“Allah həsrətində olanların hamısına nəsib etsin. Çox sevinirik. Bu işdə əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm. Hamıya belə xoş bir gün nəsib olsun, öz torpağına getsin. Bunlar əvəzolunmaz hisslərdir. İllərdir xəyallarımda yaşatdığım yerlərə gedirəm. Gəncliyimə, xatirələrimə gedirəm”.
“İki sahil” xəbər verir ki, bu sözləri Cəbrayıl şəhərinə köçən keçmiş məcburi köçkün Pəri Xudiyeva söyləyib. O, bu illər ərzində müəllim işlədiyini, bundan sonrakı illəri də pedaqoji fəaliyyətlə keçirmək istədiyini qeyd edib.
“Ordan çıxanda cavan idim. İndi 65 yaşım var. 42 il məktəbdə müəllim işləmişəm, yenicə təqaüdə ayrılmışam. İndi gedirəm rayonumuzda istirahətimi davam etdirəm. Təki sağlıq, sülh, əmin-amanlıq olsun. İmkan olsa, yenə də işləməyə həvəsim, enerjim var. Qalan ömürümü orada keçirmək istəyirəm. Təki firavan yaşasın millətimiz”,- deyə sakin əlavə edib.
P.Xudiyeva, həmçinin şəhidlərə rəhmət, qazilərə cansağlığı arzulayıb, Ali Baş Komandan İlham Əliyevə Böyük Qayıdışa - sülhə, quruculuğa, əmin-amalığa görə minnətdarlığını ifadə edib.
Xatırladaq ki, bu gün Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə, ümumilikdə 35 ailə - 133 nəfər doğma yurduna köçürülüb.