18 noyabr 2020 18:49
1164

Bundan sonra artıq heç kim bizimlə ultimatum dili ilə danışmayacaq

Dövlətimizin başçısı, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl  şəhərlərinə səfərləri zamanı sevincini paylaşmaq üçün ictimaiyyət nümayəndələri ilə görüşündə bir daha bildirmişdir ki,  Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara dərs verdik      

44 gün davam edib tariximizə  şanlı qələbə səhifəsini yazan İkinci Qarabağ müharibəsi kimin kim olduğunu açıqlamaqla yanaşı,  bugünədək aparılan əsassız təbliğatların, sülh danışıqlarının davam etdirilməsi naminə göstərilən cəhdlərin əsl mahiyyətini, Azərbaycan Ordusunun məğlubedilməzliyini, dövlətimizin  prinsipial mövqeyinin dəyişməz olduğunu bir daha nümayiş etdirdi. Dövlətimizin başçısı, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl  şəhərlərinə səfərləri zamanı sevincini paylaşmaq üçün ictimaiyyət nümayəndələri ilə görüşündə «İkinci Qarabağ müharibəsi bizim şanlı Qələbəmizdir» söyləyərək  Ermənistan ordusunu çökdürdüyümüzü, eyni zamanda, Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara dərs verildiyini  vurğulayaraq,  bu məqamı da xüsusi  diqqətə çatdırdı ki,  Paşinyan son iki il ərzində  ölkəsini məhv edib. Hazırda  sadəcə olaraq, fikirləşir ki,  canını erməni xalqının qəzəbindən necə qurtarsın?!
 Bəs hanı sizin qəhrəmanlığınız? Əgər kapitulyasiya aktı Ermənistan tərəfindən imzalanmasaydı, özləri bilirlər nə ilə qurtaracaqdı bu müharibə. Bax, budur bizim gücümüz, budur bizim birliyimiz: «Dəmir yumruq sizin başınızı əzdi və bundan sonra artıq heç kim bizimlə ultimatum dili ilə danışmayacaq. O cümlədən rəzil vəziyyətdə olan Paşinyan, bizə yeddi şərt irəli sürdü, başına vurduq bütün o şərtləri. Nə oldu o şərtlər? Mənim bir şərtim var idi, rədd ol, çıx get və o şərtə əməl edildi. Güc hesabına, birlik hesabına, igidlərimiz hesabına, şəhidlərimiz hesabına.»

   30 ildən sonra Azərbaycan xalqı öz tarixi torpaqlarına qayıtdı. Bu qayıdışın doğurduğu sevinc dövlətimizin başçısı İlham Əliyev 10 noyabrda  qələbə müjdəsini xalqa çatdırdığı andan bu günədək  yaşanan coşquda, xoş ovqatda özünün aydın ifadəsini tapır. İşğaldan azad olunan torpaqlarımızda  bərpa işlərinə başlanılıb. Dövlətimizin başçısı İlham Əliyevin qeyd olunan səfəri çərçivəsində Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi  layihəsinin icrası ilə bağlı tanışlığı, tarixi səfərdən sonra «Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında» Sərəncamın imzalanması da deyilənlərin təsdiqidir. Sənəddə də qeyd olunduğu kimi.  Qarabağ bölgəsində erməni təcavüzünə məruz qalmış bütün torpaqlarımız, o cümlədən Qarabağın tacı olan Şuşa 2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsinin Azərbaycan xalqının tarixi Qələbəsi ilə başa çatması nəticəsində işğaldan azad edilmişdir. 27 il müddətində işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılmış, təbii sərvətlər talan edilmiş, tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan vurulmuş, fərdi və çoxmənzilli yaşayış evləri yerlə-yeksan edilmişdir. Dədə-baba yurdlarından didərgin salınmış insanların işğaldan azad olunmuş ərazilərə qayıdaraq məskunlaşmasının, habelə dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələrinin tərtibi, sənaye və kənd təsərrüfatı müəssisələrinin, sosial təyinatlı obyektlərin inşası, habelə əhalinin mənzil-məişət məsələlərinin həlli ilə bağlı müvafiq təkliflər hazırlanır və artıq bir sıra yaşayış məntəqələrində bu sahələrdə zəruri işlərin həyata keçirilməsinə başlanılmışdır.

  Cənab İlham Əliyev səfər çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşündə də  bütün bu yerlərin tamamilə  bərpa ediləcəyini vurğulayıb. Dövlətimizin başçısı  diqqəti ermənilərin 27 ildə torpaqlarımızda hansı vəhşilikləri törətdiklərinə yönəldərək bildirmişdir ki, bir daha  hansı vəhşi düşmənlə üz-üzə olduğumuzun şahidiyik:  «Bunları gördükcə bir daha adam əmin olur ki, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz yırtıcı düşməni məhv etmişik. Dünyada bir çox müharibələr olub, bu gün də gedir. Bu gün də bəzi yerlərdə işğal davam edir. Amma inanmıram ki, kimsə bu qədər qəddar, bu qədər qeyri-insani bir düşmənlə üz-üzə qalsın.»

   Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası üçün  bütün  planlar hazırlanır. Təbii ki, yüksək səviyyədə icra ediləcək. Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları başlanan hər bir işi uğurlu sonluqla başa vurmağa geniş imkanlar yaradır. Yoxsul, kasıb, dilənçi ölkənin Kəlbəcər rayonuna qeyri-qanuni yolla yerləşdirdiyi ermənilərin rayonu tərk edən zaman söküb apardıqlarına diqqət yetirdikdə bir daha onların nə qədər vəhşi, insanlıqdan uzaq olduqlarını görür, nifrət edirsən. Barbarlıq, vandalizm bu millətin yaşam tərzidir. İstər işğaldan azad olunmuş torpaqlarımızda mövcud vəziyyəti,  istərsə də 10 noyabr razılaşmasına uyğun olaraq Kəlbəcər, Ağdam rayonlarını tərk edərkən söküb dağıtdıqları, apardıqlarını aparıb, apara bilmədiklərini yandırdıqları  durumu əks etdirən görüntüləri yəqin ki, dünya görür. Bu, onların  beynəlxalq hüququ bir kənara qoyub Ermənistanın başına çəkdikləri sığaldan,  cinayətlərə göz yummalarından qaynaqlanır. Amma işğalçı dövlət neçə ki, döyüş meydanında, diplomatiya müstəvisində məğlub oldu, eləcə də törətdiyi bu cinayətlərə görə beynəlxalq hüquq çərçivəsində layiq olduğu cəzanı alacaq. Dövlətimizin başçısı İlham Əliyev hər çıxışında bu mesajı Ermənistana və onun havadarlarına çatdırır.

   Xalqımız hər zaman olduğu kimi, sentyabrın 27-dən başlanan və 44 gün davam edən  əks-hücum əməliyyatları dövründə də ölkə  Prezidentinin  hər sözünün arxasında oldu, ona inanaraq ətrafında sıx birləşdi. Xalqımız bir daha əmin oldu ki, cənab İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir və  istər danışıqlar masasında, istərsə də hərb meydanında bütün addımlarını  ən xırda detalınadək hesablayaraq atır. Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətlərində də bildirirdi ki, düşmənə layiq olduğu yeri yumruğumuzla göstərdik. Bu yumruq yalnız  düşmənin başına vurulan zərbə deyil, birliyimiz, həmrəyliyimizdir. 

   Bu gün bizim ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməklə milyonlarla azərbaycanlının arzularını həyata keçirdi. Bu, ədalətin təntənəsidir! Xalqımız tam əmin idi ki, işğal altında olan bütün torpaqlarımız işğaldan azad olunacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, Azərbaycan davamlı inkişafı ilə dünyanın diqqətində olacaq. Artıq o əminlik reallıqda öz əksini tapıb.  «Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm» söyləyən  İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə, həmçinin hər bir hərbçinin Ali Baş Komandanı olduğunu sübut etdi. Erməni əsgərindən fərqli olaraq mülki əhaliyə atəş açmayan, məsuliyyətli davranış nümayiş etdirən, humanist dəyərləri qoruyan  ordu  bölgədə sülhün və tərəqqinin təminatçısına çevrilmiş güclü dövlətin ordusudur.  «Mən bir daha demək istəyirəm ki, bizim parlaq Qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, amma biz qalib gəlmişik. Çünki biz qurub yaradanıq. Ermənilər isə bax, bunları ediblər, dağıdıblar» söyləyən dövlətimizin başçısı İlham Əliyev bir daha bu qələbəmizi böyük qürur hissi ilə vurğulayaraq «Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq» bəyan edir.

Yeganə Əliyeva, «İki sahil»