17 fevral 2021 19:00
1424

Xocalı soyqırımının davamı: Gəncə, Bərdə, Tərtər…

44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmiz nəinki bölgəni, bütövlükdə dünyanı erməni faşizmindən xilas etdi 

Ermənistan zaman-zaman havadarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirib. Tarixi saxtalaşdırmaqla özlərinə saxta tarix yazan ermənilər dünyanı öz yalanlarına inandırmağa az da olsa müvəffəq olsalar da 44 günlük İkinci Qarabağ müharibəsi həqiqətlərin, münaqişənin əsl mahiyyətinin, ən əsası ermənilərin və onlara havadarlıq edənlərin bugünədək yeritdikləri siyasətin məqsəd və məramını, beynəlxalq hüququn maraqlarının arxasında əridiyini bir daha açıqladı. Dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu 44 gündə beynəlxalq təşkilatların, xüsusilə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrlərinin 30 ilə yaxın dövrdə edə bilmədiklərini etdi və BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi.  İşğalçı Ermənistan, həmçinin BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini zamana və məkana görə tətbiq edən dövlətlər dərk etdilər ki, beynəlxalq hüquq mövcuddur. Onun icrası üçün vahid mexanizm müəyyənləşdirilməlidir. Belə ikili yanaşmalar dünyanın özünün hüquq problemini yaşamasını qabardır, aparıcı dövlətlər, nüfuzlu beynəlxalq təşkilatlar özlərinə inamsızlıq yaradırlar. Necə ki, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi daim rəsmi Bakı tərəfindən bəyan edilirdi və tərkibinin dəyişdirilməsi məsələsi gündəmə gətirilirdi. Qurumun həmsədr dövlətlərindən olan Fransa istər 30 ilə yaxın dövrdə münaqişənin nizamlanması prosesində, istərsə də 44 günlük İkinci Qarabağ müharibəsində və  10 noyabr üçtərəfli razılaşmasının əldə edilməsindən sonra ermənipərəst mövqeyini qabarıq şəkildə ortaya qoyub. Hətta Fransa senatı qondarma «Dağlıq Qarabağ  respublikası»nın müstəqilliyinin tanınması ilə bağlı qətnamə qəbul etdi. Təbii ki, bu kimi sənədlər Azərbaycanın reallıqları, tarixi faktlar qarşısında sadəcə bir kağız parçasıdır, amma  dünyanın aparıcı dövlətlərindən birinin nümayiş etdirdiyi bu kimi mövqe sadəcə ikrah doğurur. Məhz bu kimi reallıqların fonunda dövlətimizin başçısı İlham Əliyev daim bildirir ki, beynəlxalq münasibətlərdə güc və beynəlxalq hüquq mühüm rol oynayır.

Birinci Qarabağ müharibəsi ilə İkinci Qarabağ müharibəsi dövrünün reallıqlarını, Azərbaycanın malik olduğu imkanları, qazandığı uğurları  müqayisə etdikdə bunu aydın şəkildə görürük. Dövlətimizin başçısı İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə xarici KİV-lərə 30-a yaxın müsahibəsinin hər birində tez-tez işğalçı Ermənistana və ona havadarlıq edənlərə bəzi mesajlarını çatdırırdı.  «Təbii ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir» söyləyən cənab İlham Əliyev bildirmişdir ki, bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir.

Azərbaycan 30 ilə yaxın müddətdə ərazi bütövlüyünü təmin etmək istiqamətində bütün səylərini birləşdirdi. Səfərbər etdi. Siyasi, iqtisadi, diplomatik, hərbi sahədə qazanılan uğurların miqyası genişləndi. Ordumuz yenidən quruldu. Azərbaycan Ordusu reytinq cədvəlində dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşdı. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, şücaət dünyanın diqqətindən kənarda qalmadı, bəzi  inkişaf etmiş ölkələrin hərbi mütəxəssisləri  artıq ölkəmizin təcrübəsini  öyrənirlər. Ölkə Prezidenti daim bu fikri bildirir ki,  bu təcrübə kitablarda da, tədqiqatlarda da əksini tapacaq.

Dövlətimizin başçısı İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində « Azərbaycan çox güclü bir ordu yaratdı. Birinci Qarabağ müharibəsində hava qüvvələri belə yox idi, ancaq indi artıq güclü bir hava qüvvələri, güclü bir ordu var. Təbii ki, “TB2” silahlı pilotsuz uçuş aparatları da bölgədə böyük bir güc oldu. Türkiyədən satın aldınız və hazırda istifadə edirsiniz. Silahlı pilotsuz uçuş aparatları müharibənin gedişini necə dəyişdirdi» sualını cavablandırarkən bildirmişdir ki, çox dəyişdirdi.  Ermənistan 30 il ərzində işğal edilmiş o bölgələrdə bütün təmas xətti boyunca çox güclü istehkam qurmuşdu.  Bəzi yerlərdə onların dörd müdafiə xətti var. Böyük xəndəklər qazıldı, digər mühəndislik işləri görüldü. Çox böyük beton plitələri, sığınacaqlar, bunkerlər vardır: «Bir də bölgənin relyefi elədir ki, o, təbii istehkamdır. Çünki o dağlıq ərazidir və biz aşağıdan yuxarı gedirik. Hər bir ordu üçün bu, böyük çətinlikdir. Çətin bir iş və çox riskli bir işdir. Ona görə bizim bu istiqamətdə gördüyümüz işlər, əlbəttə ki, böyük qəhrəmanlıq tələb edirdi və biz düşmənin texnikasını dəqiq məhv etmək üçün mütləq pilotsuz uçuş aparatlarına möhtac idik. Çox şadıq ki, qardaş Türkiyənin inkişaf etmiş hərbi sənaye kompleksi bu gözəl SİHA-ları və İHA-ları istehsal etməyə başlamışdır. Azərbaycan Türkiyənin xaricində ilk ölkələrdəndir ki, bu SİHA-ları ala bildi. Mən artıq bunu söyləmişəm, yalnız Türkiyə istehsalı olan SİHA-larla bir milyard dollar dəyərində olan erməni hərbi texnikası məhv edildi. Qalan bir milyardı da bizim hərbi vasitələrlə məhv edildi. Yəni, bu, müharibənin gedişatını çox dəyişdirdi.»

Bu fikirləri  dövlətimizin başçısı İlham Əliyev hələ müharibənin getdiyi dövrlərdə söyləmişdir.  Artıq bu fikirlər müharibənin Qələbə ilə başa çatacağından soraq verirdi. Azərbaycanın bu illər ərzində bütün sahələrdə qazandığı uğurlar, təcrübə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi, Vətən, torpaq sevgisi, birliyimiz, həmrəyliyimiz, ordumuzun döyüş ruhu Zəfərimizi təmin etdi. Təbii ki, müasir texnologiyaların tətbiqi də mühüm rol oynadı. Azərbaycanın beynəlxalq səviyyədə qadağan edilmiş silahlardan istifadəsi məsələsini gündəmə gətirən və bundan ölkəmizə qarşı məqsədli şəkildə istifadə etməyə çalışan dairələrə dövlətimizin başçısı bu cavabı da müasir texnologiyaların inkişaf etdiyi müasir dövrdə belə  ittihamların əsassızlığına işarə idi. Cənab İlham Əliyev bildirirdi ki, yeni texnologiyaların inkişafı və tətbiqi şəraitində bu raketlərin hansı tərəfdən buraxıldığını müəyyənləşdirmək  çətin deyil.

İkinci Qarabağ müharibəsində diqqət çəkən məqamlardan biri erməni vəhşilikləri idi. Döyüş meydanında  məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri iki dəfə Gəncəni, bir dəfə Bərdəni, Tərtəri və digər yaşayış məntəqələrimizi paket atəşinə tutdu, onlarla insanın ölümünə, yüzlərlə insanın yaralanmasına və nə qədər böyük dağıntılara səbəb oldular. Gəncədə, Bərdədə törədilən terror aktları Xocalı soyqırımının davamı kimi dəyərləndirildi. İşğalçı dövlət cinayət əməlləri ilə beynəlxalq hüququn fundamental prinsiplərinə, həmçinin beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarına məhəl qoymadığını açıq-aşkar nümayiş etdirdi. Dövlətimizin başçısı İlham Əliyev törədilən bu  cinayətləri erməni faşizminin növbəti təzahürü kimi qeyd edərək bildirmişdir ki,  Ermənistanın bu alçaq əməlləri Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva  dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırmışdır.

Bunlar 44 günlük İkinci Qarabağ müharibəsinin reallıqları idi. Zəfərimiz şəhidlərimizin, baş verən terror aktları zamanı həlak olanların qanını yerdə qoymadı. Bu fikir daim şəhid analarının, atalarının, doğmalarının dilindən səslənir ki, təsəllimiz Azərbaycanın ərazi bütövlüyünün bərpası, işğal altında  olan bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmasıdır.

Artıq tariximizə XX əsrin ən dəhşətli faciəsi kimi yazılan Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsindəyik. Xocalı faciəsi  Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə olunur.  Ermənilər və onlara havadarlıq edən dövlətlər Xocalı faciəsini törətməklə  xalqımızın mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin mənfur  düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi. Faciənin ildönümlərində paytaxtın Azadlıq meydanından Xocalı abidəsinə doğru  on  minlərlə insanın iştirakı ilə keçirilən  Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyıb. Əvvəldə də qeyd etdiyimiz kimi, bircə gecədə yerlə-yeksan edilmiş bu Azərbaycan şəhərinin adı indi Xatın, Liditse və Sonqmi ilə qoşa çəkilir.  Xocalı şəhərində ermənilərin törətdikləri dəhşətli hadisələr xalqımızın tarixinə qanlı hərflərlə yazılıb. O gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın bu qədim şəhəri üzərinə hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutublar. Xocalı soyqırımının  statistikasına diqqət yetirək: Hücum zamanı şəhərdə olmuş 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyildir. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.

Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan edilib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da gücləndirib. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən ümumxalq yürüşündə iştirak edən Prezident İlham Əliyev “Rossiya-24” telekanalının müxbirinə müsahibəsində bildirmişdir ki, bu, xalqımızın sağalmaz dərdidir, xalqımıza qarşı törədilən soyqırımıdır, ötən əsrin ən böyük cinayətidir. Yalnız Azərbaycan millətinə mənsub olduqlarına görə günahsız insanlar - qocalar, qadınlar və uşaqlar həlak olmuş, zərər çəkmişlər. Azərbaycan xalqı heç vaxt bu faciəni unutmayacaq, həmişə xatırlayacaq. Bu, bizim yaddaşımızda həmişəlik qalacaq. Əsas odur ki, belə faciələr daha heç vaxt təkrar olunmasın. Daha heç vaxt heç bir xalqa qarşı belə dəhşətli soyqırımı hadisəsi, milli əlamətə görə qırğın törədilməsin: «Azərbaycan dövləti, xalqı həlak olanların xatirəsini əziz tutur, yad edir və onların xatirəsi bizim üçün müqəddəsdir. Həmin faciəli gecədə xilas olanlar həmişə bizim üçün fiziki zədələr, mənəvi yaralar alan, həmin qətliamı yaşayan insanlar kimi qalacaqlar. Biz bu adamların aqibətini yüngülləşdirmək üçün əlimizdən gələni edirik, dövlət onlara kömək edir və edəcək. Bir daha demək istəyirəm, biz hamımız çalışmalıyıq ki, belə faciələr bəşəriyyət tarixində bir daha olmasın.»

44 gün həqiqət anı kimi bütün qaranlıq məqamlara işıq saldı. Artıq Dağlıq Qarabağ münaqişəsi arxada qalıb, əzəli Azərbaycan torpaqları hazırda quruculuq və bərpa dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərimizi ziyarət edən, erməni silahlı qüvvələrinin törətdikləri cinayətlərdən dəhşətə gələn beynəlxalq təşkilatların nümayəndələri və digər xarici qonaqlar bir daha Qarabağ torpaqlarında heç yerdə görmədikləri faciənin, vandalizmin şahidi olduqlarını etiraf edirlər. Azərbaycan tarixi Qələbəsi ilə nəinki bölgəni, bütövlükdə dünyanı erməni faşizmindən xilas etdi. Dövlətimizin başçısı bildirir ki,  vəzifəmiz ondan ibarətdir ki, erməni faşizmi bir daha bu bölgədə baş qaldırmasın: «Əgər kimsə Ermənistana ikinci dövlət yaratmaq üçün ərazi vermək istəyirsə versinlər, orada ikinci erməni dövləti yaratsınlar, öz ərazisinin bir hissəsini onlara versinlər.» Artıq “Dağlıq Qarabağ münaqişəsi” termininin arxada qaldığını bildirən ölkə Prezidenti qeyd edib ki,  bu termindən yalnız tarix haqqında danışanda istifadə etmək olar.

Yeganə Əliyeva, «İki sahil»