İşğaldan azad edilmiş ərazilərdə dini, tarixi abidələrin bərpasında müsəlman dövlətlərinin iştirakı İslam həmrəyliyinin sarsılmazlığıdır
«Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik. Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq. Bütün dünya bizim Qələbəmizdən danışır» söyləyən Prezident İlham Əliyevin sözləri ermənilərin «Şuşanı biz vermişik» yalanlarına cavabdır.
44 gün davam edən İkinci Qarabağ savaşının XXI əsrin müharibəsi adlandırılması o deməkdir ki, döyüşün hər günü tarixə zəfər günü kimi yazıldı. Düşmənə sarsıdıcı zərbələr endirən Milli Ordumuzun əsgərləri sona qədər gedərək düşməni torpaqlarımızdan qovdu. Noyabrın 10-da işğalçı kapitulyasiya aktını imzalamağa məcbur edildi.
«Bu müharibə bizim tariximizdə əbədi yaşayacaq. Bu müharibəni biz şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq» söyləyən Prezident İlham Əliyevin sərəncamları ilə müharibədə qəhrəmanlıq göstərmiş minlərlə hərbçinin «Vətən Müharibəsi», «Zəfər», «Qarabağ» ordenləri, digər medallarla təltif olunmasi Vətən yolunda şəhid olmuş hərbçilərimizin rəşadətinə verilən dəyər, ümumxalq ehtiramıdır.
Cəbrayıl, Füzuli, Xocavənd, Suqovuşan, Hadrut, Murovdağ, Laçın, Qubadlı, Zəngilan, Şuşa…Azərbaycanın müstəqillik, qəhrəmanlıq salnaməsinə yazılan zəfər səhifələridir. Xeyirin şər üzərində qələbəsi olan bu müharibədə qalib gələn Azərbaycan əsgəri ermənilərin belini qırdığı kimi, fateh ordunun döyüşçüsü olduğunu da təsdiqlədi. Bu torpaqlarda əbədi yaşamaq haqqını bərpa etdi. «Biz Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirməliyik və çevirəcəyik. Mən bu sözü vermişəm və bu sözümü də icra edəcəyəm» söyləyən Prezident İlham Əliyev verdiyi vədi yerinə yetirərək işğaldan azad olunan ərazilərin bərpasına özü nəzarət edir.
Bütünlükdə türk dünyası üçün dəyərli olan Şuşa da həqiqi sahiblərinə qaytarıldı. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında apardığı etnik təmizləmə siyasətini pisləyərək, xalqımıza məxsus tarixi-mədəni irsin, İslam abidələri və məscidlərimizin dağıdılmasını bəşəri cinayət adlandıraraq mövqelərini Zirvə görüşlərinin yekun bəyanatlarında rəsmən təsdiqləyən beynəlxalq təşkilatlar, Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığını bildirən müsəlman ölkələri erməni vandallarının işğal etdikləri ərazilərdə dini ocaqlarda törətdikləri vəhşilikləri bəşəri cinayət adlandırırlar.
İSESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdikdən sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş direktoru Bağdad Amreyev ilə videoformatda görüşün keçirilməsi göstərdi ki, İslam aləminin ayrılmaz parçası olan Azərbaycana maraq və dəstək hər zaman aktualdır. Azərbaycanın işğal olunmuş ərazilərində olan, orada gördükləri mənzərədən dəhşətə gələn beynəlxalq təşkilatların, səfirliklərin, müsəlman ölkələrinin nümayəndələri Ağdamı «Qafqazın Xirosiması»” adlandıran, Füzulinin, Zəngilanın, Cəbrayılın, Qubadlının viran qoyulmuş mənzərəsindən dəhşətə gələn jurnalistlər erməniliyin mahiyyətini gördülər. Həmin mahiyyət terrorçuluqdan, barbarlıqdan, qaniçənlikdən, vəhşilikdən, insanlara nifrətdən qaynaqlanır. Qafqazın incisi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfəri zamanı qədim şəhərin əvvəlki simasına qaytarılacağını bildirən Prezident İlham Əliyev onu da vurğulayır ki, dini abidələrin bərpasında, quruculuq işlərində müsəlman ölkələrinin iştirakı İslam həmrəyliyinin nümunəsidir. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsində, yol infrastrukturunun inşasında Türkiyə şirkətlərinin iştirakı ilə bağlı razılaşmalar dostluq və birliyin əbədiliyini göstərir. Türk Şurasının Baş katibinin müharibə dövründə dəfələrlə ölkəmizin ərazi bütövlüyünü və suverenliyini, onun sərhədlərinin toxunulmazlığını dəstəkləyən, Gəncə şəhərinin ballistik raketlərlə bombalanmasını pisləyən bəyanatla çıxış etməsi çətin vaxtda xalqımıza mənəvi-siyasi dəstək idi. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında da müsəlman ölkələrinin rolu böyük olmuşdur. Müsəlman ölkələrinin azad edilmiş ərazilərdə aparılan bərpa işlərində iştirakı əlaqələri daha da genişləndirəcək.
«Buna görə də fikrimcə, əlbəttə, bu mövzu Türk Şurası çərçivəsində müzakirə ediləcək. Biz baş verənləri təhlil edəcəyik və gələcək üçün planlar quracağıq. Lakin artıq əminliklə deyə bilərəm ki, ərazilərin bərpası prosesi də bizə qardaş olan ölkələr tərəfindən dəstəklənəcək» söyləyən Prezident İlham Əliyev onu da bildirir ki, tarix və mədəniyyət abidələrinin bərpasında TÜRKSOY-un fəal dəstəyinə ümid edirəm və buna əminəm. Bu məsələlərin həllini nəzərdə tutan, 2020-2025-ci illər üçün türk strategiyasının və 2020-2040-cı illər üçün türk dünyası barədə təsəvvürləri əks etdirən sənəd artıq hazırdır. ICESCO-nun Baş katibinin Şuşanın İslam mədəniyyətinin paytaxtı elan edilməsi, Türk Şurasının Baş katibinin Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi ilə bağlı təklifləri İslam həmrəyliyinin ifadəsidir. Azərbaycana olan maraq təsadüfi deyil. Şuşanın əvvəlki görkəminə qaytarılacağını bildirən Prezident İlham Əliyevin «Xarı bülbül»” festivalının keçirilməsi, dahi şair Vaqifin məqbərəsinin bərpa olunması, Vaqif poeziya günlərinin təşkili ilə bağlı göstərişlərinin əsasında da milli ruha, mənəvi dəyərlərə bağlılıq duyğuları əks olunur.
Mədəniyyət paytaxtımız olan Şuşanın dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsini ən önəmli vəzifə kimi qarşıya qoyan, «Demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq və qaldırıldı. Demişdim ki, Şuşasız qələbəmiz yarımçıq olacaq və o vaxt müharibə dövründə bundan artığını deyə bilmirdim. Çünki müharibənin aparılmasının məxfiliyi gözlənilməli idi. Müharibənin ilk günlərindən biz bilirdik ki, hədəfimiz nədir və Şuşaya doğru uğurla irəliləyirdik» söyləyən Prezident İlham Əliyev Şuşaya təyin olunan xüsusi nümayəndə Aydın Kərimovla videoformatda keçirdiyi görüşdə məqsəd və məramı bir daha açıqladı: «Hədəfimiz Qarabağın tacı olan Şuşa idi və noyabrın 8-də Azərbaycan bayrağı Şuşada qaldırıldı. Ondan sonra düşmən diz çökdü, təslim oldu, ağ bayraq qaldırdı. Biz Kəlbəcər, Laçın, Ağdam rayonlarını bir güllə atmadan geri götürdük. Bizim hədəfimiz Şuşa idi, zəfərimiz də Şuşa oldu. Şuşanın azad olunması günü Zəfər günü elan edildi.»
Şuşanın erməni əsirliyindən azad olunmasını tam qələbəmiz kimi dəyərləndirən Prezident İlham Əliyevin «O vaxt demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq. Bu gün isə deyirəm ki, biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik! Şuşa yenə də öz tarixi simasını bərpa edəcəkdir» sözləri Böyük Qayıdışa çağırış, İslami birliyin sarsılmaz nümunəsidir.
Xuraman İsmayılqızı, «İki sahil»