25 dekabr 2020 14:59
1944

Səbaildə şəhid Əli Nağıyevin əziz xatirəsi ehtiramla yad olunur - FOTO

Dekabrın 25-i Azərbaycan torpaqlarının mənfur düşmən işğalından azad olunması uğrunda gedən Vətən müharibəsində şanlı döyüş yolu keçərək Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Əli Mehman oğlu Nağıyevin anadan olduğu gündür.

Şəhid Əli Nağıyev 1991-ci il dekabrın 25-də Bakı şəhərində anadan olub. Əli sadə və zəhmətkeş ailənin oğlu, utancaq və mədəni gənc idi. Bu sakit təbiətli Vətən övladı İkinci Qarabağ müharibəsi başlayan kimi bir an belə düşünmədən həvəslə torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılıb. Füzuli, Cəbrayıl, Şuşa uğrunda döyüşlərdə iştirak edib və oktyabrın 22-də Laçın istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən, əsgər Nağıyev Əli Mehman oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Şəhidimiz subay idi.

Bu gün Səbail rayonunda şəhidimiz Əlinin əziz xatirəsi ehtiramla yad olunur. Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının gəncləri şəhidimizin doğum günündə onun məzarını ziyarət ediblər, qəhrəmanımızın ruhu qarşısında bir daha dərin hörmət və ehtiramlarını ifadə ediblər.

Gənclər, Vətən torpaqlarının azadlığı uğrunda canını fəda edən və indi yanaşı uyuyan qəhrəmanlarımızın – Səbail rayonunun bütün şəhidlərinin məzarlarına güllər düzüblər, əbədi xatirələrini bir daha məzarları başında yad ediblər. Şəhadətiniz mübarək, Vətənimizin qəhrəman oğulları! Allah bizi sizlərin ruhuna layiq etsin.

Cavid Əkbərov, “İki sahil”