16 fevral 2021 16:37
1214

Vergidən azadetmə çörəyin qiymətini qoruya biləcəkmi?

Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 3 il əlavə dəyər vergisindən azad olunma müddəti artırılır. Bununla bağlı Milli Məclisdə Vergi Məcəlləsinə dəyişiklik layihəsi  artıq ikinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

Aydın məsələdir ki, burada məqsəd bu məhsulların bahalaşmasının qarşısını almaqdır. Ancaq bahalaşmanın qarşısını almaq üçün yalnız ƏDV-dən azad etmək kifayət edəcəkmi?

Xatırladaq ki, hələ 2015-ci ildə manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən azad olunmuşdu. Bunun nəticəsində unun topdansatış qiyməti daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşmışdı. Unun yeni qiymətinə uyğun olaraq, 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılması müəyyən olunmuşdu. Lakin bu qiymət həmin ilin avqust ayına qədər davam etdi və çörəyin qiyməti 10 qəpik artdı. Çörək istehsalçıları bildirirdilər ki,  qiymət artımının səbəbləri unun, elektrik enerjisinin və suyun satış qiymətinin yüksəlməsidir. Reallıqda isə həmin ərəfədə elektrik enerjisinin pərakəndə satış qiymətində 1 qəpik və ya 16 faiz artım olsa da, qeyri-əhali qrupu suyun qiymətində dəyişiklik olmamışdı. Lakin həmin il elektrik enerjinin qiymətində yenidən 28,57 faiz artım olub.

Ötən müddətdə dünya bazarlarında  qiymət artımı fonunda ölkəyə idxal olunan buğda da bahalaşma olub. Belə ki, əgər 2016-ci ildə ölkəyə idxal edilmiş buğdanın hər tonunun qiyməti 184,43 ABŞ dolları olmuşdusa 2020-ci ildə bu rəqəm 18 faiz artaraq 217,51 dollara çatıb.

Digər tərəfdən Azərbaycana ən çox buğda idxal olunan Rusiyanın 15 fevral - 30 iyun tarixlərində bu məhsula kvota tətbiqinin  qiyməti artırıb. Həmçinin Rusiya hökuməti  buğda ixracı üçün vergini martın 1-dən 2 dəfə artıraq hər tonuna görə 50 avroya qaldırmağa qərar verib. Qeyd edək ki, 15 fevral-1 mart tarixləri arasında bu vergi hər tona görə 25 avro müəyyən edilib.

Eyni zamanda, ölkədə yerli istehsalın bu sahədə tələbin 60 faizini ödədiyi bildirilsə də, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən buğda istehsalın əvvəlki illə müqayisədə 14 faiz azalıb. Bundan başqa, ötən il ölkəyə buğda idxalında 13,9 faiz azalma qeydə alınıb.

 Bu arada çörək istehsalçıları 2016-ci ildən sonra qiymət artımına getməsələr də çəkidə azalma açıq-aydın ortadadır. Təkcə pərakəndə satışı 50 qəpiyə olan “zavod” çörəyi üzrə apardığımız monitorinqin nəticəsində məlum olur ki, əksər istehsalçıların bu məhsulunun çəkisi təxminən 600 qram olmaqla 2016-cı ildə müəyyən edilən çəkidən 14,3 faiz aşağıdır. Burada yalnız 2 istehsalçının (“Nömrə 1” və “Çörəkçi” çörək zavodları ) sözügedən məhsulunun çəkisi 700 qram ətrafında olub.

Belə görünür ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 3 il əlavə dəyər vergisindən azad olunması qiymət artımının qarşısını ala biləcək. Lakin idxal edilən buğdanın bahalaşmasının davam edəcəyi, həmçinin  elektrik enerjisinin qiymətində dəyişiklik baş verəcəyi halda, bunun çörəyin qiymətində də özünü göstərəcəyi qaçılmazdır.  

Ceyhun Piriyev, “İki sahil”