Bilirik ki, qarajda maşın, alətlər, yaxud köhnə əşyalar saxlanıla bilər. Sən demə, hazırda dünyada “at oynadan” bəzi şirkətlər ilk dəfə məhz elə qarajlarda işə başlayıbmış:
Amazon
1994-cü ildə Cef Bezos “Amazon” şirkətini yaratdı. İlk əvvəl “Amazon” kitab satışı həyata keçirən bir internet-mağaza idi və onun ofisi ABŞ-ın Vaşinqton ştatında yerləşən evlərinin qarajında yerləşirdi. İlk kitab satışını Cef düz bir il sonra həyata keçirə bilmişdi, lakin hazırda onun şirkəti müxtəlif məhsulların satışı üzrə ən böyük ticarət şəbəkəsidir.
Apple
1976-cı ildə iki dost-Stiv Voznyak və Stiv Cobs personal kompüterlərin yaradılması ilə məşğul olmağa başladılar. Onlar da özlərinin ilk kompüterini məhz qarajda yaratdılar. Hazırda “Apple” dünyanın ən məşhur şirkətlərindən biridir və ən müasir kompüter, mobil cihazlar və multimedia qurğuları istehsal edir.
Disney
Kaliforniya ştatında, Anahaymda “Disneyland”dan 45 dəqiqə məsafədə bir ev yerləşir. “The Walt Disney” şirkəti ilk dəfə orada yaranıb. Həmin ev Uoltun dayısı Robert Disneyə məxsus idi. Uolt və onun qardaşı Roy “The First Disney Studio”nu o evin qarajında yaratmışdılar və ilk filmləri olan “Alice Comedies” məhz orada çəkilmişdi.
Dövrümüzdə “Disney” ən varlı şirkətlərdən biri hesab olunur.
1998-ci ilin sentyabr ayında Larri Peyc və Serqey Brin bizim bu gün “Google” kimi tanıdığımız axtarış sisteminin üzərində işləməyə başladılar. Onlar qarajda əsasını qoyduqları bu layihəni təhsillərinə mane olduğuna və inkişafı üçün çoxlu maliyyə vəsaitinə ehtiyac yarandığına görə satışa qoymuşdular.
Hazırda “Google” bütün dünyada ən məşhur axtarış sistemidir.
Harley Davidson
21 yaşlı Uilyam S. Harli 1901-ci ildə ilk dəfə kiçik velosiped motoru konstruksiya etmək qərarına gəldi. Növbəti iki ildə o bu işi dostu Artur Devidson ilə Viskonsindəki həyət evinin qarajında davam etdirdilər və motorlu velosipedlər hazırlamağa başladılar.
Rəsmi olaraq, “Harley Davidson” şirkəti 1903-cü ildə yarandı. Hazırda bu modelin motosikletləri dünyada ən məşhurdur.
Nubar Süleymanova, “İki sahil”