15 fevral 2021 17:57
1188

Münxen, Soçi, Aşqabad…

Prezident İlham Əliyev qələbəyə aparan 30 illik diplomatik «yol xəritəsi»ndə nəzərdə  tutduğu zəfərini  44 gündə qazandı

30 ildən artıq müddətdə davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində  aparılan danışıqların, keçirilən görüşlərin hər biri özlüyündə tarixi hadisə olsa  da, əhəmiyyəti baxımından seçilənlər  barmaqla sayılacaq qədərdir.  Dünyanın bir çox ölkələrində   ATƏT-in Minsk qrupu həmsədrliyinə daxil olan dövlət  başçılarının  münaqişə tərəflərinin iştirakı ilə  təklikdə, üçlükdə keçirdikləri görüşlər səmərə verməsə də,  dəyişilməyən və  məqsədinə addım-addım yaxınlaşan Prezident İlham Əliyevin qətiyyətlə söylədiyi bu sözlər idi: Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək.    

2020-ci il fevralın 15-də  Münxen Təhlükəsizlik  Konfransı çərçivəsində keçirilən Ermənistan –Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə  bağlı paneldə aparılan müzakirələr torpaqlarımızın işğaldan azad olunması istiqamətində  davam edən danışıqların həlledici mərhələsi oldu. Həmin tədbirdə  dünya siyasətindən, beynəlxalq qanunlardan xəbərsiz olduğunu  dolaşıq nitqi ilə bildirən  Ermənistanın baş naziri Nikol Paşinyanı diplomatik  hazırlığı, hədəfə  istiqamətlənmiş məntiqli dəlilləri ilə susduran Prezident İlham Əliyevin çıxışı paneldə  iştirak edənlər tərəfindən maraqla qarşılandı.

Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu  tarixi əks etdirən faktlarla sübut edən Prezident İlham Əliyev   münaqişəsinin  yaranma tarixindən, Ermənistanın illərlə davam edən işğalçılıq,  etnik təmizləmə siyasətindən,  erməni millətçilərinin törətdikləri  vəhşiliklərdən, erməni separatizminə dəstək göstərən qüvvələrin ikili standartlarından söz açdı.  Cənab İlham Əliyev onu da vurğuladı ki, münaqişənin həllinin uzanmasının başlıca səbəbi 30 ilə yaxın davam edən   danışıqlardan müxtəlif bəhanələrlə  yayınan Ermənistanın   xarici siyasətinin başqaları  tərəfindən idarə olunması, xalqına xəyanət edən   korrupsioner rəhbərliyin şəxsi maraqlarını güdməsidir. Sələflərinə xas hiyləgərlikdən, həqiqətdən yayınma kələyindən istifadə edən, «Mən  Prezident İlham Əliyevdən tarixin çox dərinliklərinə getməməyi xahiş edəcəyəm» söyləyən, tarixi təhrif edən,  «erməni kralı Böyük Tiqranı romalı  hərbi lider Pompeylə dəyişik salan»  Paşinyan Münxen Konfransında   «Dağlıq Qarabağdakı  yerli erməni, özünümüdafiə  qüvvələri» haqqında söylədiyi cəfəngiyyatla da özünü ifşa etdi.   Savadsızlığına  haqq qazandırmaq üçün «millətlərin  öz müqəddəratını təyinetmə hüququ»ndan bəhs edərək  status-kvonunun saxlanılmasına çalışan Paşinyandan fərqli olaraq Prezident İlham Əliyevin məntiqli açıqlamasını tədbir iştirakçıları qüdrətli dövlət başçısının qətiyyəti kimi dəyərləndirdilər: «Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların  erməni dövləti var. Mənim məsləhtim belə olacaq ki,  onlar ikinci dəfə öz müqəddəratlarını təyin etmək üçün Yer kürəsində  başqa yer tapsınlar. Azərbaycanda yox!»  

«Küçə inqilabı» ilə  hakimiyyətə gələn Ermənistanın  baş naziri Nikol Paşinyanın üzərində  növbəti diplomatik uğurunu   MDB Dövlət Başçılarının Aşqabad Sammitində  qazanan Prezident İlham Əliyev terrora dəstək göstərən,  nasizmi qəhrəmanlıq kimi qələmə verən, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan Ermənistanın vəhşiliyini  faktlarla  açıqladı. Bildirdi ki, SMERC qrupunun əməkdaşı,  faşist cəlladı,  satqın, əsas şüarı «Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”» söyləyən  Qaregin Ter-Arutyunyana  Yerevanın mərkəzində heykəl qoyulması insanlığa ləkə,  faşizm ideyalarına dəstəkdir.
 Ermənistan baş nazirinin təəccüb doğuran «Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”»  sərsəmləməsini Soçidə keçirilən «Valday» Beynəlxalq Diskussiya Klubunun XVI iclasının plenar sessiyasında zərb- məsələ çevrilən  «Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi» sözləri ilə ifşa edən Prezident İlham Əliyevin  məntiqli çıxışı  Paşinyana daha bir siyasi şillə, diplomatik dərs oldu.

44 gün davam edən Vətən müharibəsində  Ermənistan üzərində qələbə çalan Azərbaycanın zəfəri  Prezident, Ali Baş Komandan  İlham Əliyevin  diplomatik səylərinin, uzaqgörənlklə müəyyənləşdirdiyi   və qələbəyə hədəflənən «yol xəritəsi»nin  uğuru idi.   Fiaskoya uğrayan məsələlərdən biri də  Ermənistanın baş nazirinin tez-tez təkrarladığı «Münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağ xalqı üçün məqbul olmalıdır» sərsəmləməsidir. Bu yalanlara da  «İndi deməliyəm ki, «Dağlıq Qarabağ xalqı»” məfhumu mövcud deyil. Dağlıq Qarabağın əhalisi var, münaqişə başlayana qədər bu, bərabər hüquqlara malik olan Azərbaycan və erməni əhalisindən ibarət idi. Azərbaycan üçün hansı həll variantının məqbul olmasına gəldikdə isə, o, Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunması, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasından ibarətdir» sözləri ilə aydınlıq gətirən, qlobal məsələlərin həllini beynəlxalq hüququn tələbləri baxımından ədalətli hesab edən dövlət başçımız siyasi hazırlığını göstərdi.

Vətən müharibəsində zəfər qazanan Milli Ordumuz Prezident İlham Əliyevin  Münxendəki  çıxışında söylədiyi  bir həqiqəti də təsdiqlədi :  «Baş nazir Dağlıq Qarabağın dırnaqarası özünümüdafiə qüvvələrindən  danışanda , o bir daha həqiqətə uyğun olmayan sözlər söyləyir. O, çox yaxşı bilir və mən də bilirəm ki,  dırnaqarası Dağlıq Qarabağ  ordusunun 80 faizini Ermənistan vətəndaşları təşkil edir. Bu , həqiqətdir. Bəlkə 80 faizdən də artıqdır. Buna görə «Dağlıq Qarabağ ordusu» anlayışı yoxdur. «Dağlıq Qarabağ respublikası» anlayışı yoxdur. Münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan.» Vətən  müharibəsində döyüş meydanında silah- sursatlarını belə atıb qaçan, gizlənən, məhv edilən ermənilərin əksəriyyətinin Ermənistan vətəndaşı olduqları  artıq bütün dünyaya  bəllidir.

İllərdən bəri  mötəbər tribunalardan Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıran Prezident İlham Əliyevin sözlərini işğaldan azad olunmuş torpaqlarımızda dalğalanan üçrəngli bayrağımız  təsdiqləyir. Danışıqların  nəticə vermədiyi məqamda əraziləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  güc yolu  ilə  azad edən  Azərbaycan əsgəri erməni faşizmini məhv etdi. Düşmən  tarixdə əbədi qalacaq, alçaldıcı  kapitulyasiya aktına imza atdı. Prezident İlham Əliyevin «Mən demişəm ki, əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər»  söyləyən İlham Əliyev bildirir ki,  düşmən bir daha belə cəhd edərsə, axırı lap pis olacaq.

Xuraman İsmayılqızı, «İki sahil»