhtəşəm və yaddaqalan günlərini yaşayır. Xalqımız bu anı uzun illərdir ki, gözləyirdi. Bu günü görmək xoşbəxtliyi, nəhayət, bizə qismət oldu. İşğal altında olan torpaqlarımızı 44 gün ərzində azad edən ordumuz Azərbaycan tarixinin ən unudulmaz səhifəsini yazdı. Dövlət başçımızın qətiyyəti, ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində əldə olunan bu möhtəşəm qələbə, əlbəttə ki, tariximizin şanlı zəfəri kimi gələcək nəsillərin xatirəsində əbədi yaşayacaq. 

Tam əminliklə deyə bilərik ki, cəbhədəki uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi. Belə ki, Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Ordumuzun NATO ilə uğurlu əməkdaşlığı da Silahlı Qüvvələrimizin modernləşməsinə və NATO standartlarına uyğunlaşdırılmasına mühüm təsir göstərib. Ekspertlər bildirirlər ki, Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Son dərəcə yüksək dəqiqliklə hədəfi vuran və qarşısıalınmaz zərbə gücünə malik silahlarla, düşmənin ağır texnikasını və canlı qüvvəsini darmadağın edən pilotsuz uçuş aparatları ilə ordumuzun tamamilə modernləşdirilməsi Azərbaycanda ordu quruculuğu istiqamətində görülən ciddi tədbirlərin kiçik bir hissəsidir. Məhz elə buna görə də Azərbaycan Silahlı Qüvvələrinin hazırda dünyanın ən güclü 50 ordusundan biri olması da bunun bariz ifadəsidir. Yeri gəlmişkən, son bir neçə ilin statistikasına əsasən, ölkəmiz müasir silahlanmaya görə, Avropada 2-ci, dünyada 3-cü yerdə qərar tutub.

“Ali Baş Komandanın bircə əmrinə müntəzirik” deyən Azərbaycan əsgər və zabitləri öz sözlərinin sahibi olduqlarını döyüşdə sübuta yetirdilər. Ona görə də döyüş əməliyyatlarında erməni əsgəri mövqelərini qoyub qaçır, Azərbaycan əsgəri isə öz torpağı uğrunda baş qoyur, canından keçirdi. Öz tarixi və müqəddəs missiyasını şərəflə yerinə yetirən Silahlı Qüvvələrimiz cəbhənin bütün istiqamətlərində işğalçıya sarsıdıcı zərbələr endirdi.  Azərbaycan Ordusu yalnız bir şəhər uğrunda yox, işğal altında qalan torpaqların hər bir qarışı uğrunda döyüşdü. Azərbaycan Silahlı Qüvvələri bu döyüşlərdə dünyanın ən güclü orduları sırasında olduğunu təsdiq etdi. Ordu bölmələrimiz harada olursa-olsun, döyüşləri planlı şəkildə apardı, xaotikliyə yol vermədi. Döyüş əməliyyatları haqqında Ali Baş Komandan müntəzəm məlumatlandırıldı.

Müzəffər Azərbaycan Ordusunun ərazi bütövlüyünü bərpa etmək üçün həyata keçirdiyi əks-hücum əməliyyatı və əldə etdiyi zəfərlər dünya miqyasında böyük əks-səda doğurub. Ekspertlər bu hadisəni müxtəlif aspektlərdən analiz etməyə çalışırlar. Onlar birmənalı olaraq Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrindən qat-qat güclü olduğunu qəbul edirlər. Azərbaycan Ordusunun yüksək peşəkarlığı, döyüş əzmi haqqında qardaş Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dövlətimizin başçısını qələbə münasibətilə təbrik edərkən, deyib: “Sizin qələbəniz, bizim qələbəmizdir, – bu böyük zəfər münasibətilə təbrik edirik. Ali Baş Komandan olaraq, Sizin rəhbərliyinizlə qəhrəman Azərbaycan Ordusu nə edə bildiyini dosta, düşmənə nümayiş etdirdi, eyni zamanda, türkün gücünü də göstərdi. Bu prosesdə Sizin rəhbərliyinizlə qardaş Azərbaycan həm döyüş meydanında, həm də masada mövcudluğunu da göstərdi. Döyüş meydanında qələbələrinizə baxmayaraq, sülh yolu ilə, atəşkəs yolu ilə də bu münaqişənin həlli üçün böyük bir liderlik göstərdiniz”.

Ermənistan Müdafiə Nazirliyinin artıq istefa vermiş nümayəndəsi Artsrun Ovannisyan bildirib ki, Azərbaycan yüksək texnologiyalara əsaslanan silahlara malikdir ki, bu cür hazırlıq supergüclərin ordusunda ola bilər. O, ayrıca vurğulayıb ki, elə sahələr var ki, Azərbaycan Ordusu Ermənistan ordusundan 12 dəfə güclüdür. Əlbəttə, burada təəccüblü bir məqam yoxdur. Çünki Azərbaycan müstəqil dövlətdir və öz potensialı hesabına illərdir ki, ordusunu gücləndirir. Azərbaycan Ordusu hazırda regionun ən güclüsüdür. Özü də yalnız texniki təchizat aspektində deyil, ordunun təşkilində, çevikliyində və peşəkarlığında da Cənubi Qafqazda ona tay yoxdur.

Ermənistanın müdafiə naziri David Tonoyan ölkəsinin imzaladığı bəyanatı xəyanət kimi qiymətləndirənlərə cavab verərək deyib: “Biz çox böyük bir qüvvəyə – super silahlı Azərbaycan Ordusuna qarşı vuruşduq. Məndən “bəs siz niyə silahlanmadınız?”,– deyə soruşa bilərsiniz. Biz də silahlı idik, ancaq kəmiyyət və resurslar baxımından imkanlar qeyri-mütənasib idi”. Bəli, necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur. Düşmən ölkənin müdafiə nazirinin dediyi kimi, Azərbaycan Ordusunun kəmiyyət və resurslar baxımından güclü, əsgər və zabitlərimizin isə yüksək peşəkarlığı, mübarizə əzmi işğalçının geri çəkilməsinə, döyüşdə təslim olmasına gətirib çıxardı.

Beləliklə, Ermənistanın hərbi təxribatlarına cavabolaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində uduzan, məğlub olan Ermənistanın öz müqavimətini dayandırmaqdan, Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməkdən başqa əlacı qalmadı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat da məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi idi. Müharibədə ağır itkilər verərək məğlubiyyətin qaçılmazlığını anlayan, dərk edən işğalçı respublikanın rəhbərliyi Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtlərlə razılaşmağa məcbur oldu.

Təcavüzkar Ermənistanın Azərbaycanın əzəli bölgəsi olan cənnət Qarabağı işğal etmək avantürası da bu ölkəyə çox ağır başa gəldi. Dəfələrlə deyilmişdi ki, bu müharibə həm də Ermənistan baş nazirinin siyasi karyerasının sonu olacaq və düşmən ölkədə baş verən proseslər artıq bunu deməyə əsas verir. Ermənistanın baş naziri Şuşada yallı oynamaqla, qondarma rejimə inaqurasiya mərasimi keçirməklə Azərbaycan xalqının və onun liderinin səbrini sınağa çəkdi.

Azərbaycan Prezidentinin yenilməz iradəsi və qətiyyəti, xalqımızın möhtəşəm birliyi və Silahlı Qüvvələrimizin mərdanə, kişi kimi döyüşməsi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi və əlli milyonluq azərbaycanlıların ürəyində qubar bağlayan Qarabağ yarasına əlac tapıldı. Bu tarixi Qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək, tarixdə əbədi qalacaq, heç vaxt unudulmayacaqdır. Müzəffər Ordumuzun bu qiymətli hərbi-siyasi qələbəsinin əhəmiyyəti heç bir şeylə müqayisə edilə bilməz. Şuşanın düşməndən təmizlənməsi olduqca tez bir zamanda Laçının, Kəlbəcərin, Ağdamın, və işğalda qalan digər ərazilərimizin azad edilməsini də tezləşdirdi. Bir daha tarixi Zəfərimiz və şanlı Qələbəmiz mübarək olsun! Yaşasın qalib Azərbaycan Prezidenti və müzəffər Azərbaycan Ordusu! Allah şəhidlərimizə rəhmət etsin, yaralı əsgər və zabitlərimizə tezliklə şəfa versin. Qarabağ Azərbaycandır!

Yaqut Ağaşahqızı, “İki sahil”