10 fevral 2021 16:06
1054

Şəhidlərin əziz xatirəsi daim uca tutulacaq

YAP Səbail rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının nümayəndələri Vətən müharibəsində böyük şücaətlə döyüşən və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhadətə ucalan Səbail rayonunun şəhidləri Qurbanov Murad Asif oğlunun, Qənbərov Bilal Xanlar oğlunun və Nağıyev Əli Mehman oğlunun ailə üzvlərini ziyarət ediblər.

YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, rayon Şurasının üzvü Faiq Qurbanov, YAP Səbail rayon “Aktyorlar evi” (Azərbaycan Teatr Xadimləri İttifaqı) ərazi ilk partiya təşkilatının sədri Hacı İsmayılov, “Kosmos mütəxəssisləri” (“Azərkosmos” ASC) ərazi ilk partiya təşkilatının sədri Ağəli Abbasov, YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədri Riyad Rüstəmli, rayon partiya təşkilatının aparat rəhbəri və əməkdaşları şəhidlərimizin əbədiyaşar xatirəsini ailə üzvləri ilə birlikdə böyük ehtiramla yad ediblər. Xüsusi vurğulanıb ki, Azərbaycan xalqı Vətən torpaqları uğrunda cəsarətlə döyüşən, bu yolda şəhadətə ucalan və tarixi, möhtəşəm Qarabağ zəfərinə imza atan Murad, Bilal, Əli kimi cəsur, fədakar övladlarının əziz xatirəsini daim uca tutacaqdır.

Qəhrəman şəhidlərimizin valideynləri və ailə üzvləri dövlətin bütün strukturları və cəmiyyət üzvləri tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə təşəkkür ediblər, Vətənin adını ucaldan və xalqımıza misilsiz qələbə sevincini bəxş edən övladları ilə fəxr etdiklərini bildiriblər.

YAP Səbail rayon təşkilatının nümayəndələri şəhid ailələrinin üzvləri ilə səmimi söhbət ediblər, onların gündəlik qayğıları ilə maraqlanıblar və bu ailələri daim xüsusi diqqət mərkəzində saxladıqlarını bildiriblər.

Şəhid Qurbanov Murad Asif oğlu 1996-cı il martın 23-də Salyan rayonunda anadan olmuşdur. Vətən müharibəsi döyüşlərinə könüllü olaraq getmiş, 11 oktyabrda Hadrut uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Şəhid Qənbərov Bilal Xanlar oğlu 1993-cü il sentyabrın 29-da Bakı şəhərində anadan olmuşdur. Bilal torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsinə yollanan ilk könüllülərdən biri idi. Bilal 3 noyabrda Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhid Nağıyev Əli Mehman oğlu 1991-ci il dekabrın 25-də Bakı şəhərində anadan olmuşdur. Füzuli, Cəbrayıl, Şuşa uğrunda döyüşlərdə iştirak etmiş və oktyabrın 22-də Laçın istiqamətindəki döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin! Vətən sağ olsun!

Cavid Əkbərov, “İki sahil”