28 yanvar 2021 17:24
979

Ermənilərin vandalizm aktlarının miqyası ölçüyəgəlməzdir

«Prezident İlham Əliyevin rəhbərliyi ilə dərinləşən islahatlar prosesi bütün sahələri, o cümlədən siyasi sistemi əhatə edərək yeni bir mərhələnin əsasını qoyub. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Dövlət başçısının siyasi qüvvələrlə dialoq təşəbbüsü ilə çıxış etməsi ölkəmizdə siyasi münasibətlərin yeni zəmində qurulacağına, milli maraqlar naminə iqtidar-müxalifət əməkdaşlığına daha çox diqqət yetiriləcəyinə, siyasi münasibətlərdə ciddi yeniliklərin baş verəcəyinə əminlik yaradır”, Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq.»

Bu fikirləri İkisahil.TV-yə müsahibəsində Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib.

Arzuxan Əlizadə qeyd edib ki, 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızda ermənilərin törətdikləri vəhşiliyin, vandalizm aktlarının miqyası ölçüyəgəlməzdir. Yaşayış binaları, tarixi və dini abidələrimiz dağıdılmış, infrastruktur tamamilə yerlə-yeksan edilmiş, hətta 10 noyabr razılaşmasına uyğun olaraq Kəlbəcər, Laçın, Ağdam rayonları boşaldılan zaman ermənilər evləri, ağacları yandıraraq ekoloji terror aktları törətmişlər. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, sadəcə, ölkəmizin deyil, bütün türk dünyasının böyük zəfəridir. İnanırıq ki, dost və qardaş ölkələr quruculuq və bərpa işlərində fəal iştirak edəcəklər. Bu torpaqlar heç vaxt sahibsiz olmayıb, bu torpaqların həqiqi sahibləri var, onlar bu torpaqları özlərinə qaytardılar. Tezliklə bu torpaqlar bərpa ediləcək, onların əvvəlki şöhrəti, zəngin siması özlərinə qayıdacaq.

Azərbaycanın işğaldan azad edilən ərazilərdə bərpa planları kifayət qədər genişdir. Vətən müharibəsində qazanılan şanlı Qələbə sayəsində geri qaytarılan ərazilərin tezliklə bərpa edilməsi üzrə işlərin həyata keçirilməsi, müvafiq infrastrukturların yaradılması, həmin regionun Azərbaycan iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi üçün bu ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait nəzərdə tutulub. Ordunun təchizatı, respublikamızın sərhədlərinin bərpa edilməsi üzrə işlərin maliyyələşdirilməsi də nəzərə alınmaqla, ümumilikdə bu tədbirlərə 4,6 milyard manat maliyyə təminatı ayrılıb. İşğaldan azad edilən ərazilərin bərpası işləri isə müəyyən ardıcıllıqla həyata keçiriləcək.

Azad olunmuş bütün şəhərlərin, kəndlərin bərpasının müasir tələblər nəzərə alınmaqla həyata keçirilməsi nəzərdə tutulur. Məlumdur ki, indiyədək işğaldan azad edilmiş torpaqların bərpası və inkişafı konsepsiyası hazırlanıb. Geri qaytarılan ərazilərin bərpası və inkişafı istiqamətində dövlət tərəfindən həyata keçiriləcək tədbirlər və həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunmasına zəmin yaradacaq. Hazırda Azərbaycan iqtisadiyyatının maliyyə təminatı yüksək səviyyədədir. Milli iqtisadiyyatımızın müxtəlif istiqamətlərinə həm daxili, həm də xarici mənbələrdən böyük həcmlərdə investisiyalar yönəldilir. Bütün bunlar iqtisadi gücümüzü, dünyadakı reytinqimizi artıran amillərdir. Yeni açılacaq kommunikasiya xətləri Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olacaqdır.

A.Əlizadə vurğulayıb ki, Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası, Türkiyə, eləcə də bütün dünya ilə iqtisadi,  nəqliyyat-logistik   əlaqələri genişlənəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti durmadan artacaqdır. Kommunikasiyaların bərpası Azərbaycan, Ermənistan, Rusiya və digər region dövlətlərinin maraqlarına cavab verir. Çünki 30 ildən sonra Azərbaycan Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanına, Ermənistan da Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına malik olacaq. Həmçinin Azərbaycan Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edəcək, Türkiyənin və Rusiyanın dəmir yolu arteriyaları da birləşəcək. Kommunikasiya xətlərinin açılışı, ilk növbədə, Azərbaycanla yanaşı, region ölkələrinin də iqtisadi inkişafına təsir edəcək. Şübhəsiz ki, bu layihələrin reallaşdırılması türk dünyasını, türk dövlətlərini  bir-birinə daha sıx bağlayacaq. Bu amil türkdilli ölkələrin iqtisadiyyatına müsbət təsir etməklə yanaşı, siyasi baxımdan da böyük önəm kəsb edir. Biz bütün bunların bəhrəsini gələcəkdə daha aydın şəkildə görəcəyik. Bu gün hər kəsin ən böyük arzusu Qarabağın dirçəlməsi prosesinə töhfə verməkdir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, indi Qarabağda infrastruktur layihələrinin icrasına start verilib və onların bir neçəsi artıq icradadır.

Şəmsiyyə Əliqızı, «İki sahil»