21 noyabr 2020 17:15
781

“Vikipediya”nın ingilis dili bölməsində Qarabağla bağlı məlumatlar zənginləşdirilir

Müasir dövrdə “Vikipediya” ən çox izlənilən onlayn ensiklopediya olduğu üçün orada fəallığı artırmaq çox vacibdir. “Vikipediya”nın ingilis dili bölməsində könüllülər tərəfindən Qarabağ müharibəsi, ermənilərin törətdikləri cinayətlər və erməni vandalizmi haqqında yeni məlumatlar yaradılır. Məqsəd Azərbaycan həqiqətlərini və erməni vəhşiliklərini xarici oxucuların diqqətinə daha dəqiq və dolğun şəkildə çatdırmaqdır. Azərbaycan “Vikipediya” icmasının fəal üzvü Ayxan Zayıdzadə tərəfindən ingilis dili bölməsində ölkəmiz, İkinci Qarabağ müharibəsi və erməni vandalizmi haqqında bir sıra məqalələr yaradılıb və əsaslı redaktə edilib.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, A.Zayıdzadə ingilis dilində İkinci Qarabağ müharibəsi haqqındakı məqaləyə əhəmiyyətli əlavələr edib, ermənilərin Kəlbəcər və Ağdamda törətdikləri ekoloji terror, həmçinin müharibə cinayətlərini ətraflı işıqlandırıb. Eyni zamanda, İkinci Qarabağ müharibəsi zamanı Hadrut, Şuşa, Laçın və Araz çayı boyunca gedən döyüşlər, müharibədə iştirak edən general və zabitlərimizdən Hikmət Həsənov, Hikmət Mirzəyev, Yaşar Həsənov, Samir Səfərov, Fariz Nəcəfov haqqında, habelə Ermənistanın Bərdədə raket hücumu barədə məqalələr yaradıb.

“Ayxan Zayıdzadə son illər “Vikipediya”nın ingilis dil bölməsində Azərbaycan haqqında məqalələr yaradılmasında uğurlu fəaliyyət göstərir. O, həmçinin Qarabağla bağlı müzakirələrdə fəal iştirak edir, “Vikipediya”nın qaydaları çərçivəsində ermənipərəst istifadəçilərin təxribatlarına qarşı əsaslı və faktlarla cavab verir”, - deyə E.Eltürk qeyd edib.