Dövlətimizin başçısı İlham Əliyev Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri çərçivəsində Laçın rayonunun Güləbird kəndində çıxışında bu fikri böyük qürur hissi ilə qeyd etmişdir ki, torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırmışam və bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm
44 günlük İkinci Qarabağ müharibəsi tariximizin şanlı səhifəsi kimi hər an vərəqlənir, 30 ilə yaxın dövrün nisgilinə, acısına, torpaq həsrətinə son qoyularaq işğaldan azad edilmiş torpaqlarımızda yeni həyatın başlanmasından böyük qürur hissi ilə danışılır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 10 noyabr üçtərəfli razılaşmanın əldə olunması ilə Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının elan edilməsindən sonra işğaldan azad edilmiş torpaqlarımıza ardıcıl səfərləri həmçinin Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşduğunun, torpaqlarımızın öz sahibinə qayıtdığının təqdimatıdır. Cənab İlham Əliyevin hər səfərində böyük sevinc hissi ilə bu ərazilərdə günün də çıxmasını, bunun rəmzi mənası olduğunu bildirməsi diqqətdən kənarda qalmır. Yeni günə başlandığı ilk saatlarda yağışın yağdığı, amma bu ərazilərə ayaq basıldıqda isə günəşin çıxması artıq öz sahibini gözləyən torpaqlarımızın da sevincinin nümayişidir. 30 ilə yaxın dövrdə bu ərazilər tamamilə yerlə-yeksan edilmiş, erməni xislətinə uyğun addımlar atılmış, hər tərəf dağıntı içərisində olmuşdur. Tarixi, dini abidələrimizi tamamilə dağıdan, məscidlərimizdə donuz saxlayan ermənilər bu əməlləri ilə 30 il necə vəhşi ilə üz-üzə qaldığımızı dünyaya göstərirlər. Amma bu vəhşilikləri görmək zamanı gələndə «nədənsə» dünya görməzdən gəlir, sanki bunu da beynəlxalq hüququn prinsipi kimi təqdim etməyə çalışırlar. 30 ilin ən böyük faciələrindən biri məhz bu idi. Dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları həqiqəti görür, amma maraqları naminə susur, işğalçı Ermənistanın danışıqlar prosesindən imitasiya naminə bəhrələnməsinə şərait yaradır, digər tərəfdən isə kağız üzərində saralmış qərar və qətnamələrində Azərbaycanın mövqeyinin haqlı olduğunu bildirirdilər. Maraqlı yanaşma deyildimi? Dövlətimizin başçısı İlham Əliyev Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri çərçivəsində Laçın rayonunun Güləbird kəndində çıxışında bu kimi məqamlara xüsusi diqqət yönəldərək bildirmişdir ki, biz döyüş meydanında Qələbə qazandıq. Biz bu torpaqları vuruşaraq işğalçılardan azad etmişik. Ermənistanı məğlub edib məcbur etdik ki, noyabrın 10-da kapitulyasiya aktına imza atsın və Laçın, Kəlbəcər, Ağdam rayonlarını məcbur olub bizə qaytarsın. Çünki danışıqlar zamanı heç vaxt Laçın və Kəlbəcər rayonlarını bizə qaytarmaq istəmirdi: «Danışıqlarda razılığa gəlməməsinin əsas səbəbi də məhz bunda idi. Əfsuslar olsun ki, Ermənistanın və onun bəzi xarici havadarlarının mövqeyi ondan ibarət idi ki, beş rayon Azərbaycana qaytarılsın, Azərbaycan bununla kifayətlənsin və Dağlıq Qarabağa nə vaxtsa müstəqillik verilsin, Kəlbəcər və Laçın rayonları Ermənistanın əbədi nəzarəti altında qalsın. Mən bu təklifi rədd etdim.»
Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəsi ilə regionda yeni reallıqlar yaratdı. Əməkdaşlığın yeni formatları yaradıldı. İqtisadi əlaqələrin qurulması vacib amil kimi önə çəkildi. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin Moskvada keçirilən görüşü çərçivəsində imzalanan Bəyanatda da bu məqam öz əksini tapmışdır. Cənab İlham Əliyevin işğaldan azad edilmiş rayonlara səfəri zamanı təməli qoyulan, ümumi uzunluğu 100 kilometr olacaq Horadiz-Ağbənd dəmir yolu xəttinin strateji əhəmiyyəti böyükdür. Bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və bu xətt Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu əlaqəsinin yaranmasına böyük töhfə verəcək”.
Əvvəldə də qeyd etdiyimiz kimi, 10 noyabr üçtərəfli Bəyanatının 9-cu müddəasında da qeyd olunur ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Ölkə Prezidenti İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoymaqla 10 noyabr Bəyanatının həmin bəndinin icrasına start verdi. Qısa müddətdə bu dəmir yolunun da açılışının şahidi olacağıq.
Qeyd olunan səfəri zamanı «Günəş də çıxır, yolumuzu işıqlandırır» söyləyən dövlətimizin başçısı İlham Əliyev azad edilmiş torpaqlarda bütün bərpa işlərinin ən yüksək səviyyədə təşkil olunacağını bildirərək bu ərazilərin cənnətməkana çevriləcəyini böyük qürur hissi ilə vurğulayıb. Bildirib ki, dağılmış bütün kəndlər bərpa ediləcək: «Baxın, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi nə günə salıb. Vandallar, barbarlar işğal dövründə bütün binaları söküblər, talayıblar, daşları oğurlayıblar. Hamısını bərpa edəcəyik.»
Dövlətimizin başçısı İlham Əliyevin işğaldan azad edilmiş rayonlara səfərləri və bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin qoyulması artıq yeni həyatın başlanmasına, Böyük Qayıdışın qısa zamanda gerçəkləşəcəyinə işarədir.
“Mən müharibədən əvvəl dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, bu gün Azərbaycan güclü ölkədir və tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Mən o vaxt təkcə iqtisadi yox, o cümlədən hərbi potensialımızı da nəzərdə tuturdum. Tarix və müharibənin nəticələri onu göstərdi ki, mən haqlı idim. Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik.” Dövlətimizin başçısı İlham Əliyev bu kimi qürurverici fikirləri ilə Azərbaycanın gücü, qüdrəti, xalqımızın birliyi sayəsində qazanılan Qələbənin dünyaya çatdırdığı məqamları da açıqlayır”
İkinci Qarabağ müharibəsində qazanılmış qələbə böyük tarixi əhəmiyyətə malikdir. Bu, təkcə Azərbaycanın öz doğma torpaqlarının işğalçılardan azad edilməsi məsələsi deyil. Bu, eyni zamanda, bütün dünyaya, bütün işğalçılara göstərir ki, onların sonu bax, belə ola bilər. İşğalçıların, qəsbkarların sonu belə olacaq.”
Qeyd edək ki, bu günlərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ICESCO-nun “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə keçirdiyi tədbirdə videoformatda çıxışında da bu kimi məqamlara diqqəti yönəldərək bildirmişdir ki, hazırda dövlətin qarşısında azad olunmuş ərazilərin canlandırılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi kimi nəhəng vəzifə dayanır. Biz bunun öhdəsindən gələcəyik. Biz dağıdılmış şəhərləri və kəndləri bərpa edəcəyik. Biz orada məktəblər tikəcəyik. Yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa ediləcək: “Biz işğal zamanı zərər görmüş mədəni irs abidələrinin vəziyyətinin qiymətləndirilməsində ICESCO-nun Azərbaycan hökuməti ilə birgə çalışmağa hazır olduğunu yüksək qiymətləndiririk. Eyni zamanda, ICESCO-nun Azərbaycanda regional nümayəndəlik təsis etməsi imkanının nəzərdən keçirilməsinə görə xüsusi minnətdarlığımızı bildiririk. Həmin nümayəndəlik digər sahələrlə yanaşı, qadınlar və qızların elmdə rolunun artırılmasına konkret diqqət yetirməklə elm sahəsində əməkdaşlığımızı gücləndirə bilər.”
Göründüyü kimi, istər dövlətimizin başçısı İlham Əliyevin, istərsə də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çıxışlarında bərpa işlərində Azərbaycanın öz iqtisadi imkanlarına güvəndiyi qeyd olunmaqla yanaşı, dost ölkələrin şirkətlərinin, həmçinin ölkəmizlə əməkdaşlıq əlaqələri yüksək səviyyədə olan, milli-mənəvi, dini dəyərlərimizin qorunmasında atılan addımlarımızı təqdir edən və buna dəstək olan təşkilatların bu prosesə cəlb edilməsinin vacibliyi önə çəkilir. Qeyd edək ki, cənab İlham Əliyev bərpa işlərindən bəhs edərkən öncə tarixi və dini abidəlrimizin bərpasının prioritetliyini vurğulayır. Bunun üçün xarici mütəxəssislərin cəlb ediləcəyi bildirilir. İşğaldan azad edilmiş ərazilərimizin, o cümlədən Qarabağın tacı olan Şuşamızın hər bir məhəlləsi, küçəsi, divarı, daşı tarixdir. Bu ərazilərimizdə qədimliklə müasirliyin vəhdətinin qorunması hazırlanan planda öz əksini tapacaq. Nəzərə alaq ki, bərpa işləri tamamlanıb Böyük Qayıdış həyata keçirildikdən, bu ərazilərdə yeni həyat başlandıqdan sonra xarici qonaqların da bölgələrimizə səfərləri başlanacaq. Təbii ki, burada bərpa işləri ölkə və dünya ictimaiyyətinə çatdırılması vacib olan məqamları da özündə ehtiva etməlidir. Bu ərazilərdə muzeylərin yaradalması nəzərdə tutulur. Həmçinin ermənilər tərəfindən tamamilə dağıdılan, amma bərpa olunmayan məhəllələr saxlanılacaq. Bu da təbliğat xarakteri daşıyır. İşğaldan azad edilmiş ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlanması da bu rayon və bölgələrimizin ən yüksək standartlara cavab verən müasir yaşayış məkanlarına çevriləcəyindən xəbər verir.
Dövlətimizin başçısı İlham Əliyev Zəngilan rayonunda olarkən bildirmişdir ki, artıq bu rayonda birinci “ağıllı kənd” layihəsinin icrasına start verilib. Bu layihənin icrası 5 komponent- yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri üzrə aparılacaq. Həyata keçiriləcək kompleks tədbirlərin ümumi məqsədi vətəndaş məmnunluğunu artırmaq, ölkəmizi daha da gücləndirmək, dayanıqlı inkişafın təmin edilməsi üçün bütün bölgələrimizin potensialından bəhrələnməkdir. Dövlətimizin başçısı İlham Əliyevin “ Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!» fikirləri qarşıdakı dövrün prioritetlərinin ümumiləşdirilmiş ifadəsidir.
Yeganə Əliyeva, «İki sahil»