14 yanvar 2021 17:54
1087

Yaxın gələcəkdə Azərbaycanla Naxçıvanı... - VİDEO

Fuad İbrahimov: Yaxın gələcəkdə Azərbaycanla Naxçıvanı, daha sonra Türkiyəni birləşdirəcək yol inşa olunacaq

İkisahil.TV-nin bügünkü müsahibi iqtisadçı ekspert Fuad İbrahimovdur

- Fuad müəllim, yanvarın 11-də Moskva şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Görüşdə əsas müzakirə məsələsi olan və regionun gələcəyi baxımından mühüm faktor olan kommunikasiyaların açılması Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini nə dərəcədə gücləndirəcək?

- Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, həm də regionda tamamilə yeni bir reallıq yaratdı. Keçirilən üçtərəfli görüşün məqsədi 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli Bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair gələcək addımları birlikdə müzakirə etmək idi. Yeni Bəyanatın qəbul olunması da təsdiqlədi ki, regionun gələcəyi məhz perspektivə istiqamətlənmiş məsələlərin həyata keçirilməsi ilə bağlıdır. Ümumiyyətlə, üçtərəfli Bəyanat regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutan prioritetləri özündə ehtiva edir. Ən mühüm məsələlərdən biri 2021-ci il martın 1-dək Azərbaycanın və Ermənistanın ərazisindən həyata keçiriləcək daşımaların təşkilinə dair qrafikin hazırlanmasıdır. Çünki bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən dəhlizin yaradılmasını və muxtar respublikanın blokadadan çıxarılmasını nəzərdə tutur. Bununla həm Azərbaycanın özü, həm də bütün region ölkələri üçün mühüm əhəmiyyət kəsb edən nəqliyyat-kommunikasiya imkanları reallığa çevrilmiş olur. İmzalanmış sənədə əsasən, regionda həm vaxtilə mövcud olan, həm də yeni kommunikasiya və nəqliyyat əlaqələrinin bərpasına və yaradılmasına başlanılır. Nəticədə yaxın gələcəkdə Azərbaycanla onun ayrılmaz tərkib hissəsi olan  Naxçıvanı, daha sonra Türkiyəni birləşdirəcək yol inşa ediləcək. Qeyd etmək lazımdır ki, bu yol Azərbaycanın iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıracaq. Digər tərəfdən, Azərbaycan ərazisindən keçməklə Ermənistanla Rusiyanı əlaqələndirəcək yol salınacaqdır. Eyni zamanda, Bakı və digər şəhərləri Xankəndi ilə əlaqələndirəcək yolların çəkilməsi də nəzərdə tutulur. Bütün bunlar isə Azərbaycanın iqtisadi imkanlarının artmasına, beynəlxalq nüfuzunun güclənməsinə və bölgədə yeni yaranacaq geosiyasi və geoiqtisadi müstəvidə əhəmiyyətinin artmasına gətirib çıxaracaq. Prezident İlham Əliyev açılacaq kommunikasiya xətlərinin region ölkələrinin hamısı üçün əhəmiyyətini vurğulamaqla, irəli sürdüyü altıtərəfli əməkdaşlıq formatı təklifinin qüvvədə olduğunu xatırlatmış oldu.

- İşğaldan azad olunmuş ərazilərimizdə artıq quruculuq işlərinə başlanılıb. Həmin ərazilərin iqtisadi potensialını necə qiymətləndirirsiniz? Bu amil iqtisadi artıma necə təsir göstərəcək?

-İşğaldan azad edilmiş ərazilərimizdə nəqliyyat infrastrukturunun qurulması təkcə Ermənistanla deyil, bütün qonşu dövlətlərlə sabit və dinc  təmasın qurulmasına təminat verəcək. Çünki Azərbaycan bu məsələdə sülhpərvər və yardımsevər ideyalar daşıdığını hər zaman sübut etmiş bir ölkədir. Prezident İlham Əliyev görüşdən sonra verdiyi qısa bəyanatda görüşün əhəmiyyətini vurğulayaraq qeyd etdi ki, kommunikasiyaların bərpası Azərbaycan, Ermənistan, Rusiya və digər region dövlətlərinin maraqlarına cavab verir. İşğaldan azad edilən ərazilərimizin kifayət qədər böyük iqtisadi potensialı var. Həmin torpaqlar kənd təsərrüfatının inkişafı baxımından vacib ərazilər hesab olunur. İşğaldan azad olunan ərazilərimizin mövcud potensialı, xammal və təbii ehtiyatlar və məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının 8 dəfəyədək artacağı proqnozlaşdırılır. Burada məqsəd aqrar sektorun inkişafı, təşviqedici tədbirlərin həyata keçirilməsinə nail olmaqdan ibarətdir. Dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri üçün 2.2 milyard manat ayrılıb. Görüləcək işlərin həcmi və miqyası çox böyükdür. Təbii olaraq bu işlər ölkə iqtisadiyyatının daha da canlanmasına səbəb olacaqdır. Bu layihələr həm də böhrandan sürətli çıxmaq üçün mühüm bir imkandır. İşğaldan azad olunmuş ərazilərin iqtisadi potensialı bir neçə istiqamətdə qiymətləndirilir. Xeyli sayda əkinə yararlı torpaqların, su ehtiyatlarının və əlverişli iqlim şəraitinin olması ərazinin aqrar potensialının böyük olmasını göstərir. Faydalı qazıntılar, qiyməti metal və inşaat materialları ilə zəngin yataqların olması bu sahədə iqtisadiyyatın xeyli gəlir əldə etməsinə imkan verəcək. Torpaqlarımızın işğaldan azad olunması kənd təsərrüfatı məhsullarının artmasına, ölkədə ərzaq təhlükəsizliyinin güclənməsinə, o cümlədən Azərbaycanın qeyri-neft ixracatının artmasına müsbət təsir göstərəcək”. Regionun geniş turizm potensialına sahib olması da son zamanlar ölkəmiz üçün mühüm valyuta gətirən mənbələrin birinə çevrilən bu sahənin imkanlarının dəfələrlə artmasına imkan yaradacaqdır.

-Bu gün Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində sistemli tədbirlər həyata keçirilir. Bu istiqamətdə görülən işləri necə dəyərləndirirsiniz?

- İqtisadi cəhətdən 2020-ci il bütün dünya üçün çətin və mürəkkəb bir il oldu. Əslində, dünya iqtisadiyyatının 2020-ci ildə 3.3% böyüməsi proqnozlaşdırılsa da, pandemiyanın yaratdığı fəsadlar nəticəsində 4.9% azaldı. 2018-ci ildən başlayaraq sürətlənən iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatında da artım sürətlənmiş və 2020-ci ildə ÜDM-in 3% artması proqnozlaşdırılırdı. Lakin pandemiyanın yaratdığı fəsadlar nəticəsində iqtisadiyyatımız 4%-dən bir az çox azaldı. Dünyada görünməmiş böhranın baş verdiyi bir şəraitdə iqtisadi siyasətin qarşısındakı əsas məqsədlərdən biri azalmanı minimum etmək, əhaliyə və sahibkarlara dəstək vermək olmuşdur. Azərbaycanda hər 2 istiqamətdə dövlət başçısı İlham Əliyevin tapşırığı ilə genişmiqyaslı işlər görülmüş, 3.5 milyard manata çatan iqtisadi dəstək proqramı icra edilmiş, 5 milyon vətəndaşı əhatə edən sosial dəstək tədbirləri həyata keçirilmişdir. Eyni zamanda, iqtisadi islahatlar da aparılmış və iqtisadiyyatın dayanıqlılığını təmin edən amillər gücləndirilmişdir. Belə ki, qeyri-neft sektorundakı 11%-lik, kənd təsərrüfatı sahəsindəki 2%-lik artım iqtisadi artım mənbələrinin dəstək mexanizmlərinə aktiv reaksiyasından xəbər verir. Həmçinin inflyasiyanın 3%-dən az olması, manatın məzənnəsinin sabit olması da mühüm nailiyyətlərdəndir. Azərbaycan qazının tarixdə ilk dəfə olaraq Avropaya çatması regionun inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Hazırda bütün dünya ölkələrində aparılan vaksinasiya tədbirləri pandemiyanın qarşısının alınacağı proqnozlarını verməkdədir. İlkin olaraq iqtisadiyyatın ikinci rübdən etibarən məhdudiyyətlərin aradan götürülməsi ilə sürətli artım mərhələsinə qədəm qoyacağı proqnozlaşdırılır.

Şəmsiyyə Əliqızı, «İki sahil»