«Müharibə qurtarandan bu günə qədər Azərbaycan cəmiyyətində ilk narazılıq, nigarançılıq məhz Rusiya sülhməramlılarının bölgəyə gəlişi ilə bağlı oldu. Hamımızın nigarançılığı o idi ki, rus sülhməramlıları gəlib burada yenə ermənilərin mövqeyini müdafiə edəcək, öz maraqlarını güdəcəklər. Çünki Rusiyanın maraqları bir çox hallarda Azərbaycanın maraqları ilə üst-üstə düşmür. Biz təbii ki, bu nigarançılığımızı daim dilə gətirməliyik, diqqətdə saxlamalıyıq, Rusiya tərəfi, ictimaiyyəti Azərbaycan tərəfinin qətiyyətini bilməlidir. Mən düşünürəm ki, Rusiya bunu nəzərə alacaq, əks təqdirdə Azərbaycan o qoşunları öz ərazisindən çıxarmasını bilir. 1991-92-ci illərdə Azərbaycanda 150 minlik rus hərbi kontingenti var idi. Biz o qoşunları Azərbaycandan çıxartmış xalqıq. Bu gün də 2000 civarında olan rus sülhməramlısını öz ərazilərimizdən çıxara biləcək qüvvəyə, qüdrətə malikik. Amma Rusiya da Azərbaycanın ona verdiyi bu şansı qaçırmamalıdır. Nəhayət, Rusiya özü barədə yaranmış işğalçı, cığal obrazından çıxmaq üçün Qarabağdakı sülhməramlıların düzgün fəaliyyət göstərməsi onun üçün şansdır.»
Bu fikirləri İkisahil.TV-yə müsahibəsində AĞ Partiyanın sədri Tural Abbaslı bildirib.
Tural Abbaslı qeyd edib ki, Türkiyənin artıq minatəmizləmə bölmələri işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlayıblar: «Atəşkəsə nəzarət etmək üçün müşahidə postlarının qurulması da hesab edirəm yaxın zamanlarda həyata keçiriləcək. Əslində, Türkiyənin Qarabağ üzrə sülhməramlılarının gecikməyi Rusiya və Türkiyə arasındakı danışıqlardan da asılıdır. Çünki analizlər onu göstərir ki, Türkiyə bura yarımçıq şəkildə gəlmək istəmir. Türkiyə elə bir formada gəlmək istəyir ki, Azərbaycana dəstək verə bilsinlər. Ona görə də Türkiyə sülhməramlılarının gecikməsindən narahat deyiləm. Bilirəm ki, gələcəklər və ən yaxşı formada da Azərbaycanın maraqlarını müdafiə edəcəklər. Onun tərəfdarıyam ki, Türkiyə sülhməramlı hərbçilərinin sayı az olmasın. Onların Azərbaycanda iştirakı, həm də Rusiya sülhməramlılarının destruktiv addımlarının qarşısını alacaq.»
Qonşu ölkədə baş verən iğtişaşlarla bağlı partiya sədri bildirib ki, Rusiyada müxalifət lideri Aleksey Navalnının həbsinə etiraz olaraq başlanan aksiyalar qısa müddətdə bütün ölkəni bürüdü. Siyasi analitiklər hesab edirlər ki, baş verən hadisələrin ölkənin ucqarlarına yayılması aksiyaların təkcə Navalnının həbsi ilə bağlı olmadığını söyləməyə əsas verir. Rus xalqını hərəkətə gətirən başqa nüanslar da var. Rusiyada baş verən etiraz aksiyaları Aleksey Navalnının həbsinə qarşı yönəlsə də, birbaşa Putin hakimiyyətini hədəf alıb.
T.Abbaslı əlavə edib ki, bu iğtişaşlar əslində Rusiyada heç də demokratik dəyişikliyə hesablanmayıb: «Qərb Navalnı olayından istifadə edib Rusiyaya sanksiyalar tətbiq edəcək. Qərb çalışır ki, Putin beynəlxalq oyunçu deyil, daxili problemlərə başı qarışan bir dövlət başçısı olsun. Bu istiqamətdə plan hazırlanır. Məhz Navalnıya da buna görə dəstək verilir. Bu gün sanksiyalardan dolayı ölkədə sosial- iqtisadi vəziyyət çətinləşir. Hələ ölkə əhalisi geniş narazı kütləyə çevrilməyib. Yuxarı eşelondakı generalların da Putinə təsir etmək üçün aksiyalara dəstək verdiyi deyilir. Səbəb isə Putinin generalları saymaması, onlarla hesablaşmaması göstərilir. Rusiyada cərəyan edən hadisələr, etiraz aksiyaları Azərbaycanda da diqqətlə izlənilir. Müxalifətin bir qanadı Rusiyada etiraz aksiyalarını dəstəklədiyini nümayiş etdirir. Rusiyada baş verən hadisələr bu və ya digər formada Azərbaycana təsir edir. Çünki Rusiya regiona təsiri olan ölkələrdən biridir. Ona görə də Rusiyada baş verən hadisələrin Azərbaycana təsirsiz ötüşdüyünü demək yanlış olardı. Digər müxalifət partiyalarını deyə bilmərəm, AĞ Partiya olaraq bizim Rusiyada müxalifətin etdiyi, yaxud da Aleksey Navalnının atdığı addımlardan ruhlanmaq və ümidlənmək kimi fikrimiz yoxdur. Çünki biz uzun illər ərzində görmüşük ki, digər ölkələrdə baş verən inqilabların Azərbaycana heç bir təsiri olmadı. Bu, artıq keçilmiş yoldur. Yəni, biz kənardan kimlərdənsə ruhlanmalı deyilik. Haralardasa olan inqilabları Azərbaycanda kopyalamağa çalışmaq düzgün deyil, heç effektiv də olmaz. Hesab edirəm ki, Navalnı Avropanın, Qərbin bir projesidir. Amma Putin iqtidarda olduğu müddətdə Navalnının uğur əldə edəcəyinə inanmıram. Bir zamanlar Azərbaycan müxalifətinin Ukrayna müxalifətinin lideri Viktor Yuşşenko ilə rəsmi əlaqələri var idi. Yuşşenko iqtidara gəldikdən sonra o əlaqələr olduğu kimi qalmadı, itirildi. Ona görə də indi əgər Azərbaycanda kimlərinsə Aleksey Navalnı ilə tanışlığı, əlaqəsi varsa belə, inanmıram ki, Navalnı hətta hakimiyyətə gəlsə belə, o əlaqələr davam eləsin. Çünki Rusiyanın maraqları şəxsi münasibətlərdən öndə tutulacaq. Məlum məsələdir ki, Navalnının arxasında Qərb qüvvələri durur. Necə ki, bundan qabaq Belarusda vətəndaş qarşıdurmasına çalışırdılar. Navalnı isə müxalifət liderlərindən dəfələrlə zəifdir, siyasi partiyası belə yoxdur. Və düşünmürəm ki, bu proseslər dövlət çevrilişi və yaxud hakimiyyət dəyişməsi ilə nəticələnsin. Fikirləşirəm ki, Putin müəyyən islahatlara gedəcək, amma bu, çox cüzi olacaq. Rusiyada islahatlar istəyən milyonlarla vətəndaş var, amma onları birləşdirən şəxsiyyət yoxdur. Navalnı demokratdan çox şovinistdir.»
Şəmsiyyə Əliqızı, «İki sahil»