17 iyul 2021 21:03
554

22 iyul 1990-cı il: Ulu Öndərin xilaskarlıq missiyasının başlanğıc tarixi

Həmin gün Naxçıvana qayıdan ulu öndər  Heydər Əliyev xalqa  müstəqillik yolunda bələdçilik etdi

Zəmanəsinin korifeylərindən olan müdrik siyasətçi  Heydər Əliyevi başqalarından fərqləndirən  onun siyasi hazırlığı, uzaqgörənliyi, xalqına olan tükənməz məhəbbəti, qətiyyətidir.  Tarixdə adları  ilə yaşayan dövlət xadimlərinin hamısına olmasa da, bəzilərinə nəsib olan bu  xoşbəxtlik  onları  xalqına  lider kimi  sevdirmiş, əsrlərlə yaşatmışdır. Zəmanəsini çox-çox qabaqlayan görkəmli mütəfəkkirlərə nəsib olan bu xoşbəxtlık  ulu öndər Heydər Əliyevin taleyinə  yazılan Tanrı qisməti olmaqla bütün xalqın yoluna işıq saldı. Liderlik üçün  təşəbbüs vərdişini, fərqli düşüncə tərzini şəxsiyyətində birləşdirən, dahiliyin  intellektual keyfiyyətlərinə sahib olan Ulu Öndər  ağıl, zəka, təfəkkür, hikmət  kimi mənəvi sərvətlərdən zamanında, düşünülümüş şəkildə  istifadə etmişdir.

Bu keyfiyyətləri dövlətçilik təcrübəsində yaşadan, təkmilləşdirən  ulu öndər Heydər Əliyev  dəfələrlə  Azərbaycanı gözləyən təhlükələrdən xilas etməklə, xalqı arxasınca apara bilmək qabiliyyəti ilə  xiaskarlıq missiyasını yerinə yetirmiş, əsl lider olduğunu çoxillik dövlətçilik təcrübəsi ilə   möhürləmişdir.  Hakimiyyətinin birinci mərhələsində SSRİ-də ən geridə qalmış respublika olan Azərbaycanı Keçici Qırmızı Bayraqlar diyarına çevirən Ulu Öndər Kremldə işlədiyi müddətdə  zəkası ilə ətrafında olanları heyrətləndirdiyi,  qıcıqlandırdığı  kimi,  İttifaq səviyyəli,   çətin problemlərin düzgün, operativ  həllində  göstərdiyi qətiyyəti ilə də təkrarolunmazlığını təsdiqləmiş şəxsiyyət idi.   SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini işləyən Heydər Əliyevin  fenomen istedadı, qabiliyyəti, hadisələri düzgün qiymətləndirmək bacarığı  ilə müqayisədə  özünün bivecliyinin aşkarlanmasından ehtiyatlanan SSRİ-nin ilk prezidenti M. Qorbaçov  Ulu Öndəri əsas rəqibi  hesab edirdi. 

21 oktyabr 1987-ci ildə Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən  azad edilməsi barədəki qərarı özünə qarşı  ədalətsizlik adlandıran  Ulu Öndər «Vaşinqton post» qəzetinin Moskva müxbiri Devid Remnikin  sualına belə cavab verir : « Əsl səbəb təkcə səhhətimlə bağlı deyildir. Hərçənd  əlbəttə, mən həqiqətən xəstələnmişdim. Səbəblər odur ki, işlədiyim son dövrdə Qorbaçov tərəfindən  özümə qarşı  qeyri-səmimi münasibət hiss edirdim. Bu, çox şeydə  özünü büruzə verirdi. Mən vicdanla işləyirdim, işimdə heç bir qüsur görmürdüm. Qorbaçov isə subyektiv  hisslərinin əsiri oldu, vəssəlam.»

Moskvada  yüksək vəzifədə işlədiyi müddətdə belə xalqının taleyi üçün narahat olan,  heç bir təhdid və təzyiqdən qorxmadığını Azərbaycanın inkişafı üçün yaranan fürsətlərdən bacarıqla istifadə etməklə bildirən,  20 yanvar 1990-cı ildə Sovet tanklarının Bakıya girməsini  siyasi təcavüz adlandıran Ulu Öndər etirazını Moskvadakı Azərbaycan nümayəndəliyindəki tarixi çıxışı ilə bildirdi.  «O vaxt çox nüfuzlu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun- sovet diplomat kadrları  yetişdirən mərkəzin müəllimi olan oğlu İlham da  atasının yanında idi. Bu , görünməmiş bir cəsarət idi və  İlham bu addımı atdı. O, özünün vətəndaşlıq borcunu yerinə yetirdi və hər şeyi- işini, cəmiyyətdəki mövqeyini,  sosial statusunu itirdi.» ( «Heydər Əliyev. Tale yollar» kitabından.)

«Heydər Əliyev təkbaşına, özü də Sovet İttifaqının mərkəzində öz haqq səsini ucaltmış, xalqla həmrəyliyini göstərmiş və bu faciəni bütün dünyaya çatdırmışdır» söyləyən Prezident İlham Əliyev o ağır günlərdə xalqla bir olan Ulu Öndərin qətiyyətini qürurla xatırladır.  Xalqını sevən müdrik siyasətçi Heydər Əliyevin bu hərəkəti böyük sensasiyaya çevrildi, nitqi videokameralara çəkildi,  sürətlə yayıldı. Kremldə də başa düşürdülər ki, nümayəndəlikdəki   bu tarixi çıxış böyük şəxsiyyətin siyasətə qayıdışının başlanğıcı ola bilər.  Buna görə də  Ulu Öndər  başqa yerə getmək imkanından məhrum edildi.

Ulu öndər Heydər Əliyevin yanvarın 19-da, Bakıdakı faciədən bir gün əvvəl Qorbaçovun birdən-birə ona zəng etməsi ilə bağlı  ifadəsindən bəzi məqamlar: « 1987-ci ildən sonra ilk dəfə olaraq Qorbaçov mənə zəng etdi. Bizim çox kəskin danışığımız oldu… Qorbaçov dedi ki,  Azərbaycanda vəziyyət qarışıqdır və bu qarışıqlıqda  sən günahkarsan. Orada sovet hakimiyyətinin yıxılmasında guya mən günahkaram, buna görə də  bu hərəkatın qarşısının alınması üçün məhz mən təcili tədbir görməliyəm. O, məni hədələdi ki,  əgər mən bunu etməsəm, onlar bilirlər mənimlə nə edəcəklər, onlar onsuz da Azərbaycanda qayda-qanun yaradacaqlar, lakin günahkar mən olacağam. Mən ona çox kəskin cavablar verdim və bildirdim ki,  bunlar hamısı iftiradır;»

«İstefasından» sonra baş verənləri ulu öndər Heydər Əliyev belə xatırladır : « Siyasi Bürodan istefa verdikdən 15 gün sonra Qarabağ məsələsi ortaya çıxdı. Qorbaçovun ən yaxın adamı, iqtisadiyyat üzrə müşaviri, milliyyətcə erməni olan  professor Aqanbekyan Parisdə keçirdiyi bir mətbuat konfransında «Dağlıq Qarabağ Ermənistana verilməlidir» demiş, bu məsələ ilə əlaqədar Qorbaçovu da qızışdırmışdı. Deməli bu plan hələ əvvəlcədən  hazırlanmış, lakin tətbiq olunmasında mən ciddi maneə imişəm.»

20 iyul 1990-cı ildə   Azərbaycana gələn Ulu Öndər Vətənində «sürprizlərlə» qarşılaşır. Kremlin hər bir əmrinə itaət etməklə milli- mənəvi  dəyərlərini itirən  Azərbaycanın o dövrdəki kommunist ideologiyasının quluna çevrilmiş   rəhbərliyi ümummilli lider Heydər Əliyevin Azərbaycana gəlişindən təlaşlandı.   Bütün Azərbaycan xalqının sevib, hörmət etdiyi bu müdrik  dahini   qorxutmaq,  Azərbaycandan çıxarmaq üçün onun əlaqə saxladığı  dövlət adamlarına qarşı  təxribatlar hazırlandı. Bu, o zaman idi ki, səbatsız,  dövləti idarəetmə təcrübəsi olmayan «rəhbərlərin» düşünülməmiş ,  ələbaxım siyasəti nəticəsində torpaqlarımız ermənilər tərəfindən işğal olunur,  ölkə əhalisi  iqtisadi böhrandan əziyyət çəkir,    xaos içərisində  qalan insanların sabaha ümidi tükənirdi.  Ən əsası isə Azərbaycanın varlığı  sual altında idi. Belə bir qarışıq, gərgin zamanda  hamını bir sual düşündürürdü: Hər an gözlənilən faciələrin qarşısını  almaq olarmı? Məhz o zaman insanlar  çıxış yolunu müəyyənləşdirdilər : Olar. Əgər hakimiyyət xalqa dəyər verən, Vətənini canından artıq sevən müdrik rəhbərin əlində olsaydı bu cür xaos yaranmazdı. O zəka sahibi isə el ağsaqqalı  Heydər Əliyev idi.  Xalqın bu seçimini özlərinin məhvi kimi dəyərləndirən  «kommunist üsul-idarəsinin» başbilənləri Ulu Öndəri Azərbaycandan uzaqlaşdırmaq üçün hər cür çirkin əməllərə əl atdılar.  Lakin uzaqgörən siyasətçi Heydər Əliyev fenomeni, zəkası, düşüncəsi elə parlaq bir varlığa  sahib idi ki,  ona heç bir ləkə  yapışmazdı. Beləcə iki gün Bakıda qalan, iyul ayının 22-də  Naxçıvana gələn  Ulu Öndəri  100 mindən artıq  həmyerlisi  xilaskar kimi qarşıladı. Görüşdə  həmyerlilərinə müraciət edən Ulu Öndərin nitqi tarixi  dönüşün zəfər çağırışı idi: « Doğma vətən torpağına heç də  yenidən hakimiyyətə  qalxmaq üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm» söyləyən,  Vətənini canından artıq sevən  ulu öndər Heydər Əliyev xilaskarlıq missiyasına xalqının  xeyir-duası ilə başladı.

Doğma yurdunda  el ağsaqqalı, sonra deputat, nəhayət  Naxçıvan MR Ali Məclisinin Sədri  kimi ən vacib problemlərin əsl mahiyyətini müdrikcəsinə dərk edib, çıxış yollarını müəyyənləşdirib, alternativ yollar axtaran Ulu Öndərin  həyata keçirdiyi islahatların hər biri özlüyündə  Azərbaycanın gələcək inkişafı üçün təməl idi.

17 noyabr 1990- cı ildə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisin  sessiyasına  deputat kimi sədrlik edən Heydər Əliyev bir müddət sonra söylədiyi «Müstəqillik qədər çətin yol yoxdur. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir» sözlərinin real həyatda həlli üçün imkan yaradan  məsələlər barədə düşüncələrini gerçəkləşdirdi. Həmin sessiyada «Naxçıvan MSSR»nin  adından «sovet, sosialist»»  sözlərinin çıxarılması, dövlət atributları sayılan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının, himn və gerbinin bərpası barədə qərarın qəbul olunması  müdriklik, cəsarət tələb edirdi.

O illərdə  görülən işləri inkişafımızın təməli adlandıran Prezident İlham Əliyevin sözləri daha xarakterikdir: « Heydər Əliyevin 1970-ci, 1980-ci illərdə də gördüyü işlər, Azərbaycanın inkişafına verdiyi töhfələr və Sovet İttifaqının dağılma ərəfəsindəki fəaliyyəti, cəsarətli addımlar, qanlı 20 Yanvar faciəsinin pislənməsi, Kommunist Partiyası sıralarının tərk edilməsi, Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi təsis edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi, Sovet İttifaqının saxlanmasına dair referendumun keçirilməməsi - bütün bu amillər əlbəttə ki, xalqda Heydər Əliyevə olan məhəbbəti birə on artırırdı. 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması xalqda böyük ümidlər yaratdı ki, nəhayət, xoşagəlməz hallara son qoyulacaq, nəhayət, Azərbaycanda çox ciddi siyasi qüvvə yaranır, nəhayət, Azərbaycanda siyasi sistem yaranır.»

Ulu öndər Naxçıvanda olarkən  31 dekabr- Dünya Azərbaycan türklərinin milli həmrəylik və birliyi barədə qərarın qəbulu ilə diaspor təşkilatının təməlini qoydu.  SSRİ-nin cənub sərhədlərini qoruyan sovet ordusunun hərbi  arsenalı, silah-sursatı  muxtar respublikada qalmaqla bütün ordu  hissələrinin Naxçıvandan çıxarılmasına nail oldu. İlk Sərhəd Dəstəsini yaratdı.  O dövrdə  Ulu Öndərin tarixi  xidmətlərindən biri də respublikanın sərhədlərinin, Naxçıvanın ermənilər tərəfindən  işğalının qarşısının alınmasına yönəldilmiş Qars müqaviləsinin təzələnməsi, İran və Türkiyə ilə əməkdaşlığın  gücləndirilməsi oldu. Hər iki qonşu dövlətdən  Naxçıvana ərzaq , sənaye malları, ən başlıcası isə enerji verildi.  «Ümid körpüsü» salındı. Naxçıvan hava limanı,  Bakıda isə muxtar respublikanın nümayəndəliyi açıldı. Bazar iqtisadiyyatının başlıca tələblərindən olan özəlləşdirmə siyasətini həyata keçirdi.

Muxtar Respublikanın  Ali Məclisinin Sədri kimi 1992-ci ildə  antimilli qüvvələrin təhdidlərinə xalqla birliyi sayəsində qalib gələn  ulu öndər Heydər Əliyev  növbəti dəfə xilaskarlıq missiyasını   1993-cü ildə yerinə yetirdi. Həmin il, iyunun 9-da    parçalanmaqda olan  ölkəni  daxili qarşıdurma və  xarici dövlətlərin məkrli  müdaxilələrindən qorumaq üçün xalqın tələbi ilə Bakıya qayıdan ümummilli lider Heydər Əliyev  Azərbaycanın müstəqilliyi naminə  daha mühüm xidmətlər göstərdi.   Bu gün Azərbaycanın dünyada  qüdrətli dövlət kimi tanınması Ulu Öndərin ideyalarının reallaşması deməkdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi ulu öndər  Heydər Əliyevin Naxçıvandan Bakıya , böyük siyasətə qayıdışı şərəfli xilaskar missiyasının başlanğıcı oldu.

Xuraman İsmayılqızı, «İki sahil»