21 yanvar 2021 18:38
570

Memorandum Azərbaycanın mövqeyini daha da möhkləmləndirəcək

“Ölkəmiz regiona yeni nəfəs gətirən layihələrin həyata keçirilməsi və böyük iqtisadi perspektiv vəd edən yataqların işlənməsində dərin təcrübəyə malikdir”.

Bu sözləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E. Səlimov bildirib ki, təsadüfi deyil ki, Azərbaycan hələ müstəqillikdən əvvəl - Sovet dönəmində beynəlxalq arenada neft sənayesinə görə daha çox tanınırdı: “Bu məsələdə, neft sənayesinin tərəqqisində heç şübhəsiz ki, ulu öndər Heydər Əliyevin danılmaz xidmətləri olub. Tarixə qısa ekskursiya etsək görərik ki, Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illər Xəzər dənizində yeni neft yataqlarının kəşf olunması ölkəmizin neft emalı, neft-kimya sənayesinin inkişafına gətirib çıxarıb. Yeni Memorandumun imzalanması bir necə səbəbdən mühüm əhəmiyyətə malikdir”.

Deputat qeyd edib ki, Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş bu razılaşmaya əsasən, bundan sonra “Dostluq” yatağında karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və mənimsənilməsi birgə həyata keçiriləcək: “Maraqlı məqamlardan biri isə yatağa “Dostluq” adının verilməsidir. Onun bu cür adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsi sayıla bilər. Onu da xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacağını anons etmişdi. Məhz belə yeniliklərdən olan bu Memorandumun imzalanması artıq reallaşdı. Bu yatağın birgə işlənməsi Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. O da bəllidir ki, yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq. Təbii ki, bu da neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini artıracaq”.

E. Səlimov vurğulayıb ki, razılaşmanın əldə edilməsi, eyni zamanda, Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olmasını möhkəmləndirir və regionda əməkdaşlıq və qarşılıqlı etimad mühitinin gücləndirilməsinə töhfə verir: “Bir maraqlı və diqqətçəkən məqamı da qeyd edək ki, bu il Türkmənistanın təşəbbüsü ilə Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zirvə Toplantısı keçiriləcək. Məhz belə bir mühüm beynəlxalq tədbir ərəfəsində bu Memorandumun imzalanması Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin bariz nümunəsi kimi səciyyələndirilir”.

Nigar Orucova, “İki sahil”