16 fevral 2021 17:29
1494

Ordumuzun göstərdiyi rəşadət XXI əsrin döyüş nümunəsidir

Türkiyə-Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə keçirilən hərbi təlimlər «Bir millət, iki dövlət» ifadəsinin güc, birlik və həmrəylik rəmzidir

«Bizim şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir. Biz bu müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik. Mən dəfələrlə demişdim ki, o cümlədən hərbçilərlə görüşlərimdə, çoxsaylı görüşlərimdə, əgər düşmən torpaqlarımızdan öz xoşu ilə çıxmasa, məcbur edəcəyik onları, qovacağıq torpaqlarımızdan, güc amili öz rolunu oynayacaqdır və belə də oldu, 44 günlük müharibənin hər bir günü zəfər günü idi.»  Prezident, Ali Baş Komandan İlham Əliyevin qüdrətli ordumuz haqqında söylədikləri  Vətən müharibəsində  təsdiqləndi.  Dünyanın ən güclü orduları arasında yer alan Azərbaycanın Silahlı Qüvvələrinin əsgər və zabitləri  nəyə qadir olduqlarını qazandıqları zəfərləri ilə bəyan etdilər.
 Müharibələr tarixində  təkrarolunmaz hərbi taktika və strategiyası ilə  diqqət çəkən ordumuz təchizatı, nizam-intizamı, hərbi hazırlığı ilə  nümunə göstərildi. Bir çox ölkələrin hərbi ekspertlərinin də qeyd etdikləri kimi , ən müasir, beşinci nəsil  silahlarla təmin olunmuş  Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi rəşadət XXI əsrin döyüş təcrübəsidir. Prezident İlham Əliyevin  gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır fikri həyatda əksini tapdı. İndi Azərbaycan bayraqları təkcə Şuşada deyil, işğaldan azad olunmuş şəhərlərdə, kəndlərdə, yüksəkliklərdə dalğalanır. Bu zəfərin müəllif  Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimizdir. Torpaqlarımızı düşmən əsarətindən  öz gücü, bacarığı ilə azad edən  əsgərlərimiz düşməni diz çökməyə məcbur etdi, Ermənistan rüsvayçı təslimçilik aktını imzaladı.

 Bu uğurlar son illərdə ölkədə  ordu quruculuğu istiqamətində aparılan islahatların,  «Nəyi nə vaxt, necə edəcəyimizi bilirik» söyləyən Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik  qətiyyətinin məntiqi nəticəsi idi. Bu qələbə həm də  Azərbaycan –Türkiyə qardaşlığının sarsılmazlıq nümunəsi kimi tarixə yazıldı. 44 gün davam edən müharibədə xalqımıza mənəvi, siyasi dəstəyini əsirgəməyən Türkiyə əsrlərdən bəri qorunub saxlanılan qardaşlığa sadiq qaldı.

Bakının erməni işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda «Yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik. Yüz il bundan əvvəl Nuru Paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusu könüllülərlə birlikdə Bakını işğalçılardan azad etdi» söyləyən,  hər iki qardaş ölkə arasındakı hərbi əməkdaşlığı, keçirilən  birgə  hərbi təlimləri yüksək dəyərləndirən  Prezident İlham Əliyev fəxrlə qeyd etdi ki,  Türkiyə və Azərbaycan  əsgərlərinin  yan-yana dayanması birliyimizin, gücümüzün göstəricisidir.

  Hər iki qardaş ölkə hərbçiləri arasındakı  qarşılıqlı əməkdaşlıq  həmişə olduğu kimi bu gün də yüksək səviyyədədir.   Azərbaycan Ordusunun  NATO standartlarına uyğun hazırlanmasında da  bu qardaşlığın böyük rolu, dəstəyi olmuşdur.  Ənənəvi olaraq hər il  Azərbaycan –Türkiyə hərbi qüvvələrinin  birgə iştirakı ilə keçirilən «TurAZ Qartalı» kimi digər təlimlər nəticəsində   hərbi əməkdaşlıq daha da  möhkəmlənmişdir.

Paytaxtımızın Azadlıq meydanında  Qələbə münasibətilə keçirilən Zəfər paradında  Türkiyə-Azərbaycan birgə qardaşlığını «Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk» sözləri ilə ifadə edən Prezident İlham Əliyev  Qələbəmizə Azərbaycan xalqı qədər sevinən dost ölkə ilə illərdən bəri davam edən hərbi əməkdaşlığı yüksək qiymətləndirdi.

Ənənəvi olaraq keçirilən Türkiyə-Azərbaycan  hərbçilərinin  «Qış təlimi-2021» birgə təlimləri də  uğurla başa çatdı. Türkiyənin  Qars vilayətində  baş tutan təlimləri müşahidə edən Azərbaycanın müdafiə naziri Zakir Həsənov və  Türkiyənin milli müdafiə naziri Hulusi Akar   təlimləri iki qardaş ölkənin  yenilməz hərbi gücü kimi dəyərləndirdilər. Təlimlərə cəlb olunan şəxsi heyətin üzvləri döyüş tapşırıqlarını tam  hazırlıqla yerinə yetirərək ən çətin döyüşlərə hazır olduqlarını nümayiş etdirdilər. Bildirildi ki,  Türkiyənin və Azərbaycanın Silahlı Qüvvələrinin peşəkar şəxsi heyətləri bütün mövsümlərdə,  çətin dağ şəraitində, suda, quruda  verilən tapşırıqları yerinə yetirməyə qadirdirlər. O da vurğulandı ki,  iki qardaş ölkə  arasında  hərbi sahədə əməkdaşlıq çoxistiqamətli və davamlıdır. Azərbaycan Silahlı Qüvvələrinin  44 gündə  qazandığı hərbi uğurları, Ermənistanın işğal altında saxladığı torpaqların işğaldan azad olunmasını Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən islahatların, göstərilən qətiyyətin nəticəsi adlandıran Hulusi  Akar bildirdi ki,  əldə olunan zəfər Türkiyə üçün də qürurvericidir. Azərbaycanın Gürcüstan, Pakistanla davam edən hərbi əməkdaşlığı da regionda sülhün, sabitliyin təminatına önəmli töhfədir.     

Ötən ilin noyabr ayının 10-da  Rusiya, Azərbaycan prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən işğaldan azad olunmuş Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin  yaradılması da  iki qardaş dövlətin birlik və həmrəylinin, əbədi sarsılmaz dostluğunun nümunəsidir. Tarixə Vətən müharibəsi kimi düşən İkinci Qarabağ savaşının Azərbaycanın qələbəsi ilə sona çatmasında da Türkiyənin mənəvi dəstəyinin böyük rol oynadığını xüsusi vurğulayan Azərbaycanın  müdafiə naziri Zakir Həsənov Türkiyənin dövlət rəhbərliyinə və xalqına minnətdarlığını ifadə edib.

Müdafiə naziri ümidvar olduğunu bildirib ki, Azərbaycanın Ağdam rayonu ərazisində yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi səmərəli fəaliyyət göstərərək əldə olunan razılaşmaların icrasına nəzarət edəcək və regionda uzunmüddətli sülhün təmin edilməsinə töhfə verəcək. Tərəflər hərbi əməkdaşlığın hər iki ölkənin maraqlarına xidmət etdiyini əsas gətirərək bu istiqamətdə, xüsusilə hərbi-texniki əməkdaşlıq və birgə təlimlərin keçirilməsi sahəsində səylərin daha da artırılmasının zəruriliyini qeyd ediblər. Bildirilib ki, Azərbaycan ilə Türkiyə arasında keçirilən hərbi təlimlər hər iki dövlətin  hərbi qüdrətinin, şəxsi heyətin peşəkarlığının artırılması ilə yanaşı, bölgədə sülhün, təhlükəsizliyin və sabitliyin qorunub saxlanılmasına xidmət edir. 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub edən Azərbaycan əsgəri bu  amalla vuruşurdu ki,  işğala,  haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın. Azərbaycan öz gücü ilə buna nail oldu. Aldığı dərsdən nəticə çıxarmayan ermənilərin «gözlənilən müharibə»  ilə bağlı isterikalarına  cavab qüdrətli Azərbaycan Ordusunun gücü,  Prezident, Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu və bu sözləridir: « Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışırlar. Azərbaycanı növbəti  təxribatlarla, növbəti müharibə ilə  hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki,  biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki,  erməni faşizmi bir daha başını qaldırsın.»

Xuraman İsmayılqızı, «İki sahil»