Müasir müstəqil Azərbaycan dövlətinin hazırkı inkişaf mərhələsinə çatmasında bir çox amillər müstəsna rol oynayıb. Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət Heydər Əliyev olub. Həm keçmiş SSRİ, həm də müstəqillik dövründə Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyəti Azərbaycan xalqının tərəqqisi və inkişafına xidmət edib. Azərbaycan məhz Ulu Öndərin rəhbərliyi ilə inkişaf edərək tərəqqi yoluna çıxmış, bütün sahələrdə mühüm uğurlar, parlaq nəticələr əldə edib.
Ulu Öndər Heydər Əliyev yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanın ən çətin vaxtlarında, ölkənin vətəndaş müharibəsi və tam parçalanma ərəfəsində olduğu bir vaxtda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdı. Ümimmilli Lider respublikamızın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin təməlini qoydu. Ulu Öndərin inkişaf strategiyası iqtisadi subyektlərin fəaliyyət mühitini yaxşılaşdırmaqla yanaşı, dövlətin uzunmüddətli perspektivdə ehtiyac duyulan maliyyə resursları ilə təmin edilməsinə hesablanmışdı. Belə ki, 1994-cü il sentyabrın 20-də dünyanın aparıcı neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” qlobal əhəmiyyətə malik hadisə olmaqla yanaşı, həm də Azərbaycanın gələcək inkişafının əsasını təşkil etdi, müstəqillik tariximizə yeni səhifə açdı.
Xarici sərmayə üçün açılan Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi, 2002-ci ildə çoxlarının xəyal hesab etdiyi Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin təməlinin qoyulması nəticəsində ölkəmiz mühüm karbohidrogen ixracatçısına və enerji dəhlizinə çevrildi.
Bu gün öz geosiyasi və iqtisadi əhəmiyyəti ilə seçilən “Cənub Qaz Dəhlizi”nin seqmentləri olan TANAP, TAP kimi iri transmilli layihələrin Azərbaycanın təşəbbüsü, siyasi iradəsi, əzmi ilə reallaşdırılması, dövlət başçısı tərəfindən “XXI əsrin müqaviləsi” adlandırılan “Şahdəniz-2” layihəsinin gerçəkləşdirilməsi də məhz əsası “Əsrin müqaviləsi” ilə qoyulan böyük neft strategiyasının məntiqi davamıdır. “Əsrin müqaviləsi”nin növbəti uğur səhifəsi 2017-ci ildə Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənilməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması oldu. Bununla da “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilədək uzadıldı.
1997-ci il noyabrın 12-də “Çıraq” platformasında ilkin nertin çıxarılmasına həsr olunmuş mərasimdə çıxış edərkən Ulu Öndər Heydər Əliyev “Əsrin müqaviləsi” ilə bağlı gələcək üçün proqnozlarını vermişdi: “Bizim imzaladığımız müqavilələrin hamısı təxminən 30 il müddətinə bağlanıbdır. Ancaq mən güman edirəm ki, bu müqavilələr 30 il yox, ondan da çox illər işləyəcəkdir. Mən hesab edirəm ki, Azərbaycan Respublikasının dünyanın böyük neft şirkətləri ilə imzaladığı müqavilələr XXI əsrdə həm Azərbaycan üçün, həm də Azərbaycanla müştərək iş görən şirkətlər, ölkələr üçün çox əhəmiyyətli sənədlərdir”.
Qətiyyətlə demək olar ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli neft-qaz strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi müstəqil Azərbaycanın güclənməsinə, respublikamızın sosial-iqtisadi tərəqqisinə, xalqımızın rifah halının yüksəlməsinə böyük töhfələr verir. Ulu Öndərin yaratdığı dövlətçilik ənənələrinə sadiqlik, milli mənafeləri hər şeydən üstün tutmaq prinsipləri bugünkü Azərbaycan dövlətinin qurulmasında və möhkəmləndirilməsində əsas rol oynamışdır və həmin prinsiplərə bu gün də ciddi əməl olunur. Dövlət başçısı İlham Əliyev tərəfindən yürüdülən siyasət nəticəsində Azərbaycan müasir, qüdrətli və dinamik inkişafa malik ölkə kimi tanınır.
Azərbaycan öz tərəfdaşları ilə “Şahdəniz” yatağından hasil olunan qazın beynəlxalq bazara çıxarılması üçün “Cənub Qaz Dəhlizi” layihəsini həyata keçirərək dünyanın enerji xəritəsini dəyişdirdi və Avropanın enerji təhlükəsizliyini təmin edən əsas mənbələrdən birinə çevrildi. BP şirkəti ilə tarixə “Yeni əsrin müqaviləsi” kimi düşmüş saziş imzalandı, enerji sahəsində digər tədbirlər həyata keçirildi. Bütün bunlar ölkəmizə hələ uzun onilliklər ərzində böyük maliyyə vəsaitlərinin axınını təmin etməklə yanaşı, onun dünyada əsas enerji ixracatçılarından biri kimi qalmasını təmin etdi. Coğrafi baxımdan Avropa ilə Asiyanın, Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın nəqliyyat-kommunikasiya sahəsində potensialının reallaşdırılması istiqamətində mühüm addımlar atıldı, ölkəmizdə müasir nəqliyyat infrastrukturu yaradıldı. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında fəal iştirak edərək, bu layihələrin icrasına önəmli töhfələr verdi.
Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. Fəxrlə deyə bilərik ki, bu günü qalib xalq kimi qeyd edirik. Bu gün Azərbaycan xalqının böyük oğlunun və əcdadlarımızın ruhu şaddır. Çünki Ümummilli Liderimizin ən böyük arzusu və amalı məhz tarixi ərazilərimizin düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi.
44 günlük Vətən mühribəsində qazandığımız şanlı Zəfər əsası Ulu Öndərimiz tərəfindən qoyulan ordu quruculuğu prosesinin məntiqi nəticəsi idi. Tarixi torpaqlarımızın erməni işğalından azad edilməsində dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz əsl tarix yazdı. Bu qəhrəmanlıq salnaməsi əsrlər boyu tariximizin ən parlaq səhifələrindən biri olaraq heç zaman unudulmayacaq.
Reallaşdırılan Ulu Öndər Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsi, dövlətimizin qüdrətinin ifadəsidir. Prezident İlham Əliyevin 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamında qeyd edildiyi kimi, “müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”. Bütün bunlar bir daha əminliklə söyləməyə əsas verir ki, müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır. Heydər Əliyev yolu ilə inamla irəliləyən, günbəgün güclənən, qüdrətlənən Azərbaycan hər bir vətəndaşımızın qürur mənbəyidir.
Bu gün azad edilmiş ərazilərdə dağıdılmış, məhv edilmiş infrastrukturun yenidən qurulması üçün Prezidentin göstərişi ilə sürətli bərpa işləri həyata keçirilir. Artıq işğaldan azad edilən şəhərlərimizdə, rayonlarımızda, hətta kəndlərimizdə həyat yenidən qaynamağa başlayır. Dövlətimizin, xalqımızın qüdrəti, qətiyyəti, həmrəyliyi sayəsində əldə olunan bu Qələbə, həm də dahi şəxsiyyət, ömrünü xalqının xoşbəxt gələcəyinə həsr etmiş Ulu Öndər Heydər Əliyevin vəsiyyətinin yerinə yetirilməsi idi.
Orxan Vahidoğlu, “İki sahil”