18 noyabr 2020 18:30
4082

Botulizm xəstəliyi nədir?

Ev şəraitində hazırlanan və çox sevilən müxtəlif turşular, mürəbbələr və kompotlar bəzən ağır zəhərlənmələrə səbəb olur. Bəzən isə bu məhsulların qəbul edilməsi insanın həyatına son qoya bilər.

Bu, xüsusən botulizm xəstəliyinə aiddir. Botulizmi törədən bakteriya Clostridium botulinum adlandırılır. Bu bakteriyalar insan orqanizmi üçün təhlükəli deyil. Lakin bakteriyalar  tərəfindən hazırlanan toksin botulotoksin dünyada ən güclü bioloji zəhərlərdən sayılır.

Clostridium botulinum bakteriyası torpaqda yaşayır. Oradan bu bakteriyalar tərəvəzlərə, meyvələrə, suya düşür. Əgər ev şəraitində hazırlanan turşular, tərəvəz salatları, kompotlar, mürəbbələr və s. üçün hazırlanan meyvə və tərəvəzlər kifayət qədər yaxşı təmizlənmir və yuyulmur, düzgün sterilizasiya olunmur və daha sonra isə uyğun olmayan şəraitdə saxlanılırsa, bu zaman insan botulizm xəstəliyinə tutula bilər. Məsələ burasındadır ki, Clostridium botulinum bakteriyası oksigen olmayan yerlərdə daha fəal şəkildə çoxalır və məhz burada botulotoksin ifraz edir. Havası olmayan konserv bankaları bu bakteriyalar üçün ən əlverişli mühitdir.

Botulotoksin insan orqanizminə düşdükdə tez bir zamanda qanın axını ilə bütün orqanizmə yayılır və müxtəlif qrup əzələlərdə iflicə səbəb olur. Adətən 10-12 saatdan sonra xəstədə qəflətən urəkbulanma, qusma, ishal, sonra isə güclü qəbizlik kimi əlamətlər meydana çıxır. Daha sonra insanda görmənin pozulması (gözlər önündə duman, tor və s.), göz qapaqlarının aşağı enməsi, səsin xırıltılı olması, bəzən səsin tam tutulması, udma refleksinin pozulması (insan heç bir qidanı uda bilmir), nəfəsalmanın pozulması (təngnəfəslik), bütün əzələlərin zəifləməsi, yerişin pozulması və s. ağır simptomlar inkişaf edir. Bu zaman xəstəyə lazım olan ixtisaslaşmış tibbi yardım göstərilməsə, o, ölə bilər. Bu səbəbdən sadaladığımız simptomları (və onların hər hansını) hiss etdikdə, tez bir zamanda həkimə müraciət edin və ya təcili yardım çağırın. Nəzərinizə çatdıraq ki, botulizm yalnız xəstəxana şəraitində müalicə oluna bilər.

Özünüzü botulizm xəstəliyindən sığortalamaq üçün bu qaydalara riayət edin:

Ev şəraitində turşuları, mürəbbələri və s. konservləri yalnız təzə və keyfiyyətli meyvə və tərəvəzlərdən hazırlayın. Xarab, yetişməmiş və s. meyvə və tərəvəzlərdən istifadə etməyin.

Ev şəraitində turşuları, mürəbbələri və s. konservləri hazırladıqda meyvə və tərəvəzləri çox diqqətlə xüsusi şotkanın köməyilə axar suda yuyun. Daha yaxşı olardı ki, meyvə və tərəvəzlər onlar üçün nəzərdə tutulmuş xüsusi vasitələr ilə yuyulsun.

Konservlər 1 saatdan az olmayaraq sterilizasiya olunmalıdırlar. Daha yaxşı olardı ki, konservləri 30 dəqiqə ərzində olmaqla bir neçə dəfə sterilizasiya edəsiniz.

Konservləri mütləq soyuq yerdə saxlamaq lazımdır (soyuducu, eyvan, zirzəmi).

Heç vaxt bazarlarda və s. yerlərdə əhali tərəfindən ev şəraitində hazırlanan turşuları və s. konservləri almayın! Bu, çox təhlükəlidir!

Əgər hər hansı turşu və s. bankasının qapağı "şişibsə", belə məhsulu ya atın (məhsulun iyi, rəngi və s. dəyişildikdə)  ya yaxşı qaynadın və daha sonra soyuducuda saxlayın.

Ev şəraitində hazırlanan konservləri istifadə etdikdən əvvəl 15-20 dəqiqə ərzində bağlı vəziyyətdə su ilə olan qazanda qaynadın. Bu halda botulotoksin tam məhv olacaq.

Nəzərinizə çatdıraq ki, yalnız ev şəraitində hazırlanan konservləri deyil, dükanlarda satılan sənaye konservləri də botulizm xəstəliyinə səbəb ola bilər. Bu səbəbdən dükanlarda tərəvəz, balıq, ət və s. konservləri aldıqda qablaşdırmaya fikir verin. Məhsul təzə olmalı (yararlılıq müddətinə fikir verin), qapağı "şişməməli", dəmirdən olan konserv bankalarının üzərində batıq yerləri olmamalıdır. Dəmir bankalarda olan balıq və ət konservlərini açdıqdan dərhal sonra başqa qaba qoymaq lazımdır.

Röya Rasimqızı, “İki sahil”