Son vaxtlar ölkədə müxtəlif məhsullar üzrə qiymət artımı müzakirə mövzusuna çevilib ki, artıq kartof da bu sıraya əlavə olunub. Məsələ burasındadır ki, mövsümi amillərdən irəli gələrək qışda onsuzda qiyməti artan “ikinci çörək”in hansı səbəbdən bir az da bahalaşması hər kəs maraqlıdır.
Əvvəlcə ondan başlayaq ki, kartofun qiymətində artım yeni xəbər deyil. Dövlət Statistika Komitəsinin məlumatına görə, kartof 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar aylarında qiyməti artan məhsulların sırasında olub.
Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı məhsullarının qiymət məlumat bazasına görə, hazırda paytaxtda yerləşən və daha çox əhalinin üz tutduğu “8-ci kilometr” bazarında kartofun bir kiloqramının orta pərakəndə satış qiyməti növündən asılı olaraq 50-95 qəpik arasındadır. Paytaxtın bazarlarında və supermarket şəbəkələrində isə qiymət yerli və xarici olmasından asılı olaraq 1,7 manata qədər yüksəlib.
Bu məhsul üzrə ölkədə özünütəminetmə səviyyəsi 2019-cu il (ən son məlumatdır) üzrə 76,1 faiz olub. Lakib kartofa tələbatın bir hissəsi idxal hesabına ödənilsə də, ölkədən ixracı da həyata keçirilir.
Rəsmi statistikaya görə, 2020-ci ildə ölkədə 1 milyon 37 min 637 ton kartof istehsal olunub ki, bu da 2019-cu illə müqayisədə 3,33 faiz çoxdur. Həmçinin məhsuldarlıq hər hektarda 172 sentner olmaqla 3 faiz artıb. İdxala gəlincə, ötən il Azərbaycana ümumi dəyəri 49 milyon 517,4 min ABŞ dollar dəyərində 182 min 700 ton kartof idxal olunub. Bununla da 2019-cu il ilə müqayisədə idxalın dəyəri 4,4 faiz, həcmi isə 5,4 faiz azalıb. İxracda isə əksinə, 2019-cu ilin göstəricisi ilə müqayisədə dəyər baxımından 25,8 faiz, həcm baxımından isə 31,7 faiz artım olub.
Ötən il ölkədən ixrac olunan kartofun hər kiloqramı 70 qəpik olmaqla 2019-cu illə müqayisədə 5,7 faiz ucuzlaşıb. İdxal olunan kartof isə 46 qəpiyə olmaqla qiyməti 0,9 faiz artıb.
Nəticə etibarilə ölkədə kartof istehsalında ciddi artım olmasa da, ixracda artım əhəmiyyətli dərəcədə olub. Lakin ixrac olunan kartof yerli istehsalın 8 faizindən də az olduğundan bunun yerli bazarda qıtlıq yaradaraq qiymətə təsir etmə imkanı elə də böyük görünmür.
Həmçinin kartof idxalının həcmi ixracından 2,2 dəfədən çox olsa da, ötən isə bu nisbət 3,1 dəfə idi. Belə görünür ki, bu amil yerli bazarda qiymətə təsir edib. Söhbət ondan gedir ki, bir qayda olaraq idxal olunan kartofun ixrac olunanla müqayisədə xeyli ucuz olduğundan idxal olunan məhsul yerli bazarda qiymətin aşağı olmasına şərait yaradır. Lakin ötən il yerli istehsalda ciddi artımın olmaması fonunda, idxalın, eyni zamanda, idxalla ixrac arasında fərqin azalması kartofun qiymətinə öz təsirini göstərməyə bilməz.
Ceyhun Piriyev, "İki sahil"