10 dekabr 2020 15:33
1647

Elmira Məmmədəmin qızı Ramazanova

Azərbaycanın neft-qaz elminə və sənayesinə ağır itki üz vermişdir. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmlər doktoru, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-tədqiqat institutunun direktoru Elmira Məmmədəmin qızı Ramazanova 2020-ci il dekabrın 8-də, ömrünün 86-cı ilində vəfat etmişdir.

Elmira Ramazanova 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna (hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) qəbul olunmuş, 1957-ci ildə institutu istilik mühəndisi ixtisası üzrə bitirmişdir. Mənalı və şərəfli həyat yolu keçən Elmira Ramazanova əmək fəaliyyətinə Energetika İdarəsində  başlamışdır. 1959-1963-cü illərdə M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun aspiranturasında təhsil almış, 1966-cı ildən dosent, 1978-ci ildənsə professor elmi adlarına layiq görülmüşdür. Ömrünü neft-qaz elminə və sənayesinə həsr etmiş Elmira Ramazanova 1992-ci ildə “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-tədqiqat institutunun direktoru vəzifəsinə təyin olunmuş, neft-kimya elminin bacarıqlı təşkilatçısı kimi institutun qarşısında qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsində mühüm rol oynamışdır.

E.Ramazanovanın neft-qaz elmi və sənayesi qarşısında xidmətləri yüksək qiymətləndirilmişdir. O, keçmiş Sovet İttifaqının “Şərəf nişanı” ordeni ilə təltif olunmuş, Əməkdar elm xadimi, “SSRİ-nin Fəxri neftçisi”, Vyetnamın neft sənayesinin “Fəxri neft xadimi” adlarına layiq görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. 2018-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Keçmiş SSRİ məkanında tanınmış və sayılıb-seçilən alim kimi E.Ramazanova həyatını və bütün əmək fəaliyyətini Azərbaycanda neft-qaz elmi və sənayesinin inkişafına həsr etmişdir. Elmira xanım Azərbaycan Respublikasının Milli Neft Komitəsinin vitse-prezidenti kimi Dünya Neft Şurasının konqreslərində fəal iştirak edərək Azərbaycanda neft elmini layiqincə təbliğ və təmsil etmişdir.

Öz ixtisasının mahir bilicisi, zəngin təcrübəyə, təşkilatçılıq bacarığına və insani keyfiyyətlərə malik rəhbər elmi işçi, əsil ziyalı xanım, peşəsinin vurğunu kimi dərin rəğbət qazanmış Elmira Ramazanovanın əziz xatirəsi bütün neft-qaz sənayesi işçilərinin və onu tanıyanların qəlbində daim yaşayacaqdır. 

ALLAH rəhmət eləsin!

Rövnəq Abdullayev, Xoşbəxt Yusifzadə, Cahangir Əliyev