2025-ci ilin ən önəmli beynəlxalq tədbirlərindən biri olan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XVII Zirvə Görüşü Azərbaycanın Xankəndi şəhərində keçirildi. Bu fakt təkcə diplomatik və iqtisadi baxımdan deyil, həm də geosiyasi və tarixi baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu tədbir Qarabağın mərkəzi olan Xankəndidə ilk dəfə beynəlxalq səviyyəli zirvə görüşünün keçirilməsi ilə yadda qaldı və Azərbaycanın suveren hüquqlarının beynəlxalq müstəvidə tam şəkildə tanındığını bir daha təsdiqlədi. Zirvə çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin etdiyi çıxış isə həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan əhəmiyyətli mesajlarla zəngin oldu.
Prezident İlham Əliyev çıxışına tədbirin məhz Xankəndidə keçirilməsinin rəmzi və tarixi əhəmiyyətini vurğulamaqla başladı. O bildirdi ki, bu gün Qarabağın mərkəzində, illər boyu erməni separatizminin məkanı olmuş Xankəndidə beynəlxalq tədbirin keçirilməsi Azərbaycanın tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdiyini nümayiş etdirir: "Bu gün biz Xankəndidə - suveren Azərbaycan torpağında toplaşaraq regionda yeni bir dövrün başlanğıcını elan edirik. Bu həm də İƏT-ə üzv ölkələrin Azərbaycana olan hörmətinin və həmrəyliyinin göstəricisidir.”
Prezident İlham Əliyev çıxışında post-münaqişə dövründə Azərbaycanın gördüyü irimiqyaslı bərpa və quruculuq işlərinə xüsusi diqqət ayırdığını, 2020-ci il Vətən müharibəsindən sonra işğaldan azad olunmuş torpaqlarda “Böyük Qayıdış” proqramı çərçivəsində bərpa prosesinin sürətlə davam etdirildiyini bildirdi. O qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsində ağıllı şəhər və kəndlər inşa olunur, beynəlxalq hava limanları tikilib istifadəyə verilib, müasir avtomobil yolları və dəmir yolları çəkilir.
Prezidentin vurğuladığı əsas məqamlardan biri də Azərbaycanın bu regionu yaşıl enerji zonası elan etməsi oldu. Günəş və külək enerjisi layihələri, həmçinin hidroenerji potensialı bölgənin davamlı inkişafına töhfə verir və xarici investorlar üçün geniş imkanlar açır.
Prezident İlham Əliyev çıxışında İƏT-in üzv ölkələri arasında iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyini vurğuladı. O qeyd etdi ki, bu təşkilat yalnız regional iqtisadi əməkdaşlıq platforması deyil, həm də üzv dövlətlərin suverenlik və müstəqillik prinsiplərinə hörmət əsasında bir-biri ilə əlaqələrini inkişaf etdirdiyi strateji məkandır.
Azərbaycanın nəqliyyat və enerji layihələri – xüsusilə Zəngəzur dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Transxəzər nəqliyyat marşrutu – İƏT ölkələri arasında birbaşa əlaqə imkanlarını artırır. Bu məsələlər ətrafında danışan Prezident bildirdi ki, Azərbaycan bu gün regionun mühüm loqistik qovşağına çevrilib. Biz enerji, nəqliyyat və ticarət sahələrində əməkdaşlığın dərinləşməsinə töhfə veririk və İƏT çərçivəsində bu potensialdan daha geniş istifadə edilməlidir.
Prezident İlham Əliyevin çıxışında regionda sülh və təhlükəsizliyin təmin olunması ilə bağlı məsələlər xüsusi yer tutdu. O qeyd etdi ki, Azərbaycan uzun illərdir sülh təşəbbüsləri irəli sürür və Ermənistanla normallaşma prosesinin davam etməsinə çalışır.
Bu kontekstdə sülh müqaviləsinin imzalanması üçün hüquqi əsasların artıq formalaşdığını qeyd edən Prezident, Ermənistan tərəfini real və konstruktiv mövqe sərgiləməyə çağırdı. O vurğuladı ki, davamlı sülh bölgədə iqtisadi inkişafı sürətləndirə bilər və bu, bütün region ölkələrinin xeyrinə olacaq.
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunu və liderliyini bir daha nümayiş etdirdi. Xankəndidə keçirilən bu Zirvə Görüşü Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, bütün Avrasiya məkanında sabitlik və inkişaf üçün vacib bir aktora çevrildiyini sübut etdi. Təkcə iqtisadi deyil, eyni zamanda siyasi və geostrateji baxımdan Azərbaycanın rolu getdikcə güclənir. Prezident qeyd etdi ki, Azərbaycan bundan sonra da İƏT çərçivəsində regional və beynəlxalq əməkdaşlığa fəal dəstək verəcək və qarşılıqlı maraqlara əsaslanan layihələrə öncüllük edəcək.
Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XVII Zirvə Görüşü Azərbaycanın müasir tarixində və beynəlxalq diplomatiyasında mühüm mərhələ kimi yadda qaldı. Prezident İlham Əliyevin zirvə çıxışı həm daxili siyasətin, həm də xarici siyasətin strateji baxışını əks etdirən, müdrik və gələcəyə yönəlik bir yol xəritəsi oldu.
Bu çıxış və ümumilikdə tədbir göstərdi ki, Azərbaycan həm öz milli maraqlarını qorumaqda, həm də regional əməkdaşlığı təşviq etməkdə uğurlu və prinsipial siyasət yürüdür. Azərbaycanın siyasi iradəsi və liderliyi regionda sabitlik, tərəqqi və əməkdaşlıq üçün etibarlı zəmin yaradır.
Jalə Əliyeva
Millət vəkilii
Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini